Загрузка...

1 yaşına çatmayan şəhid balası və Rusiyanın oyunu

Azərbaycanın “Sülh Platforması”na Ermənistan bu dəfə top atəşləri ilə “cavab” verdi. Əslində düşmənin təxribatları gözlənilən idi. Hələ aylar öncə yazırdıq ki, Serj Sərksiyanın hakimiyyətini aprel seçkisindən ancaq “Qarabağ kartı” xilas edə bilər. Təxminlərimiz özünü doğrultdu…

Sərkisyan hər dəfə dara düşəndə cəbhədə vəziyyəti gərginləşdirir. Erməni prezident üçün çox çətin situasiya yetişib. Adı Xocalı soyqırımını törədən 297 qatilin siyahısındadır, sabah kürsüdən salınanda toxunulmazlıq hüququndan məhrum olacaq və günün birində blogger Lapşin kimi əliqandallı Kürdəxanı təcridxanaya salına bilər. Ancaq Ermənistan prezidentinin qorxusu təkcə Azərbaycandan deyil.

25 fevral diversiya-təxribatı həm də Ermənistan gündəmini büsbütün dəyişmək niyyətilə törədilib. Sərkisyan bununla erməni xalqına mesaj vermək istəyir ki, onun hakimiyyətdən getməsi Ermənistanın, üstəlik də Dağlıq Qarabağ ermənilərinin sonunu gətirər. Budur, erməni təbliğatı Qarabağ cəbhəsində baş verən son döyüşlərə köklənib. Cani prezident müxaliflərin diqqətini 2008-ci ilin 1 mart hadisələrindən yayındırmağı da bacarıb.

Sərkisyan ötən həftələrdə Qarabağ müharibəsində cinayətlər törətmiş “Yerkrapa”çılarla bir sırada dayanıb xalqına “ağıllı olun” mesajını verdi. O biri tərəfdən də müxalifləri zərərsizləşdirir. Keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğlunu dama basdırdı, hətta Xocalı soyqırımında cinayət ortağı olan Seyran Ohanyana “torba” tikilməsi tapşırığını verib. Vəziyyəti çox pisdir, həm Ermənistanda, həm də Azərbaycanda onu ağır cəza gözləyir. Sərkisyanı xilas edəcək tək ünvan isə Qarabağ cəbhəsində axan qandır. İtirilmiş Lələtəpənin əvəzində Nərgiztəpə qələbəsini bayram etmək istəyir İrəvan hakimiyyəti. Son itkilər də bu istəyin nəticəsidir…

Erməni mətbuatı son günlər Azərbaycan ordusunun guya Talış kəndindəki mülki əhalini atəşə tutduğu barədə iddiaları tirajlayırdı. Bundan əvvəl ABŞ-dakı erməni lobbisi Tramp administrasiyasına yalvar-yaxar eləmişdi ki, Vaşinqton Bakıya “Dəmir günbəz” satmaması üçün İsrail hökumətinə təzyiq göstərsin.

Bütün bunlar isə Ermənistanın növbəti təxribatının anonsu idi. Təcrübə göstərir ki, işğalçı ölkə yeni hücum planı hazırlayarkən əvvəlcə Azərbaycanı informasiya məkanında “zərərsizləşdirməyə” çalışır. Bu dəfə də eyni cəhd olduE
Budur, Azərbaycana qarşı növbəti alçaq hərəkət olub, ancaq Ermənistanın himayəçisi Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, 2017-ci ildə Beynəlxalq Ordu Oyunlarının bəzi yarışları Azərbaycanda keçiriləcək. Əslində Şoyqu Ermənistandan alçaqlıqlarına son qoyulmasını tələb etməliydi. Azərbaycanı bu boyda faciəli oyuna salanlar ölkəmizdə “ordu oyunu” keçirməkdən danışır.

Qarabağdan iki gündür qorxulu xəbərlər gəlir, amma nə həmsədrlər, nə həmsədrlik edən dövlətlərdən, nə də Qarabağ “canişini” Anjey Kasprşikdən reaksiya yoxdur. Ermənistan ordusunun rəhbərliyi “biz gecəgörmə cihazlarına minnətdarıq” deyirlər. Yayda təzyiq etdilər ki, təmas xəttində ATƏT-in yeni müşahidəçiləri yerləşdirilsin, Bakı razılaşmadı. Əvəzində Amerika erməni ordusuna bu cihazları yolladı ki, Azərbaycan əsgərini öz torpağında rahat hədəfə alsın. Biz düşmənlə belə vəziyyətdə döyüşürük.

Situasiyanı bir az dərindən təhlil etmək lazımdır. Azərbaycan ərazilərini itirsə də, itkilərin qarşısını almaq üçün sülh mövqeyindən çıxış etdi, ancaq həmsədrlərdən dəstək gəlmədi. Çünki onlara Qafqazlara sülhün gəlməsi lazım deyil, Qarabağ onlar üçün müharibə vəziyyəti ilə “doğmadır”. Budur, Sərksiyan Qarabağda növbəti qanları axıtmaqla “Sülh Platforması” təşəbbüslərinə də zərbə vurdu. Ona da sülh lazım deyil, çünki qatildir, canidir, barış adamı deyil.

Əslində 25-i gecəsi güllələr təkcə Azərbaycan əsgərinə deyil, həm də “Sülh Platforması” təşəbbüslərinə atıldı. Nə vaxtdır Azərbaycan uğurlu bir proses aparırdı, düşmən ölkə sükutdaydı, prosesə qoşulanların ağzını yumurdular. Ancaq yeni qan lazım idi ki, Sərksiyan “baxın, sizə demişdim Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşaya bilməz” desin.

İndi Azərbaycanın tam ixtiyarı var ki, düşmənə ən ağır zərbələr endirsin, bütün cəbhəboyu. Belə getsə, Naxçıvanln 45 km-liyindəki Sərkisyanın iqamətgahını yerlə bir etmək lazım gələcək. Susan dünya seçimini etdi, ədalətli sülhü dəstəkləmədi. Demək, bir yol qaldı. Şəhid olan mayorumuzun tək övladı hələ bir yaşına çatmamışdı…