O gündən 25 il keçib, amma o günün faciəsi, dəhşətləri unudulmayıb. 100 il keçəcək, yenə Xocalı qətliamı unudulmayacaq. Bu 25 ildə müxtəlif faciələrdə minlərlə vətəndaşımızı itirmişik. Hər il yol qəzalarında 1000-dən çox vətəndaşımız həlak olur. Dəhşətli statistikadır. Ancaq millət müxtəlif qəzalarada ölən vətəndaşlarımızın faciəsini yalnız bir neçə gün müzakirə edir, ürəyinə salır, üstündən 40 gün, 1 il keçir, həmin faciə yalnız itkiyə birbaşa məruz qalan ailələrin yaddaşında qalır, başqaları onu unudur.
Xocalı qətliamı isə unudulan faciələrdən deyil. O da, 20 Yanvar faciəsi də birbaşa xalqın yaddaşına yazılıb.
Bəzən elə adamlar tapılır ki, onlar 20 Yanvarın və ya 26 Fevralın hansı hadisə ilə əlamətdar olduğunu bilmirlər. Belə adamlar keçmişdə də olub, indi də var, gələcəkdə də olacaq. Onlar azdırlar, barmaqla sayılacaq qədərdirlər. Əksəriyyət o günlərin mahiyyətini də bilir, əhəmiyyətini də.
Məşhur ifadə ilə desək, milli faciələrimizin gününü bilməyənlər, o günlərə ehtiram göstərməyənlər bizdən deyil.
Xocalı qətliamı bütün xalqımızın, ayrı-ayrlıqda hər birimizin faciəsidir. O qətliamda hər birimiz qurban gedə bilərdik. Həmin o dəhşətli hadisələr hər birimizin ailə üzvlərinin başına gələ bilərdi.
Çünki orada öldürülənlərin, yaralananların, əsir götürülənlərin yeganə günahı Azərbaycan türkü olmalarıydı. Erməni və rus silahlılarının törətdiyi qətliam şəxsi, məhəlli, hətta hərbi xarakter daşımırdı. Hərbdə mülki insanlara güllə atmaq qaydası, söhbəti yoxdur. Atanlar avtomatik olaraq hərbi cani olur.
26 fevral gecəsi qatillərin başlıca məqsədi 1988-ci ilin fevralın 28-də Sumqaytıda baş vermiş və bir qrup erməni milləindən olan şəxslərin ölümü ilə nəticələnmiş məşum hadisənin qisasını almaq olub.
Sonradan Sumqayıt hadisələrinin əsas fitnəkarının məhz erməni Qriqoryan olduğu sənədlərlə sübuta yetirilsə də, ölənlərdən ən azı 5-ni bu adamın şəxsən öldürdüyü aydınlaşsa da, Sumqayıt faciəsinə görə məsuliyyət Azərbaycanın üstündə qaldı.
Xocalı faciəsi məhz həmin hadisənin 4-cü ildönümündə həyata keçirildi və faciənin, vəhşətin,dəhşətin miqyası on qat böyük oldu.
İndi ermənilər 25 ildir Xocalı faciəsinin məsuliyyətindən yayınmağa çalışırlar. Bəzən onlar hansısa fitnəkar, xəyanətkar azərbaycanlılar tapır, onları yazıları, ifadələri əsasında “bu faciəyə görə günahın heç də onlarda olmadığı”nı isbat etməyə çalışırlar. Ancaq xeyri yoxdur. Hansısa konkret şəxslərə, siyasi təşkilata nifrəti, qərəzi olan adamların verdikləri saxta ifadələr tarixi həqiqətin üstünə pərdə çəkə bilməz.
Xocalı qətliamını törədənlər, bu hərbi cinayəti planlaşdıranlar və həyata keçirənlərin çoxu sağdır və yeri gələndə öz “rəşadətli döyüş yolları” barədə dastan bağlayır, öyünürlər.
Biz zəif olduq, başısoyuqluq etdik, bir az da beynəlxalq birliklər səsimizə səs vermədilər, o hərbi caniləri Haaqa tribunalında mühakimə etdirə bilmədik. Bosniyada qətliama məruz qalan boşnaklara görə Haaqa tribunalı serb generalları, aşağı rütbəli zabitləri, hətta Serbiyanın sabiq prezidenti Slabodan Miloşeviçi mühakimə etdi, amma biz yüzlərlə dinc,silahsız insanı güllələyib öldürən erməni cəlladlarının birini də müttəhimlər kürsüsündə oturtmağı bacarmadıq.
Heç olmasa, yəhudilər kimi də edə, o cəlladları orda-burda ovlatdıra da bilmədik. Yeni yaranmış İsrail dövləti alman nasistlərinin rəhbərlərindən və yəhudi qırğınının müəlliflərindən biri olan Adolf Eyxmanı Argentinadan paketləyib gətirə bildi, amma biz burdan-bura Rusiyada, Gürcüstanda, başqa yaxın ölkələrdə yaşayan Xocalı cəlladlarının ikisini belə sovqatlıq beçə kimi cələkləyib gətirə bilmədik. Bu işlə məşğul olan xüsusi və rəsmi qruplar olmalıydı, olmadı.
Ancaq bu iş belə getməyəcək. Bu qətliam, bu faciə unudulmadığı kimi, cəzasız da qalmayacaq. Üstündən daha uzun illər keçsə də, o məsum insanların qanının bədəli ödənəcək. Uzun illərdən sonra Xocalı qətliamı haqqında kitablardan oxuyan ermənilər üzləşdikləri problemlərin qarşısında qalanda öz əcdadlarına lənət oxuyacaqlar, onların nə qədər amansızlıq, vəhşilik etdiyini etiraf etməli olacaqlar.
Nə qədər ki, gec deyil, Azərbaycanın hüquq-mühafizə orqanları Xocalı cəlladlarının siyahısını tərtib edərək, onların ovunu təşkil etməlidirlər. Bu, çox da çətin iş deyil. Lazım gələndə MİS rəisinə şillə vurub Xabarovska qaçmış adamı tapıb, tutub gətirirlər.