Azərbaycanda qadın ərini yataqda bacısıyla tutdu (VİDEO)

Qadın sığınacağında yaşayan 37 yaşlı Gülay başına gələnləri apa tv-yə danışıb.

BAKU.WS qadının müsahibəsini sizə təqdim edir.

37 yaşlı Gülayın ünvanı qadın sığınacağıdır. Özünə bir küncdə yer tapıb yaşamağa çalışır.

Deyir dünyaya gəlməyi də çətin olub: “Deyiblər ya anası, ya uşaq. Bəlkə də elə o vaxtdan doğulmasaydım daha yaxşı olardı”. Amma təsadüfdənmi, ya alın yazısındamı anası da, özü də sağ qalıb. 1979-cu il noyabrın 21-də dünyaya göz açıb Gülay. Valideynlərinin ilk ovladı olub. Normal ailə, ata-ana yanında böyüyüb. Ondan sonra ailədə daha bir qız və bir oğlan doğulub. Özünü dərk edəndən ən böyük arzusu ali məktəbdə oxumaq olub. O da hamı kimi məktəbə gedib. Riyaziyyat üzrə olimpiadada, atıcılıq üzrə yarışlarda birinci yerə çıxıb. Gülay oxumağı o qədər sevirmiş ki, qışda ayaqqabısı ayağını yara edəndə dərsdən qalmasın deyə, qarda yay ayaqqabısı ilə məktəbə gedirmiş: “Əvvəllər ailəmdən narazı deyildim. Oxumaq üçün hər şeyimi verdim, amma faydası olmadı. Bəzən hətta suallar verirdilər – atanı çox istəyirsən, ya ananı, cavab verirdim heç kəsi. Çünki həqiqətən də mənim heç kəsə istəyim olmayıb. Mən ancaq kitablarımı sevmişəm”.

Təhsil almaq arzusu 100 dolların qurbanı olub

Təhsil almaq arzusu gerçəkləşməyib Gülayın. Atası əvvəl böyük kolbasa zavodlarından birinin müdiri, sonra restoran sahibi olub. Buna baxmayaraq o, qızın ali təhsil almaqda dəstək olmayıb: “Oxumaq arzum 100 dolların qurbanı olub. Mən ilk nəvə idim ailədə. Bizlərdə ilk nəvəyə hər ad günümdə qızıl beşlik gətirirdilər. Adıma 10-15 qızıl beşlik yığılmışdı. Anama dedim ki, onun ikisini ver mənə, təhsil almaq istəyirəm. Anam dedi ki, atandan icazəsiz verə bilmərəm. Bizim evdə o zamanlar heç nəyin sayı-hesabı yox idi. O qızıldan ikisi mənə verilsəydi də, hiss olunmayacaqdı. Amma anam vermədi. Səhərisi atam maşını ilə qəza törətdi, maşınının mühərriki dağılmışdı. Anam boynundakı qızıl boyunbağını çıxardıb verdi. Bir dəmir parçasına qızıl verildi, amma mənim təhsilimə yox”.

Bu hal həyatında ən böyük zərbə olub, deyir Gülay. Elə bundan sonra da onun faciəli ailə həyatı başlayıb. Onu oxumağa qoymadıqları üçün acığa düşür və sevmədiyi biri ilə ailə qurur. Özü dediyi kimi kasıb, heç nəyi olmayan bir oğlanla izdivaca razı olur: “Mən o adama dedim ki, götür qaç məni. Mən heç ağ gəlinlik belə geyinmədim, ağ gəlinlik ayaqqabım belə olmadı, bəzənmədim. Sadəcə getdim. Düşündüm ki, bəlkə ər evində oxuya bilərəm…”

Gülay, toyun səhəri günü gəlin çökdüyü evdən qaçmaq istədiyini deyir: “Toyun səhəri günü səhv elədiyimi anladım. Yenə də şükür edirəm, çünki xasiyyətimi bilirəm. Ən böyük səhvim oxumaq uğrunda mübarizə aparmamaq olub. Bir də həyatda həmişə yalansız, xəyanət olmayan dünya axtarıram. O dünyanı kitablarda axtarmışam. Düzdür, hələ tapmamışam, amma yəqin məndən sonrakılar tapar”.

Ailə qurduqdan bir il sonra qızı olur. Bütün arzu və istəklərini bu qızına bağlayır. Özünün çatmadığı arzulara qızının çatmasını əl açıb Allahdan istəyir. Həyat yoldaşının xəyanətlərinə dözərək, qızını böyütməyə başlayır.

“Bəzən qadınlar kişilərin xəyanətindən danışırlar. Onsuz da bu xəyanət həmişə olub və olacaq. Amma kişi xəyanəti edib evində bildirməyəndir”.

“Bacım dedi: “Sənin artığına qalmamışam”

Gülay ikinci dəfə ana olur, oğlu dünyaya gəlir. 16 illik ailə həyatının sona çatmasına Gülayın bacısı ilə həyat yoldaşı arasındakı münasibət səbəb olur. Gülay 9 yaşlı qızı ilə rayondan qayıdıb doğma bacısını həyat yoldaşı ilə birgə yataqda görür. Gülayın dünyası həmin andan yıxılır. Qızı da çox pis olur bu hadisəyə.

“Bacımla ərimə dedim ki, əgər bir-birinizi istəyirsinizsə, mən çıxım gedim. Bacım mənə – “sənin artığına qalmamışam” – dedi. Onun bu sözü mənə ərimin xəyanətindən daha pis təsir etdi”.

Gülay 9 yaşlı körpəsinin təkidi ilə 16 illik ailə həyatına son qoymağa qərar verir. Boşandıqdan sonra qızını özü ilə götürüb kirayə ev axtarışına çıxır. Maddi çətinlik ucbatından oğlu atasının yanında qalır. Həmin vaxtdan Gülayın qızının ürəyi xəstəliyə tutulur. Gülay deyir ki, hazırda 19 yaşı olan qızının ürəyi paroqdur.

“Artıq itirəcəyim heç nə yoxdur”

Hər kəs ondan üz döndərib, həyat kimi. Boşanan Gülay qızı ilə birgə özünə yeni həyat qurmağa başlayır. Tovuza gedir və 72 yaşlı bir kişinin evində işləməyə başlayır. Bir müddətdən sonra ev yiyəsindən xoşagəlməz təklif alır və qızını götürüb ordan gedir. Kirayə ev tutur, işləyib pul qazanır, qızına baxır. Boşanandan sonra heç kim ondan niyə bu addımı atdığını soruşmayıb deyir Gülay. Hər kəs üz döndərir ondan. Gülay anasını itirir. 4 il sonra atası yenidən evlənir, bütün var-dövlətini də ikinci arvadın adına keçirir. Atası qızının boşanmasının əsl səbəbini bütün bunlardan sonra bilir və 6 ay sonra ürək tutmasından ölür. Gülay onun ən böyük arzusunu ürəyində qoyan atasını da itirir. “Qardaşım da öz işindədir. Qohum-əqrabalarım da öz işində. Hər kəs yaxşıdır. Amma hamısı məndən üz döndərib. Günahım odur ki, həyatımda ilk dəfə sevmək istədim. Bəlkə bəlkə nəvaziş göstərən olar, bəlkə həqiqətən də sevən olar”.

Gülayın 19 yaşlı qızı universitet tələbəsidir. O da anasından imtina edib. Gülay bunun səbəbini imkansızlığında görür. 9-cu sinif şagirdi olan oğlu isə anasına hər zəngində gələcəkdə ona kömək edəcəyini deyir: “Həqiqətən indi zəmanə elədir ki, valideyn belə imkanlı övladını seçir. İmkanın varsa, həyat sənindir. Əvvəllər əgər adamı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar, indi adamı geyimə görə qarşılayıb, elə geyimə görə də yola salırlar. Qızımın elə bir yaşı idi ki, artıq istəkləri çoxalırdı. Mən həmin müddətdə uşağa baxıcılıq edirdim, ev təmizləyirdim. Elə oldu ki, kirayə pulunu belə verə bilmədim və orda qalmağa başladıq. İmkanım çox olsa, yenə də qohumlarım da çox olacaq, tanışlarım da”.

Gülayın artıq itirəcəyi heç nə yoxdur: “Övladlarım öz yollarını seçdilər. İstəyirəm həyatımda bir gün halal pulum olsun, qızıma istədiyi nəyisə alım və deyim ki, hər şey pul demək deyil. Qızım pul lazım olanda yazır. Mən istəsəm onun qarşısına universitetdə çıxa bilərəm. Amma onun özünə görə edə bilmirəm”.

Gülay öz ayaqları üzərində durmaq istəyir: “Düşmənlərimi sevindirmək istəmirəm. İstəyirəm hər qadın güclü, dözümlü olsun. Bu yaşımda mən küçələrdə qalmışam. Heç nə yox, qızım bir dəfə “ana” desəydi, heç “ana” deməsin, yəqin yaxşı ana deyiləm, desəydi “Gülay hər şey yaşı olacaq”, bəlkə də mən çoxdan ayaqda idim”.

Özünə qəsd edən qadın…

Gülayın əli heç nəyə çatmır. Bircə özündən başqa. Dəfələrlə özünə qəsd edib, amma deyir, o dünya belə onu qəbul etmək istəmir, hələ də nəfəs salır, ürəyi döyünür. Nə üçün özü də bilmir: “qızım məndən pul istədi. Mənə dedi ki, sürünməkdənsə, get öl. Mən də götürdüm damarlarımı doğradım, dərman içdim, ölmədim. Demək ki, hələ zamanı deyil.

O dünyada haqq-ədalət var. Amma bu dünyada insanı elə özününkülər yandırıb kül edir. Hərdən ürəyim elə göynəyir, götürüb nəyisə basıram əlimə ki, qoy bu göynərti o göynərtini unutdursun, amma olmur. Əlimi də yandırmışam, amma heç nə ürəyimi sakitləşdirmir. Artıq həyatda heç kimdən heç nə gözləmirəm”…

Gülay ürəyindəkiləri və hiss etdiklərini kağıza köçürür. Yaşadıqlarından ssenari hazırlayıb. O ssenari əsasında film çəkilməsini arzulayır: “İstərdim həyatımdan bir film çəkim. Filmin sonunu belə bitirərdim. Yeməklər bişirərdim, bir süfrə açardım. Qızım, oğlum və mən bərabər oturardıq. Elə orda da nəfəsim kəsilərdi. Özüm öz ayağımın üzərində durmasam mən mənliyimi itirmiş olacağam. Mən heç kimdən heç nə istəmirəm. Qadın həyatda üç kişiyə güvənir deyirlər: ataya, qardaşa və yoldaşa. Üçü də mənim əlimi buraxdı. Əgər atam əlimi buraxdısa, mən başqalarından nə gözləyim?”

Gerçəkləşməyən arzularının nisgilini canında daşıyan Gülayın son arzusu…

“Yaşamaqdan yorulmuşam. Heç bir şeyə ümidim yoxdur. Səhər durum, hər şey yaxşı olacaq, qızım gələcək, ailəm olacaq deyə bir ümidim yoxdur. Ona görə də son arzum budur ki, məni kimsəsizlər qəbiristanlığında basdırsınlar. İstəmirəm adım olsun, baş daşım olsun”.

loading...