2-ci sinifdə oxuyan uşaq məktəbdən evə gəlib valideynə deyir: “Kaş sənin də doğulduğun rayonun müsibəti olaydı, dərsini keçəydik”. Anlamaq çətin deyil – təzəcə Xocalı faciəsi haqda nəsə öyrədiblər. Bundan qabaq da 20 yanvarı öyrətmişdilər. Sabah da 31 mart azərbaycanlıların soyqırımı günü yaxınlaşır.
Kiçik yaşlı məktəblilərin dərsliklərini faciə, müsibət, ölüm, qırğın səhnələri ilə doldurmaqla yapistlər nəyə nail olmaq istəyir? Qafqazda bir “əzabkeş erməni xalqı” onsuz da var, təzəsinə nə ehtiyac? Tarixi, vətənpərvərliyi belə öyrətmirlər, bu ən axmaq, qeyri-sivil, çağdaş dünyaya aid olmayan üsuldur. Sən uşağa balaca vaxtından ədalətli olmağı, düzgünlüyü, həqiqəti öyrətməlisən. Özü böyüyüb kimin kim olduğunu seçəcək.
Tarix kitablarını da uşaq tarixi başa düşən yaşda öyrətməlisən. Yoxsa bizim hazırkı durum Vaqif Səmədoğlunun “Yaşıl eynəkli adam” pyesindəki uşaqlar üçün “tabutik” oyuncağı düzəldən tipin vəziyyətindən qəti fərqlənmir.
Bunu gəlişigözəl misal olaraq yazmadım, həqiqətən məktəblərimizdə “tabutik” düzəldirlər! “Texnologiya” dərsində uşaqlara Xocalı faciəsinin maketini hazırlamaq tapşırılır. “Rəsm” dərslərində gül-çiçək, göy üzü, dağ, çay, nə bilim, dəniz mənzərəsi çəkmək söhbəti yoxdur, uşaqlar ancaq “Ağla, qərənfil, ağla”, “Mühasirədə donmuş körpəsini xilas edən ana”, “Əsgərlərimiz Lələtəpəni aldılar”, canım sənə desin, “20 yanvarda tankın uşağı basdalaması” temalarında işləyirlər. Bir dostumuz deyir ki, onun balaca qızına uşaq bağçasında belə bir şeir əzbərlədiblər:
“Vətənə and içirik,
Düşmən qanı içirik!”
Təsəvvür edin, manyaklıq, vampirlik hansı səviyyədədir… Özü də bunu dəyişdirmək mümkün deyil, bunun bir rəsmi dövlət siyasəti olduğunu dəqiq bilirəm. Yəni bu, dərslik müəllifi, tarixçilər, pedaqoqlar, nazirlik-filan səviyyəsində bir problem deyil. Sadəcə, bir kiçik xatırlatma da eləyim, söhbət bitsin – özümüz üçün donquldanırıq, başqa xeyri yoxdur.
Sovet dövründə orta məktəbdə bizə Xatın faciəsi adlı bir məsələ cidd-cəhdlə öyrədilirdi. Guya almanların vəhşiliyindən bəhs edilirdi. Axırda SSRİ dağıldı, məlum oldu ki, Xatın faciəsini elə SSRİ özü törədibmiş, minlərlə polyak zabiti meşəyə yığıb vəhşi soyuqqanlılıqla güllələyiblər. Elə KQB zabiti olub ki, tək canına 500-600 zabiti güllələyib.
Mən Xatın və Xocalı arasında paralel aparmaq istəmirəm, sadəcə, sözüm odur ki, belə tarixi faciələri tədris edərkən çox ehtiyatlı olmaq lazımdır. Hər şeyin öz yeri var. Hər təbliğatın öz yaş senzi olmalıdır. Yoxsa necə olur ki, içində ölüm, qan, vəhşilik olan kinoların üstündə “16 +” işarəsi qoyuruq, eyni zamanda uşaq dərsliyinə meyit şəkli çəkirik? Bu anomaliyanı mənə kim izah edə bilər?
O cümlədən, SSRİ-nin antifaşist təbliğatı paradoksal nəticələr də vermişdi, yadıma gəlir ki, çox adam almanlara rəğbət bəsləyirdi. Bunu özünəməxsus etnik Stokholm sindromu da saymaq olar.
Sonda bir az da daxili siyasətdən, dövlət başçısının hərəkətlərindən yazaq. Yəqin xəbəriniz var, Donald Tramp rəsmi prezident vəzifəsinə başlamağının heç bir ayı tamam olmamış (deyəsən, 24 gün idi), artıq bir ciddi kadr itiribdir. Onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn Rusiya ilə şübhəli əlaqələrdə suçlanıb istefaya məcbur oldu. Əslində bu tip hələ çoxdanın ruspərəsti kimi tanınırdı, hətta Moskvada bir qonaqlıqda Putinin yanında oturan yerdə fotosu vardı. Ancaq Tramp əkə bunu mümkün qədər qoruyub saxladı. Cəmi bir ay yəni.
Azərbaycan bu mənada da ABŞ-dan qat-qat qüdrətli dövlətdir. Nə olsun Marsda arabamız gəzmir, peykimiz ki var! Söhbət ondadır ki, bizim Eldar müəllim haqqında min dənə söz çıxsa da – bunun içində elə Rusiya agenti iddiası da vardı – hardasa 11 il milli təhlükəsizlik naziri işlədi. Dinəndə yankilər bizi bəyənmir. O sizin adı çıxan, bu bizim, hansı döyər? Məncə, Çovdarov da Rembonu döyər.