20-ci əsrin ən müəmmalı hadisələrindən biri prezident Kennedinin qətli, ən qalmaqallı olaylardan biri isə Niksonun istefasıdır. Bugünlərdə o məsələ yenidən aktuallaşıb.
Hələ ötən ilin noyabrında milyarder biznesmen Donald Tramp gözlənilməz bir şəkildə ABŞ prezidenti seçiləndə mütəxəssislər belə bir fikir səsləndirdilər ki, əgər Tramp hazırda tutduğu xətti davam etdirsə, seçki kampaniyasında xalqa verdiyi vədləri yerinə yetirsə, aqibəti ya Kennedinin, ya da Niksonun aqibəti kimi olacaq.
Donald Tramp andiçmə mərasimini başa çatdırıb oval kabinetə qədəmlərini basdığı ilk saatda dünyaya göstərdi ki, o havayı yerə söz danışmırmış, vədlərini də yerinə yetirəcək, hətta seçki kampaniyasında göründüyündən daha odioz fiqur olacaq.
Bir neçə gündən sonra “Kennedi və Niksonun aqibəti” barədə söhbətlər daha da intensivləşdi və açıq-açıq müzakirə olunmağa başladı.
ABŞ-ın yeni tarixinə bələd olanlar bilir ki, prezident Kennedi 1963-cü ildə Dallas şəhərində snayper gülləsi (rəsmi versiyaya görə) ilə öldürülüb. Riçard Nikson isə 1974-cü ildə impiçmentlə hədələnərək istefaya məcbur edilib.
Bu hadisə – Niksonun istefası Kennedinin qətlindən 11 il sonra baş verib. Belə mülahizələr var ki, onun qanının arasına məhz Kennedinin qətlinin dünya miqyaslı qalmaqala çevrilməsi olub. Kennedini güllə ilə sıradan çıxaran güclər bu dəfə humanistlik ediblər və Niksonu medianın gücüylə zərərsizləşdiriblər.
Üstündən 54 il keçib, hələ də Kennedinin qətlinin hansı qüvvələr tərəfindən təşkil edilməsi barədə rəsmi və yekdil rəy yoxdur. Hələ o zaman ortaya bir neçə versiya atılıb, xəbər kirliliyi yaradılıb, izlər itirilib, bir sıra nüanslar ört-basdır edilib.
Məsələn, Kennedini snayper tüfəngi ilə vurduğu iddia edilən Li Xarvi Osvald adlı şəxs elə qətli törətdiyi gün Cek Rubi adlı kefcil barmen tərəfindən tapança ilə güllələnərək öldürülüb. Guya ki, Rubi sevimli prezidentinin ölümündən çox təsirlənibmiş. Amma bu şəxsin xüsusi mühafizə altında məhkəməyə aparılan Osvalda necə yaxınlaşması, belindəki silahla onun bir neçə addımlığına necə gəlib çıxması çox şübhəlidir. Cek Rubinin həbsxanada, heç bir jurnalistlə təmas qurmadan ölüb getməsi də ondan xəbər verir ki, qətlin təşkilatçıları izi itirməyə çalışıblar.
Li Xarvi Osvaldın qatil olaraq seçilməsi də təsadüfi olmayıb, qətlə görə şübhəni SSRİ-nin üstünə atmaq məqsədi güdüb. Osvaldın vaxtilə SSRİ-yə köçüb getməsi, Minskdə yaşaması, orada Marina Prusakova adlı rus qadınla evlənməsi və sair detallar qətldə “SSRİ izi” yaratmağa xidmət edib.
Halbuki Kennedi SSRİ ilə yaxınlaşmaq, sürətlə silahlanma yarışına son vermək, mühüm sazişlər imzalamaq xətti götürüb, danışıqlar aparırmış. Başqa sözlə, SSRİ sərt siyasi xətt tərəfdarı olan prezidentlərdən sonra belə bir mötədil şəxsin öldürülməsində maraqlı ola bilməzdi. Kennedinin mafiya ilə müharibəyə görə qətlə yetirilməsi versiyası da uzun müddət yaşaya bilmədi. Belə bir şey olsaydı, ABŞ dövləti cinayətin üstünü qısa zamanda açardı.
Qətlin üstünün açılmaması, sifarişçilərin mühakimə edilməməsi onu göstərir ki, qətlin müəllifləri ABŞ dövlətinin başbilənləri arasında olublar. Kim bilməsə də, vitse-prezident Lindon Conson, dövlət katibi Din Rask, müdafiə naziri Robert Maknamara, daxili işlər naziri Stüart Adall, Federal Tədqiqat Bürosunun 1-ci direktoru, bu vəzifədə 1935-ci ildən 1972-ci ilə qədər çalışmış Edqar Quver qətlin arxasında kimlərin durduğunu biliblər.
Maraqlıdır ki, Riçard Nikson da SSRİ (amerikalıların prizmasından – Rusiya) ilə yaxınlaşmanın qurbanı olub. Onun hakimiyyəti dövründə Çinlə əlaqələr yaxşılaşdırılıb, SSRİ ilə strateji silahların məhdudlaşdırılması barədə müqavilə imzalanıb, Vyetnam müharibəsinə son qoyulub. Nəticədə adamı ABŞ tarixində ilk istefa verən prezidentə çeviriblər.
İndi Tramp Rusiya ilə yaxınlaşmasına görə cavabdeh duruma gəlib. Artıq onun özünün və komandasının Rusiya rəhbərliyi ilə əlaqələri faş olub, hətta milli təhlükəsizlik müşaviri Maykl Flinn bu üzdən istefa verməyə məcbur olub.
Artıq Tramp özü də təhlükənin miqyasını və reallığını hiss edir. O, Rusiyanın güdazına gedən üçüncü prezident olmaq istəmir – nə Kennedi kimi, nə də Nikson kimi.