İstefaya gedən müşavir Trampı batırır: Rusiya onu şantaj edibmi...

ABŞ-da Donald Trampın administrasiyası onun hakimiyyət başına gəlməsindən heç bir ay da keçməmiş böyük qalmaqalla üzləşib. Bu, prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, general Maykl Flinnin Rusiya ilə əlaqələrinə görə qalmaqallı şəkildə istefasıdır. Xəbər verildiyi kimi Flinn Trampın inauqurasiya mərasiminə bir neçə gün qalmış Rusiyanın Vaşinqtondakı səfiri ilə telefon danışığının məzmunu haqda yalan məlumat verdiyi üçün istefa verməli olub.

Virtualaz.org xəbər verir ki, Flinnin istefası Qərb mediasının aparıcı mövzusu olaraq qalır. “The Washington Post” yazır ki, ötən ayın sonlarında baş prokurorun səlahiyyətlərini icra edən Salli Yeyts Ağ Evi və prezident Trampı Maykl Flinin Vaşinqtondakı Rusiya səfiri ilə telefon danışığının məzmunu haqda onlara yalan məlumat verdiyi barədə xəbərdar edibmiş. Habelə baş prokuror xəbərdarlıq edib ki, prezidentin müşaviri Rusiya tərəfindən şantaja məruz qala bilər.

Qəzetin yazdığına görə Federal Təhqiqatlar Bürosu hələ səfirlə telefon danışıqlarından əvvəl Maykl Flinni onun Rusiya ilə şübhəli əlaqələrinə görə izləyirdi. Və ümumiyyətlə, milli təhlükəsizlik maraqları baxımından bu cür telefon danışıqlarının izlənildiyi əvvəlcədən aydın idi. Buna baxmayaraq Maykl Flinn səfir Sergey Kislyakla Rusiyaya qarşı sanksiyaların Trampın administrasiyası dövründə yumşaldılacağı, yaxud ləğv ediləcəyi haqda danışdığını vitse-prezident Maykl Pensə və digər səlahiyyətli şəxsə deməyib.

İstefaya gedən müşavir Trampı batırır: Rusiya onu şantaj edibmi...

Təhlükəsizlik orqanlarındakı mənbə deyib ki, Maykl Flinnin vitse-prezidenti aldatması haqda əvvəlcə Ağ Evi xəbərdar etmək istəməyiblər. Lakin daha sonra məsələnin ciddiliyini nəzərə alaraq onun telefon danışığının səs yazısını və sms yazışmalarını Ağ Evə göndəriblər.

Keçmiş və indiki səlahiyyətli şəxslər deyirlər ki, ola bilsin Flinn Rusiya səfiri ilə telefon söhbətinin məzmunu barədə Maykl Pensə yalan məlumat versə də o, səfirlə həmin danışığı Trampın keçid komandasındakı digər şəxslərin razılığı ilə aparıb.

Bu barədə qalmaqal yaranandan sonra Maykl Flinn fevralın 8-də “The Washington Post”a müsahibəsində səfirlə sanksiyalar barədə söhbət etdiyini qəti təkzib edib. Lakin bir gün sonra Flinn mövqeyini dəyişib və özünün mətbuat katibi vasitəsilə qəzetə bu məzmunda açıqlama göndərib: “Mən bu mövzunun danışıqlar zamanı qaldırıldığını xatırlaya bilmirəm”.

İstefaya gedən müşavir Trampı batırır: Rusiya onu şantaj edibmi...

Lakin Flinnin telefon danışıqlarının məzmununa bələd olan iki mənbə deyib ki, Trampın müşaviri səfirlə əsasən sanksiyalar məsələsini müzakirə edib. Fevralın əvvəllərində Flinn demişdi ki, Sergey Kislyakla ilk dəfə 2013-cü ildə Pentaqonun kəşfiyyat idarəsinə rəhbərlik edərkən Moskvaya səfəri zamanı tanış olub. Amerika xüsusi xidmət orqanlarının məlumatına görə Flinnlə səfir arasında bu təmaslar sonradan müntəzəm xarakter alıb. Tərəflər noyabrın 8-dən sonra da əlaqə saxlamaqda davam ediblər.

Lakin Kelli Yeyts və digər səlahiyyətli şəxslər Flinllə Kislyak arasında təmaslardan ilk dəfə dekabrın 29-dan sonra ciddi narahat olmağa başlayıblar. Həmin gün Barak Obama Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib və Vaşinqtondakı 30-a yaxın Rusiya diplomatını ölkədən qovub. Hamı gözləyirdi ki, Rusiya da buna adekvat reaksiya verəcək. Lakin Putin dekabrın 30-da elan edib ki, heç bir cavab sanksiyası olmayacaq və Moskvadakı Amerika diplomatları qovulmayacaq.

Xüsusi xidmət orqanlarının analitikləri Putinin niyə belə təmkinli reaksiya verdiyini təhlil etməyə başlayıblar. Axtarışlar onları səfir Kislyakın telefon danışıqlarına yönəldib. Hansı ki, kəşfiyyat Rusiya səfirinin telefonlarını, o cümlədən general Flinnlə danışıqlarını izləyirdi. Həmin telefon danışıqlarının və ondan sonra ələ keçirilən danışıqların əsasında FTB Flinnlə Kislyakın söhbətinin yekununa dair məxfi hesabat hazırlayıblar. Kelli Yeyts həmin vaxt baş prokurorun müavini idi və kəşfiyyatın həmin dosyesi ilə tanış olandan sonra Flinnin səfirlə söhbətdə işlətdiyi ifadələrin “qanunsuz” və “potensial təhlükəli” olduğu qənaətinə gəlib.

İstefaya gedən müşavir Trampı batırır: Rusiya onu şantaj edibmi...

Çünki Flinn həmin vaxt heç bir səlahiyyət daşımadığı halda xarici dövlətin səfiri ilə sanksiyaların ləğvi barədə danışırdı. Prokuror və xüsusi xidmətlər belə qənaətə gəliblər ki, Flinn Loqan Aktı kimi tanınan qanunun tələblərini poza bilərdi. Həmin qanuna əsasən ABŞ vətəndaşları başqa ölkələrlə diplomatik mübahisələrə qarışa bilməzlər. Lakin Flinnlə Kislyakın telefon danışıqları barədə əvvəlcə Trampı xəbərdar etməmək qərara alınır, kəşfiyyat ehtiyat edirmiş ki, bununla yeni prezidentin yaxın ətrafında Rusiyaya işlədiyi ehtimal olunan adamları duyuq sala bilərlər.

Flinnin Kislyakla telefon danışığının məzmunu haqda yanvarın 12-də “The Washington Post” yazmışdı və onun səfirlə sanksiyalar barədə söhbət apardığını bildirmişdi. Lakin dərhal Trampın özü və keçid komandasının üzvləri Flinnin səfirlə bu barədə danışmadığını elan etdilər. Yanvarın 15-də bu barədə vitse-prezident Maykl Pensə də sual verdilər. Ancaq o da bildirmişdi ki, Maykl Flinn Rusiya səfiri ilə sanksiyalar və ümumiyyətlə ikitərəfli münasibətlər haqda heç nə danışmayıb. Bundan sonra Ədliyyə Nazirliyi və xüsusi xidmətlər Flinnin telefon danışıqlarını Trampa ötürmək barədə düşünməyə başlayır.

Qəzet yazır ki, bu məsələ ətrafında daxili debatlar Obama administrasiyasının son iş gününə-yanvarın 19-na qədər davam edib. Baş prokurorun müavini Kelli Yeyts, Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepper və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan israr ediblər ki, dosyeni yeni administrasiyaya vermək lazımdır. FTB direktoru Ceyms Komi əvvəlcə bunun əleyhinə çıxıb, ehtiyat edib ki, dosyenin ötürülməsi sonrakı təhqiqata mane ola bilər. Tramp and içəndən sonra Klepper və Brennan öz postlarını təhvil veriblər, Kelli Yeyts isə yanvarın 30-na qədər baş prokurorun səlaiyyətlərini icra edib. Həmin gün Tramp onu mühacirət qadağası barədə fərmanı dəstəkləməkdən imtina etdiyinə görə vəzifədən uzaqlaşdırıb.

İstefaya gedən müşavir Trampı batırır: Rusiya onu şantaj edibmi...

Bildirilir ki, yanvarın 23-də Trampın mətbuat katibi Şon Spayserə növbəti dəfə brifinqdə Flinnlə Kislyak arasında telefon danışığı barədə soruşublar. Ağ Evin mətbuat katibi bu dəfə də israr edib ki, Flinn səfirlə sanksiyalara dair heç nə danışmayıb. “Mən onunla dünən yenə danışdım. Cəmi bir dəfə zəng olub, onda da dörd mövzudan danışılıb: Rusiya təyyarəsinin qəzaya uğramasından, yeni il təbriklərindən, Suriyadakı müharibədən və Putinlə Trampın telefon danışığının təşkil olunmasından”-mətbuat katibi bildirib.

Bunu görən Kelli Yeyts yenidən məsələni Ceyms Komi ilə müzakirə edib. FTB direktoru bu dəfə Flinnin dosyesini Ağ Evə göndərməyə razılıq verib. Nəhayət Flinnin telefon danışıqlarının detalları ortaya çıxanda prezident Tramp öz müşavirinə dəstək verməkdən yayınıb. Hərçənd fevralın 13-də axşam prezidentin müşaviri Kellien Konvey jurnalistlərə demişdi ki, Tramp Flinnə “tam etimad göstərir”. Ancaq cəmi bir neçə dəqiqə sonra mətbuat katibi Şon Şpayser fərqli açıqlama verdi: “Prezident situasiyanı dəyərləndirir. O, vitse-prezidentlə general Flinnlə apardığı söhbət barədə danışır, habelə digər adamlarla məsləhətləşir. Hesab edir ki, milli təhlükəsizlik əsas məsələdir”. Bundan bir neçə saat sonra Maykl Flinnin istefası haqda xəbər yayıldı.

CNN xəbər verir ki, Flinin qalmaqallı istefasından sonra Konqresin Nümayəndələr palatasından demokratlar Con Konyers və Elayc Kamminqs FTB və Ədliyyə Nazirliyinə sorğu göndərərək “təcili şəkildə tam qapalı brifinq” tələb ediblər. “Konqres bilmək istəyir ki, Flinin hərəkətlərini kim sanksiyalaşdırıb, ona mili təhlükəsizliyə dair məxfi informasiyaları kim verib və bilmək istəyirik ki, Ağ Evdə milli təhlükəsizliyə təhdid yaradan daha kimlər var”-konqresmenlər bildirir. Qapalı brifinq fevralın 16-dan gec olmayaraq baş tutmalıdır.

İstefaya gedən müşavir Trampı batırır: Rusiya onu şantaj edibmi...

Nümayəndələr palatasının üzvü, demkrat Adam Şiff deyib ki, konqresmenlər Maykl Flinnlə səfir Kislyak arasında telefon danışıqlarının məzmunu bilməlidir. Onun fikrincə, əgər Flinn Rusiya ilə məxfi danışıqları haqda yalan danışıbsa bu, bütövlkdə Amerika siyasətinə dağıdıcı zərbədir. “Bizim kəşfiyyat artıq müəyyən edib ki, Rusiya Amerika seçkilərinə müdaxilə edib, Trampa kömək məqsədi ilə. Flinn isə onun əsas köməkçilərindən biri kimi heç demə Obamanın Rusiyaya sanksiyalar tətbiq etdiyi bir vaxtda onlarla məxfi danışıqlar aparırmış”-konqresmen deyib.

Analitiklər qeyd edirlər ki, Maykl Flinnin Rusiya ilə danışıqlarına dair yalan danışdığının üzə çıxması və onun heç bir ay da keçməmiş istefa verməli olması Donald Trampın administrasiyasına sarsıdıcı zərbə vuracaq. Onsuz da Tramp hakimiyyətə gələn gündən qalmaqallı qərarları və bəyanatları ilə potensial impiçment prosedura üçün əsaslar yaratmaqdadır. İndi isə onun milli təhlükəsizlik müşavirinin Rusiya ilə gizli təmasları üzə çıxır. Bütün bunlar Rusiyanın əlində Trampın özü barəsində kompromatların olduğu haqda dosyenin sızmasının ardınca baş verir. Hansı ki, ötən həftə CNN ABŞ xüsusi xidmət orqanlarının həmin dosyedəki bəzi məlumatları təsdiqləyən dəlillər əldə etdiyini xəbər vermişdi.

Almaniyanın nüfuzlu “Stern” jurnalında ABŞ Milli Kəşfiyyat Agentliyinin keçmiş əməkdaşı Con Şindler yazır ki, Amerikanın xüsusi xidmət orqanları Trampa müharibə elan ediblər və həssas kəşiyyat məlumatlarını ona etibar etmirlər. Baxmayaraq ki, Tramp səlahiyyətlərinin icrasına başlayandan iki gün sonra MKİ-nin qərargahına gedib və kəşfiyyatla aralarında soyuqluq olmadığını nümayiş etdirmək istəyib. Con Şindler öz mənbələrinə istinadən bildirir ki, xüsusi xidmət orqanları Ağ Evdəki komandaya etibar etmir və həssas kəşfiyyat məlumatlarını qəsdən hökumətlə bölüşmür.

“Hətta inauqurasiyadan üç həftə sonra Ağ Ev praktiki olaraq hər gün naşılığa yol verir və komandada ciddi problemlərin olduğu görünür. Prezident bizim əməkdaşlarımızla çəkişir, təhqir edir və işimizi aşağılayır”-kəşfiyyatdakı mənbələr deyib.

Virtualaz.org

Загрузка...