Xəbərin başlığı beləydi: “Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib”.
Ancaq mətnə baxanda görünürdü ki, indiki təhsil naziri sələfini – köhnə nazir Misir Mərdanovu o qədər də sərt tənqid etməyib, eləcə deyib ki, bir neçə ilin əvvəlki təhsil sisteminin infrastrukturu bir çox hallarda müasirləşdirilməli idi.
İndi bu tənqiddirmi? Tənqid o olardı ki, indiki nazir çıxıb 2013-cü ildən qabaq təhsil sferasındakı neqativ hallardan, şagirdlərdən yığılan xəraclardan (fond pulu, süpürgə pulu, 8 mart pulu, müəllimlər günü pulu, təbaşir pulu, soba pulu və s.), seçki saxtakarlıqlarına vadar edilən müəllimlərdən danışaydı.
Məsələn, Mikayıl müəllim desəydi ki, məndən əvvəl gedib Dağıstanda, Kiyevdə, Sankt-Peterburqda qeyri-test yoluyla, rüşvət müqabilində 3-cü dərəcəli universitetlərə daxil olan minlərlə tələbə sonradan köçürmə yolu ilə ölkəmizdəki dövlət ali məktəblərinə qəbul edilib və hazırda onlar diplom alaraq iş başındadırlar, bu olardı tənqid.
Özü də ən maraqlısı odur ki, universitetə daxil olarkən test imtahanında 600-650 bal toplayan, 4 il bakalavr, 2 il də magistr təhsili alan minlərlə tələbə işsiz qaldığı halda, testlə 150 bal toplaya bilməyən, amma gedib adı yuxarıda çəkilən ölkələrdəki “kitayski” universitetlərə girib, ordan da üzü bəri köçürülən, sonra məzun olan gənclər hazırda dövlət orqanlarında yaxşı və perspektivli vəzifələrdədir. Bu gün-sabah onlar daha böyük vəzifələrə təyin olunacaqlar, o zaman biz onların avtobioqrafiyasında oxuyacağıq ki, iki universitet qurtarıb, xaricdə təhsil alıb-zad. Heç kəs bilməyəcək ki, adam öz adını yazanda səhv buraxır. Hətta bunu bilənlər və deyənlər olanda da onlara cavab verən tapılacaq ki, ola bilər, cənab rəisin yazısında qrammatik səhvlər olsun, amma yaxşı təşkilatçıdır, sahəsinin peşəkarıdır, etibarlı kadrdır və s.
Nəyə görədirsə, hələ sovet vaxtından bəri bizim ölkədə universiteti fərqlənmə diplomu ilə bitirən savadlı məzunlar “yaxşı təşkilatçı” ola bilmirlər, əvəzində “günəş”i “güləş” yazan və elə də oxuyan bisavad adamlar “yaxşı təşkilatçı”, “bacarıqlı rəhbər işçi” olurlar.
Burada Mərdanovun günahı yoxdur, bu, 30-40 il qabaqdan belədir. Sirri-xuda kimi bir şeydir. Hələ o vaxtlar adam düşünürdü ki, ola bilməzmi ya universitetlərdə savadlı tələbələrə dərs verəndə onlara “yaxşı təşkilatçılıq” işini də öyrətsinlər, ya da sonradan “yaxşı təşkilatçı” olacaq şəxslərə də bir az savad versinlər? Yəni bu məziyyətlərin ikisi bir yerdə ola bilməzdimi?
Bax, nazir Cabbarov bu məsələlərdən danışsaydı, olardı sağlam tənqid. Düzdür, o zaman onun tənqidi bir az dövlət ittihamnaməsinə oxşayacaqdı, amma sözləri yumşaltmaqla çıxış yolu tapmaq mümkün idi. Yoxsa bu da tənqiddirmi: “Müşahidələr nəticəsində müasir təhsil sistemlərində olan çevik alətlərin və mexanizmlərin ali təhsil sistemində o dövrdə olmaması problemi aşkarlanıb”.
Biz deyirik, təhsil batıb gedib, camaatın uşağı kor olub, on minlərlə abituriyent elementar şeyləri bilmir, məzunların yarısı ana dilindən “iki” alır, nazirimiz də deyir, akademik mobillik, istər təhsilalan və təhsilverənlərin artıq fiziki məkana, yəni ali təhsil müəssisəsinə deyil, təhsil prosesinin daha çevik və sərhəd tanımayan prosesə çevrilməsi əsas idi”.
Yox, daha dəqiqi, bəli, qardaşlar, tənqid dediyin açıq, gerçək, sanballı olmalıdır, neqativ halları bir-bir saymalısan və onların necə həll etməli olduğunu deməlisən.
Yoxsa hər iclasda saatlarla danış-danış, amma eyni problemlər olduğu kimi də qalsın.
Məsələn, hər il universitetlərə yüzlərlə məzun ən yüksək ballarla (600-700 arası) daxil olur, məktəb direktorları bunu nazirliyə öz uğurları kimi təqdim edir: “Cari ildə filan qədər məzunumuz tələbə adı qazanmışdır” – filan. Ancaq hamı da bilir ki, abituriyentlərin tələbə adı qazanması yüzdə doxsan beş halda valideynlərin repetitorlara hər ay bir ətək pul ödəməsi sayəsində mümkün olub. Yerdə qalan o beş faiz isə vunderkind uşaqlardır, beyinləri, namxuda, kompüter kimidir, özləri müəllimsiz, repetitorsuz oxuya bilirlər.
Dediyim odur ki, tənqid “yıxıb sürümə” janrında, “yıxılana balta çalma” modunda olmadısa, dilə gətirmə.