Dünən qaraqabaq olmağımızda dişsizliyimizin səbəbi haqda yazdım, sonra təsadüfən Baba Pünhanın şeiri qarşıma çıxdı. Şair sanki ürəyimdən keçənləri yazıbdır:
“Bir zamanlar dağ çəkərdi zənciyə dağ dişlərim
Həm günüm ağ idi onda, həm də ki ağ dişlərim.
Ac günümdün doymuşam, tox günümçün acmışam,
Çeynəmir zəncirdən özgə heç bir ərzaq dişlərim.
Hansı gün ki, sözlərim partlar qəzetdə “bomba” tək,
Bax, həmən gün partlayar həm ağzım, həm çağ dişlərim…
…Diş dibindən çıxdığın qoymur boşaldım Az.TV İqtidara istəyir gülsün bu yaltaq dişlərim…”
Ola bilər mənə vergi verilir. Sabahda-birigündə köşəmi ocaq elan edib, nəzir yığmağa başlamaq fikrim vardır, yoxsa nədən diş temasında yazan kimi diş haqda şeir gəlsin qarşıma çıxsın?
Keçək həlli vacib aktual məsələlərə, siz hər ehtimal nəziri büdcənizdə nəzərdə tutun. O bir neçə ölkənin vətəndaşı olan bloqqer Lapşinin dövlət sərhədimizi qanunsuz keçmək cinayəti üzündən Belarusda yaxalanıb Bakıya gətirilməsi çox əla bir iş oldu. Bütün dünya Azərbaycanın necə qüdrətli dövlətə çevrildiyini bir daha əyani şəkildə gördü. Yoxsa vallah, adamın pisinə gəlirdi. Biz burdan özümüz xaricə gedib-gələndə min dənə əziyyət çəkirdik, biri Astara gömrüyündə ölürdü, başqasını Gürcüstana keçən yerdə ayaqlayırdılar, bir ayrısı Yalamanı yalayırdı və sairə. Bu Lapşin kimi əcnəbilər isə kef eləyirdilər. Sərhədimizi oynaya-oynaya keçirdilər. Gedib xaricdən yanıq verirdilər. Di al gəldi… Hətta mənim ağlıma yaxşı ideya gəlibdir: bu axmaq oğlu axmaq onsuz da planetin yarısının pasportunu yığıbdır. Deyirlər İsrail, Rusiya, Ukrayna, Kanada, Fil Dişi Sahili və sairənin vətəndaşlığı bunda vardır. Gəlin biz buna zor-xoş Azərbaycan vətəndaşlığı verək, qalsın burda yaşasın. Həyatı başa düşsün, görüb-götürsün. Subaydırsa, bir halal süd əmmişlə baş-bel edək.
Ümumiyyətlə, bizdə vətəndaşlıq, pasport, sərhəd, qanun kimi məsələlər çox dəqiq qorunur. Respublikanın üstündən milçək uça bilmir. Elə partiya sədrləri var, 15 ildir pasport vermirik, qalıb vətəndən həzz alır. Dünyadakı hər şeydən müəyyən miqdarda bizdə də var, hara gedirsən ki?
Qanunlarımıza hörmət bəsləyib bu avaranı tutub verdiyi üçün biz Belarus prezidenti Lukaşenko müəllimə də dərin minnətdarlığımızı bildiririk, Kəlbəcər qaçqınları adından bütün işıq pulu limitimizi toplayıb ona təzədən 200 milyon dollar faizsiz kredit verməyə səsləyirəm! İmkan varsa, … Lukaşenkoya “Şöhrət”, ya da “1-ci dərəcəli Vətənə xidmət” medalı vermək lazımdır.
Bu yaxında oxudum, bizdə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi” yubiley medalı da təsis edilibdir. Medal bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Qalınlığı 3 mm, guşələrinin ən uzaq nöqtələri arasındakı məsafə 36 mm-dir. Bəd ayaqda Lukaşenkoya bunu da verə bilərik. Nə qədər çox medal versək, yenə azdır. Hətta mən təklif edərdim Anar müəllim Lukaşenko haqda şeir yazıb onu AYB-nin fəxri üzvlüyünə qəbul eləsin. Yoxsa həmişəki kimi fil qulağında yatıb qatar gedəndən sonra dalıyca əl yelləyəcək, guya iş gördüyünü göstərəcək. Vaxtında təşəbbüsü ələ almalısan. Necə olur, dövlətimiz bu qədər gərgin iş görür, bloqqer tutur gətirir, ancaq AYB hələ də “Hardan başlanır vətən? Sərhəddən başlanır vətən!” temasında şeir müsabiqəsi keçirtmir? İşləmək lazımdır. Sizə dövlət büdcəsindən hər il 4-5 milyon manatı “Tələsmə, Zaur” kimi melodramatik temalar üçün ayırmırlar. Bir az da vətənpərvər olmaq lazımdır.
Misal üçün, mən bu yaxında AYB katiblərindən Çingiz Abdullayevin hayqırtısını oxudum, kövrəldim. Düzü, hansı temada hayqırmışdı, nə istəyirdi yadıma gəlmir. Ancaq əsas odur hayqırır. Ümumiyyətlə, Çingiz müəllimdə hər üç-dörd ildən bir belə hayqırmalar olur. Özü də seysmoloq alimlərimiz qəribə qanunauyğunluq kəşf ediblər: hər dəfə Çingiz müəllim hayqıranda Bakı ətrafında mütləq bir palçıq vulkanı püskürür. İndi də biri püskürdü.
Şair demişkən, Azərbaycan yatmış vulkandır, gərək sərhədlərini qurdalayıb oyatmayasan. Son anda ağlıma bir təzə ideya da gəldi: bəlkə Lapşini aparaq ataq o palçıq vulkanına, “dövlətçiliyimiz qurban tələb edir” adıyla?