Fransa xalqı daha kef eləmir, əksinə, vaxtilə müsyo Jordanı qonaq edən qarabağlıların sözü olmasın, kərəvəngə qalıb. Buna səbəb odur ki, fransız xalqı özünə prezident seçmək istəyir, üç namizəd var, üçü də bir-birindən betərdir.
Əlbəttə, 2-3 ay öncə seçki kampaniyasına başlayanda onların üçü də, türkün sözü, süddən çıxmış ağ qaşıq, ağ atlı oğlan, mələk simalı xilaskar idilər. Amma son bir ayda mətbuat onları elə bir günə qoyub ki, artıq adam arasına çıxası deyillər.
Üçü də əliəyri, korrupsioner, dələduz imiş. Üçü də dövlətə kəf gəlib, büdcədən pul-para çırpışdırıb yaxınlarına yedirdiblər.
Bir var, bunu onların rəqibləri teledebatlarda-filanda desin, bir də var, mətbuat yazsın.
Teledebatlarda səslənən fikirlər boş şeydir. Ona qalsa bizdə də elə deyirlər. Amma ortaya fakt qoyan yoxdur. Məsələn, Hafiz Hacıyev seçki kampaniyalarında bütün namizədləri korrupsiyada suçlayır, amma ortaya sənəd qoymur.
Fransada isə qəzetlər namizədlərin korrupsiya əməlləri haqda sənəd çap ediblər və onların, Tağı Əhmədov demişkən, aşağı ətrafları ilə manevr etmələrinə yer qalmayıb.
Ona görə də artıq Fransada heç bir namizədin real üstünlüyü yoxdur, deyəsən, heç biri seçilməyəcək.
Hər şey o tərəfə, ara yerdə vitse-spiker Ziyafət Əsgərov və baş nazirin müavini Əli Əhmədov haqlı çıxırlar. Onlar neçə illərdir, deyirlər ki, Avropada korrupsiya var.
Burada o sözü əsasən ona görə deyirlər ki, ölkəmizdə olan korrupsiyaya haqq qazandırsınlar. Doğrudan da əgər Avropada, məsələn, Fransada korrupsiya varsa, biz özümüzə motor qoyub göyə çıxsaq da, xeyri yoxdur, bizdə də olacaq. Hətta olmalıdır. Olmasa, ayıb olar. Fransızlardan çox bilirik?
Ona görə də gərək biz bu korrupsiya söhbətinin üstünə çox getməyək, birdəfəlik barışaq oturaq ki, bu normadır, labüddür, olub və olacaq.
Biz o dədələrin nəvələriyik ki, vaxtilə “bal tutan barmaq yalar” deyə bir kəlam irad ediblər. “Bal tutan barmaq yalar” ifadəsi əslində balçının ehtiyacı olduğu qədər korrupsiyaya yol verməsini ehtiva edir. Buna “icazə verilən korrupsiya” deyək. Yəni həddi keçmək olmaz, al, topla, yığ, özü paynı götür, qalanını böl, kim nə deyir ki.
Bir də var, sən “hamısı mənim” eləyəsən, sonra da gedib oturasan MTN generallarının, rabitə məmurlarının, beynəlxalq bankirlərin yanında.
O gün dostlardan biri yazıb ki, dövlət strukturlarından hansındasa bir sayt yaratmaq üçün 600 min manatdan artıq vəsaiti həzm-rabedən keçiriblər. Daha biri yazdı ki, bir neçə milyon manata hazırlanan, amma hələ başa gəlməyən saytlar da var.
Düzdür, “bunlar normal qiymətlərdir” yazan dostlar da var, amma biz də sayt işindəyik, bəzi şeyləri bilirik. O strukturların saytına il ərzində girib-çıxan, informasiya alan şəxslərin sayı qədər abonent bizim sayta bir gündə girib-çıxır, yüz dəfə də artıq məlumat alır.
Açıb baxırsan, primitiv hazırlanmış bir şey, nə bir funksionallığı var, nə qəliz bir idarəetmə və qoruma sistemi. Çox xərc çəkilibsə, 3 min manat. İndi təsəvvür edin, 3 min manatlıq sayt üçün dövlətdən on qat artıq pul çırpışdırardılarsa, 30 min edərdi, yüz qatlıq kəf gələrdilərsə, 300 min olardı. Amma bunlar sayt üçün azı 600 min, çoxu 3 milyon qapazlayıblarsa, bu 200 qat və 1000 qat artıq korrupsiya aktıdır.
Fransanın prezidenti olmaq istəyənlərin yol verdiyi korrupsiyanın rəqəmləri isə çox kiçikdir – 300 min, 500 min.
Fərq ondadır ki, bizdə bir nazirliyin baş idarəsinin ortabab şöbəsinin müdirinin müavini o cür məbləğlərlə iş görür.
İnanmayan hazırda məhkəmələrdə gedən “MTN işi”, “Rabitə işi” adlanan məhkəmə proseslərindən hazırlanan reportajları diqqətlə oxusun.
Məhkəmədə açıqlanan rəqəmlərə Fiyon da həsəd aparar, Le Pen də, Makron da (bunlar Fransada prezident olmaq istəyənlərdir). Bəlkə də xəcalət çəkər, hətta doğma fransız xalqını qədirbilməzlikdə qınayarlar, deyərlər, odur, Azərbaycanda adı milyard dollarlıq korrupsiyada hallanan iki nazir azadlıqda gəzir, onlara bir söz deyən yoxdur, amma siz 5-10 avroya görə bizdən hesab sorursunuz.
Bax, o namizədlər çıxıb xalqın qarşısında belə bir arqumentlə çıxış eləsələr, fransız xalqı da daş-qaya deyil, başa düşər, gedib kef eləyər. Bizim kimi.