“Siyasətlə maraqlanmamağın cəzası sizdən daha axmaq olanlar tərəfindən idarə edilməkdir”
(Platon)
Görkəmli yapist deputatlardan Səyavuş müəllimə naməlum gecə zənglərinin Rabitə Nazirliyindəki məlum mafiya tərəfindən təşkili, bu işdə ermənilərin əli olması haqda yazımdan az sonra yoldaş Novruzov özü də bu ehtimalı təsdiqlədi. Doğrudan da xüsusi xidmətlərimiz bu versiya üzərində dərindən işləməlidir, bəlkə azğın düşmənlərimiz intellektual deputatımızın beyniniz oğurlayıb əleyhimizə istifadə etmək fikrindədir?
“Sarı gəlin” mahnısını, dolmanı, musiqimizi, lavaşı oğurlayanlardan hər şey gözləmək mümkündür. Dahi insanların beynini oğurlayıb öyrənmək işində ermənilərin başqa planetdən gələnlərlə əlbir olması sübut edilmiş faktdır. Hətta mənim yadıma gəlir, 90-cı illərdə bir deputatımızı cəbhə xəttində oğurlayıb ondan xaş bişirdilər, dedilər guya xaş da erməni yeməyidir.
Qayıdaq daxili siyasətə. Donald Trampın başı üstündən qara buludlar əskik olmur. Təsəvvür elə, yazığın prezidentliyinin heç bir ayı tamam olmayıb, ancaq dünyanın yarısı bunun əleyhinə getməkdədir. ABŞ-ın özündə isə kişinin sözünü ümumiyyətlə fındıq yerinə qoyan yoxdur. Gah prokurorlar əleyhinə çıxır, gah məhkəmə miqrantlar əleyhinə qərarını ləğv eləyir. Düzdür, baş prokuroru buna görə işdən qovdu, meyvə-yumurta-tikinti biznesini də əlindən aldı, ancaq qarantiya yoxdur ki, yerinə gələn yaxşı adam olacaqdır. Dünənə qədər xalq artisti, prezident təqaüdü almaq üçün növbəyə duran VızDrama-nın (Vaşinqton Milli Dram teatrı qısa şəkildə belə yazılır – Z.H.) artistləri mitinqə çıxıb “İstefak!” deyirlər. Elə bil Respublikaçılar Partiyasının bulvardakı bütün konsertlərində puluna minnət mahnı oxuyan Madonna olmayıb.
Bir nəfəri də Tramp nazir qoymaq istədi, adam dedi ki, nazir işləməyə vaxtım yoxdur, gül kimi biznesim var, nəyimə lazım gəlim xalqa qulluq edim. Biabırçılığa bax. Niyə bunlar bizim azərbaycanlı nazirlərdən, onların xalqa xidmətindən dərs almırlar?
Hələ bu harasıdır, sən təsəvvür elə, Amerikada bir dükan prezidentin qızı İvanka xanımın mallarını satmaqdan imtina edibdir! Prezidentin qızı ey, a kişi! Yazıq qız nəsə muncuq-broşka-zad istehsal eləyirmiş. İndi dükan deyir satış aşağı düşüb, dədən prezidentdir, üstəlik ondan xoşumuz gəlmir, gəl mallarını apar.
Belə də dövlət olar? Belə də hörmətsizlik olar? Yenə bu qız yeyib doymuşdu, başqası gəlsə nə olacaq? Guya sən prezident olsan qızın acından ölməlidir? Nəsə, bu Amerika düzələn deyil, elə Qodzilla bunu yaxşı dağıdırdı.
Yazını sadiq oxucularımızdan Yusif Qrızlının məktubu ilə bitirirəm: “M.Ə.Rəsulzadənin anadan olduğu 31 yanvar günü bu yaxınlarda dinlədiyim bir əhvalatı yadıma saldı. Bir necə il əvvəl heykəltəraş Şıxəli Təhməzov Quba rayonunun mərkəzində, Nizami adına parkda nəinki Azərbaycanda, türk-müsəlman dünyasında hər kəs tərəfindən tanınan mütəfəkkirlərin, ədiblərin büstlərini hazırlayıb qoyur. İlkin olaraq bu işi Quba qəbristanlığı ərazisində görür. İşin axırına az qalmış Ş.Təhməzov görür ki, Ramazan bayramıdır, insanlar ölülərini yad etmək üçün qəbristanlığa axına başlayıblar. Heykəltəraş bu mənzərəni görüb alətlərini yığıb öz valideynlərini yad etmək qərarına gəlir. Bir anlıq hazırladığı büstləri seyr edərkən hər kəsin ağlına gələ bilməyən bir ideya düşüncəsinə hakim olur. Belə qərara gəlir ki, büst heykəllərin hər birinə ayrılıqda yasin oxutdursun. Qəbristanlığın ruhanisini cağırıb, öz halal vəsaiti hesabina bu ayini icra edir. Şıxəli Təhməzov 1992-cı ilin ortalarında doğulduğu Xaçmaz rayonu Qıraqlı kəndində ata evinin həyətində zamanın və tarixin qiymətini alan, tarixi şəxsiyyət olan Məhəmməd Əmin Rəsulzadənin böyük heykəlini yaradib. Çox təəssüf ki, həmən heykəli layiq olduğu yerə qoymaq qismət olmadı, neokommunistlər siyasi hakimiyyəti zəbt etdilər”.