Amerikalılar, eləcə də avropalılar, hətta artıq bütün dünya ictimaiyyəti ABŞ-ın yeni prezidenti Donald Trampın barəsində gerçəkləyiblər, bu gün-sabah adamı rəsmən ağıl xəstəsi elan edəcəklər.
Hələ seçki kampaniyası zamanı bir çoxları deyirdi ki, bu adam nevrozdur, impulsivdir, sözünün dalını, qabağını bilmir, ondan prezident olmaz.
Ancaq prezidentliyə namizəd haqqında belə diaqnoz qoyanların sözünü qəribçiliyə salan çox idi, deyirdilər, bu, olan şeydir, rəqibə qarşı aparılan qara piardan başqa bir şey deyil.
Seçki kampaniyalarında qaydadır axı, rəqibə hər şey deyirlər, araşdırıb, axtarıb, tapırlar, namizəd uşaq vaxtı sinif yoldaşı qızın saçından dartıbsa, “qadın düşməni” elan edirlər, gəncliyində tələbə yoldaşı oğlanla qol-boyun şəkil çəkdiribsə, adını cinsi azlığa çıxarırlar (hərçənd bu, artıq ciddi qüsur sayılmır), hansısa teledebatda möhkəm hirslənibsə, “emosionaldır, hisslərini cilovlaya bilmir” deyə gözdən salmağa çalışırlar.
Yazıq Trampa da çox şey deyirdilər, qadınlara qarşı düşkün olmasından tutmuş ta əsəbi və dalaşqan olmasına, maliyyə maxinasiyaları, biznes fırıldaqları etməsinə, iqrçiliyə meylinə qədər.
Amma bu caydaq, çalbaş, simpatik kişi gözəl Amerika xalqının qəlbini necə ofsunlamışdısa, xalq deyirdi, qırxdır, bir əskik deyil, səsimiz Trampındır. Elə də oldu. O qədər qara piar söhbətləri puç oldu getdi.
Budur, ABŞ-da siyasi ehtiraslar soyuyub, seçki gərginliyi yox olub, əvəzində dünya, o cümlədən ABŞ ictimaiyyəti əndişəlidir. İndi Trampın ağıl-kamalı, ruhi vəziyyəti barədə siyasi rəqibləri danışmır, sırf bu işin mütəxəssisləri danışır.
Məsələn, bəzi psixiatrlar hesab edirlər ki, Trampda “yüksək lovğalıq, təhqirlərə və tənqidlərə hiperhəssaslıq və impulsivlik, habelə fantaziya və reallıq arasında fərqi müəyyən edə bilməmək” kimi xüsusiyyətlər müşahidə olunur.
Əslində bunu hamı müşahidə edir, amma biz o terminləri bilmirik. İnauqurasiya günü Trampın CNN-in müxbiri ilə davranışını biz “adi təpinmə” adlandırırıq, amma həkimlər deyir, bu, tənqidə qarşı hiperhəssaslıq və impulsivlikdir.
Hələ prezidentə qarşı bir “narsissizm” diaqnozu da qoyublar. Guya ki, adam özünə vurğundur, güzgüyə baxanda hesab edir ki, dünyada bundan yaraşıqlı kişi yoxdur. Düzdür, dünyada elə bir kişi (və ya qadın) yoxdur ki, güzgüyə baxanda “ay idbar, nə baxırsan, meymuna oxşayırsan” deyə düşünsün, amma 70 yaşlı kişi üçün “narsissizm” ittihamı irəli sürürlərsə, bu, artıq ciddi şeydir, ağılın qıvraqlığının göstəricisidir.
Əslində əlində hakimiyyəti, böyük vəzifəsi, milyardları olmayan adamın əsəbi, ağıldankəm, səy olmasının dünya ictimaiyyətinə elə bir təhlükəsi, təhdidi yoxdur. O adam olsa-olsa ailəsinin, qonşularının gününü qara edə bilər. Amma bir ölkənin başçısı, xüsusilə də böyük dövlətin rəhbəri hiperhəssas və impulsivdirsə, vay o ölkənin vətəndaşlarının və qonşularının gününə.
Son illərdə Türkiyədə çəkilən seriallardan öyrənrik ki, heç demə, tərifli Osmanlı xanədanlığının sultanlarından bir neçəsinin başı əməlli-başlı xarab olub, sarsaq qərarlar verib, saray əhlinin və rəiyyətin başına oyun açıblar.
Tərs kimi, balaca adamlar dəli olanda əl-qollarını sarıyıb bir hücrəyə salmaq olursa, Osmanlı xanədanı gicqulu padşahın qolunu sarıyanacan, dəlinin biri olduğunu sübut edənəcən nə qədər adamın kəlləsi gedib. Kimsə deyə bilər ki, bəlkə də o vaxt adı dəliyə çıxarılmış gənc sultanlara qarşı da “qara piar” aparılb. Amma tarixi məxəzlər, şahidlər var, təhqiqatçılar rəsmən təsdiqləyiblər ki, Mustafa və İbrahim tamamilə ağıldankəm olublar.
Tramp isə göz önündədir, hər gün əmrlər, sərəncamlar, fərmanlar verir, Tvitterdə statuslar yazır, çıxışlar edir, açıqlamalar verir.
O danışdıqca amerikalılar və dünya ictimaiyyəti qorxur. Çünki əlində nüvə bombalarının açar-kilidinin daşındığı çamadan var. Hələ o, vəzifəsinə başlayarkən and içəndə məşhur adamlardan biri demişdi ki, bu adama nüvə çamadanını vermək olmaz.
Tramp hakimiyyətə gələnə qədər dünya mediası ən çox Putindən yazırdı, onun ruhi tarazlıığının, emosional durumunun söhbətini edirdi, hazırda isə Putin qalıb qıraqda, hamı Trampdan yazır.
Bu xüsusda ataların dediyi kəlamlardan biri də təxminən belədir: hiperhəssas və impulsiv başqa bir hiperhəssas və impulsivi görəndə nüvə çamadanını dalında gizləyər.