“Darvazamızı fələk vurubdu”
(Əbdürrəhim bəy Haqverdiyev, “Mirzə Səfər” hekayəsindən)
Avropa Parlamenti Gürcüstan vətəndaşları üçün Şengen vizasını ləğv etdi. Artıq apreldən gürcülər və Borçalıda yaşayan azərbaycanlılar Avropaya maneəsiz gedib-gələcəklər.
Məncə artıq vaxtdır, gürcülər bizim Gəncə darvazasının bir tayını geri qaytarsınlar. İndi o darvaza bizə lazımdır – orta əsrlər istiqamətində gedən bizik. Hərçənd, ola bilər gürcülər Avropaya elə bizim darvazadan keçib getdilər, axı həmişə “Azərbaycan Şərqlə Qərb arasında qapıdır” deyirik.
Sözgəlişi, bizimkilər də bir ara bu qapı söhbətinə görə özlərinə yaman əl qatmışdılar, hətta Ələtdə liman da qayırdılar, ancaq ora üzüb gələn olmadı. Çünki Çin və Avropa arasında qədim İpək yolu artıq tamam başqa yerdən keçir, biləsiniz. Yanvarın 19-da Çindən ilk yük qatarı 16 günlük səfərdən sonra Londona çatdı, bununla da marşrutun əsasını qoydular. Həmin qatar yolu Qazaxıstan, Rusiya, Belarus, Polşa və başqa Avropa ölkələrindən keçir, gördüyünüz kimi, burda Azərbaycanın “a”sı da yoxdur. Daha bir beynəlxalq projeyə boynumuzu büküb uzaqdan baxırıq, çünki milyardlarla vəsaiti Bakı-Qars dəmiryolu adıyla basıb yeyən başçılarımız vardır.
Bu arada bir dəstə avaranı Müsavat Partiyasının ofisi qarşısına yığıb müsavatçıları söydürdülər. Ora gətirilənlər nə deyəcəklərini də bilmirdilər, o üzdən ancaq çılpaq söyüşlər söyüb getdilər. Bir gicbəsər isə hətta meqafonla belə qışqırdı: “İsa Qəmbər, sən Milli Məclisin sədri olanda deputatların sözünü kəsirdin!”. Təsəvvür edin, söhbət 1992-93-cü ildən gedir. Və 2017-ci ildə biri gəlib deyir ki, 24 il qabaq kiminsə sözünü niyə kəsdin. Bu qədər mənasız aksiya…
Hökumət bunu niyə edir, anlaşılmır, çünki müxalifətin nəfəsini çoxdan kəsiblər, ənənəvi müxalifət, o cümlədən Müsavat kiçik dissident qrupları şəklində güc-bəla ömrünü sürür.
Məncə yeganə səbəb kasıbçılıqdır. Neft pulu çox olanda müxalifəti söyməyə ehtiyac qalmırdı – hərənin ağzını beş-on manatla yumurdun, qurtarıb gedirdi. İndi isə yenidən xalq düşmənləri, daxili təxribatçılar, qara dairəyə alınan siyasi liderlər videolarına qayıdışdır. Bunsuz olmaz. Hər bir özünə hörmət edən totalitar sistemin iqtisadi çətinliklərdən diqqəti yayındırmaq, xalqı dahi rəhbər ətrafında sıx birləşdirmək üçün müxtəlif kateqoriyalı düşmənlərə ehtiyacı var. “Bunlar qoymur, yoxsa regionlar inkişaf edərdi” – tema budur.
O baxımdan, cəmi 3 gün qabaq nazirlərin iştirakı ilə keçirilən müşavirədə regionların inkişaf proqramının fısqırıq nəticələri haqda danışılanlara kimsə əks-sual verməməlidir. Misal üçün, soruşmaq lazım deyil ki, əgər regionlar belə inkişaf edibsə, nədən dövlət büdcəsinin gəlirlərində regionların vergiləri cəmi 3 faizdir? Qalan 97 faiz Bakı-Abşeronun payına düşür. Ola bilərmi regionlar inkişaf eləsin, ancaq vergi verməsin? Ola bilər. Niyə də olmasın? O kinoda Eldəniz Zeynalovun qəhrəmanı deyən kimi: “Lazım gəlsə, olar”.
Belə gözəgörünməz, ilahi əməllərimiz geniş çeşiddədir. Dünən oxudum: daxili işlər nazirinin əmri ilə Filankəs Filankəsov Xocalı rayon polis şöbəsinə rəis təyin edilmişdir. Rayon faktiki yoxdur – yerində işğalçılar turp əkiblər, əhalisi genosidə uğrayıb, canını qurtarıb qaçan yazıqların hərəsi bir dərədə zülm çəkir, ancaq rayonun polis rəisi isə var! Eynilə bir lətifədəki kimi: adam qəssabdan ciyər alır, bunu necə bişirməyi də ordaca öyrənib kağıza yazır, evə gedəndə bir it çıxır, əti qapıb aparır. Adam itin dalıyca baxıb gülə-gülə deyir: “Apar, apar, onsuz konspekt məndədir, yeyə bilməyəcəksən”.
Yeyə də bilməzlər. Odur, deputatlarımız toplaşıb qərar veriblər ki, biz İrəvanı ermənilərdən almalıyıq, qədim torpağımızdır. Ancaq Qarabağ arada qaldı elə bil ki. O zaman İrəvan Ermənistanın içində anklavımız olmazmı? İrəvanı alıb Qarabağla dəyişmək də yaxşı plandır.
Hərçənd, dünən bir nəfərin çıxışını oxudum, deyir, Lələtəpədən baxanda 500-600 kilometr radiusda hər yerə nəzarət eləmək mümkündür. Məncə az deyib. Ordan Venera planetinə qədər hər yer görünür.
Açıq havada hətta Çin qatarıyla Polşadan Almaniyaya keçən gürcüləri də görmək olurmuş.