Ədliyyə Nazirliyinin təzəcə açıqladığı rəqəmlərə görə Azərbaycanda dövlət qeydiyyatına alınmış kütləvi informasiya vasitələrinin sayı 5100 ədəddir. Loru dildə desək, ölkədə guya bu qədər qəzet-məzet, telekanal-zad vardır.
Bəs görəsən niyə yazıq zəhmətkeşlərin dərdinin beş mində bir hissəsi bu kağızlara və efirlərə çıxmır? Yalandan ölü KİV-ləri hesaba, dəftər-kitaba salıb sovet “pripiskası” (hər dəfə bunu yazanda az qalıram “pipiska” yazım, güclə düzəldirəm; bir gün amma yazacağam) ilə məşğul olmağın nə mənası var ki? Beş min ölü qəzetdənsə, beş dənə abırlı qəzet çıxması yaxşı deyilmi?
Özü də bu söz azadlığının boğulması ilk növbədə iqtidarın özünə ziyandır. Hələ istidir, beyinləri qandır, necə yanlışa yol verdiklərini anlamırlar. Çünki həqiqi jurnalistika cəmiyyətdə, ölkədə hansı proseslərin getdiyini aşkarlamaq, vaxtında hökumətə siqnallar ötürmək üçün ən önəmli, birinci sırada duran vasitədir. Çuğulların ödənişli sistemi, məxfi xidmətlər, polis və icra orqanları heç bir halda jurnalistikanı əvəz edə bilməz. Onlar büdcədən maliyyələşdikləri üçün rəhbərliyə həqiqəti demirlər. Desələr, pullarının azalacağından, cəzalanacaqlarından qorxurlar. Avtoritar rejimdə bu qorxuya haqları da çatır. Acı həqiqətdənsə şirin yalan yaxşıdır – rejim qulluqçularının, ümumən sistemin söykəndiyi “prinsip” budur. Nəticədə aşağılardakı problemlər yerindəcə, vaxtında həll olunmur (hətta repressiv üsulla həlli də nəzərdə tuturam), yığılıb qalır, bir gün daha ciddi fəsadlar, metastaz verir, yuxarılara vurur. SSRİ belə dağıldı.
Bizdə ən qəribə işlərdən biri isə çıxmayan qəzetlərin rüşvətxorluğu haqda məlumatların yayılmasıdır. Məsələn, bir qəzet var, hələ keçən ilin payızından çapı dayanıb. İndi isə saytlara məlumat basırlar ki, həmin qəzet məmurlardan çoxlu pul alırmış. Bunu o qəzet çıxanda niyə yazmırdınız? Belə çıxır ki, bizdə “ən yaxşı qəzet ölü qəzetdir”. Dayanan qəzetin hörməti, bazburutu çoxalırmış, məmurlar rüşvət vermək üçün növbəyə dayanırmış. Gəl indi bu ölkədən baş aç… Yazı yazmağı bacarmayan adamlar jurnalist təşkilatlarına başçılıq edirsə, çıxmayan qəzet niyə rüşvət almasın? Yaxşı edirlər.
Ümumiyyətlə, bizdə kimin, nəyin ayağı “o dünyaya” dəyib qayıdırsa, daha qəddar olur. Bir hakim var, axmaq qərarları ilə ad çıxartmışdı, bir gün söhbət çıxdı ki, hakim ölüm ayağındadır, infarktmı, insultmu, insestmi – uzun sözün qısası, nəsə iniltili bir proses keçiribdir. Bütün millət sevindi, toy bayrama qarışdı, bunun vaxtilə tutduğu günahsız adamlar məhkəmənin qabağında yallı getdilər. Ancaq iki-üç gün qabaq hakim xortdayıb qayıtdı, elə qayıtdığı gündə də dərhal 3 nəfərin hərəsinə 10 il həbs cəzası verdi. Deməli, haqq dünyası, inkir-minkir, nə bilim, gözə görünən işıq-zad hamısı yalan-palandır, adam o tərəfi görəndə daha əzazil olur. Əzrayılda da günah çoxdur: bunu ya apar, ya da nə apar-gətir oyunu oynayırsan ki? Altını zəhmətkeşlərimiz çəkir axı.
Ədliyyə Nazirliyinin daha bir yandırıb-yaxan (düşmənləri – bizə kayf verir) açıqlaması qeyri-hökumət təşkilatlarımızın sayı ilə bağlıydı. Deyir, keçən il ölkədə qeydiyyata alınan QHT sayı 4300 olmuşdur. Halbuki, insan hüquqları ilə məşğul olmağa bir adam tapa bilmirsən lazım gələndə. Olan-qalan yetimlərin də hesabını bağlayıb, özlərini ərazidən qovublar xaricə. İnsan haqları cəhənnəmə, heyvan hüquqları ilə bağlı da QHT tapmaq çətindir. Yiyəsiz itlərimiz Nyu Yorkda qaçqınların mitinqinə qatılır. Ancaq hökumət QHT işinə də pambıq planı kimi baxır, özündən saxta təşkilatlar uydurub hərəsinin ağzına qrant-mrant atır.
Bəzi idarələr isə nəinki rəqəm uydurur, hətta tabeliyindəki rəqəmləri də saya bilmir. Xüsusən Təhsil Nazirliyi kimi idarə üçün saymağı bacarmamaq eyib olur. Bəs sən uca millətin burnufırtıqlı cocuqlarına (Cocuq Mərcanlıya görə hökumətin qərarı var: indən belə bütün “uşaq” sözləri “cocuq”la əvəz edilməlidir) riyaziyyatı necə keçəcəksən? Fakt isə budur: “Trend” agentliyi orta məktəblərimizdə nə qədər idman zalı olduğunu soruşub, Təhsil Nazirliyi isə deyib ki, bunun sayını dəqiq, konkret demək mümkün deyil.
Necə yəni mümkün deyil? Ölkədə 4513 məktəb var, bunların idman zalını saymaq nazirlik üçün niyə çətin olur? Məktəbin binası meşədirmi, burda girib çaqqal sayasan, çətin ola? Ya yapistlərin villa otaqlarının sayı kimi sonsuz bir şeydir?
Mən uşaqların yerinə olsam, bu idarənin heç bir sualına konkret cavab vermərəm. Müəllim soruşsa iki dəfə iki neçə edir, denən konkret bilmirəm, amma lazım gəlsə hesablamaq olar bəlkə də…