Öncədən bilinirdi ki, bu qış sərt keçəcək. Sinoptiklər hələ yay aylarından xəbərdarlıq edirdilər ki, bu qış son əlli ilin ən sərt qışı olacaq.
Ötən ilin noyabrında, hələ payız ikən yağan qar sərt qışın xəbərdarlıq siqnalı idi. Ondan sonra bir xeyli ilıqlaşan hava insanların sərt qışa dair şübhələrini dağıtdı, onun yerini “deyirlər dəə, hansı sözləri düzdür ki, bu da düz ola” kimi fikirlər aldı.
Budur, sərt qış öz qar-boranı, çovğunu, buzu, şaxtasıyla qapıdadır. İnsanlar hazırlıqsız və çaşqındırlar.
Əslində dünyanın hər tərəfində qar problem deməkdir. Şimal ölkələrində də güclü qar yağanda yollar bağlanır, nəqliyyatın hərəkəti iflic olur, gediş-gəliş çətinləşir, istilik, enerji problemləri yaranır. Ancaq onlar qısa müddətdə bu problemlərin öhdəsindən gəlirlər. Çünki hər cür hazırlıqları, müvafiq texnikaları var.
1 il iki ay öncə İsveçin paytaxtı Stokholmda olanda şəhərdə az miqdarda qar yağmış, ərimişdi. Ancaq getdiyimiz yerlərdə fikir verdim ki, səkilərə iri, dənəvər qum səpilib. Qum dənələri səkilərin estetik görünüşünü korlayır, şəhəri çirkli göstərirdi, üstəlik, ayaq altında qalıb xırçıldayır, narahatlıq yaradırdı. Amma məlum oldu ki, bu qumu səkilərə ondan otrü səpiblər ki, insanların ayağı sürüşməsin, yıxılıb travma almasınlar. “Qar mövsümü bitəndən sonra süpürüb yığışdıracaqlar” – dedilər.
Bizdə isə yerə 1-2 santimetr qar yağdımı, xəstəxanaların travmatologiya şöbələri səkilərdə sürüşüb yıxılan və xəsarət alan insanlarla dolub-daşır. Ona görə ki, maşın yollarına (o da əsasən magistrallara) az-çox duz-qum səpilsə də, səkilərə baxan yoxdur. Hər kəs öz evinin, mağazasının önünü təmizləsə, təmizləyir, təmizləməsə, “gələn-gedənin nökəri deyiləm ki” deyə eqoistcəsinə düşünsə, səkilər hokkey meydançası kimi olur.
Ölkəmiz nə qədər cənub diyarı sayılsa da, şimal yarımkürəsində yerləşir və şimaldan, Sibirdən, Balkandan gələn soyuq hava kütlələri daima buralara da çatır. Dağlıq rayonlarda qar mövsümü xeyli uzun çəkir, bəzən aran rayonlarına da qar yağır. Rayon yerlərində, kəndlərdə qar fəlakət deyil, bərəkətdir. Amma iri şəhərlərdə intensiv qar yağışı əsl fəlakətdir, insanlara problem yaradır, iztirab verir.
İşə, dərsə, xəstəxanaya, dükan-bazara gedən yüz minlərlə insan buz bağlamış yollarda, donub şüşə kimi olmuş səkilərdə əsir-yesir qalır, mənzil başına çatana qədər təhlükələrdən keçirlər. Demək, şəhər təsərrüfatı qışa daima hazır olmalıdır.
Belə görünür ki, son 5-6 ildə küçələri qardan təmizləmək üçün xeyli müasir texnika tədarük edilsə də, şəhər təsərrüfatı sistemində kifayət qədər işçi olsa da, ya işin düzgün koordinasiya olunmaması səbəbindən, ya da səriştəsizlik üzündən bu sahədə problemlər, çatışmazlıqlar var.
Məsələ həm də ondadır ki, mənzil-kommunal təsərrüfatı idarələrində çalışan o işçilərin tam əksəriyyəti təqaüd yaşı civarında olan qadınlardır və onlar şəhəri qardan, buzdan təmizləmək gücündə deyillər.
Çıxış yolu ya şəhər sakinlərinin qarlı günlərdə könüllü iməciliyə cəlb edilməsidir (qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov belə bir təşəbbüslə çıxış etmişdi), ya da müvafiq xarici təcrübəni öyrənmək və tətbiq etməkdir.
Məsələn, internet resurslarında Yaponiyanın qarlı küçələrini göstərən videolar var: yol kənarında 1 metrlik, hətta daha qalın qar qalağı var, avtomobillərin hərəkət etdiyi yollar isə qupqurudur. Maşınlar sanki qar tuneli ilə hərəkət edir.
O cür şəhər saxlamağı, qar təmizləməyi, insanlara rahatlıq yaratmağı, nəhayət, öyrənməliyik.
“Bizdə qar uzağı 2-3 gün olur” demək və bu işə başdansovdu yanaşmaq olmaz. Qar 2-3 günlük olsa da, bunun tez-tez yağan yağışı, il on iki ay əsib-sovuran küləyi var. Meqapolis bütün təbiət hadisələrinə hazır olmalıdır. Yerə payız qırovu qədər qar düşəndə tıxac yaranmamalıdır.
Bu çətin iş deyil. Bundan ötrü dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Yetər ki, aidiyyatı strukturlar ayrılmış vəsaiti təyinatı üzrə xərcləsinlər, vicdanla işləsinlər.