Alla Puqaçovanın rəfiqəsinin fotoşopu

İndiki gənclər bilməz, fotoşop sovet vaxtı da vardı. Sadəcə, o vaxt bunu hər adam edə bilmirdi, internet yox, kompüter proqramları yox, müvafiq texnoloji imkanlar yox. Amma usta fotoqraflar vardı və bir şeylər düz-qoş edə bilirdilər.

Məsələn, o vaxt şimal rayonlarının birində bir qadın toy müğənnisi öz fotosuyla Zeynəb Xanlarovanın fotosunu yanbayan qoydurmuşdu, sanki rəfiqəymişlər kimi bir mənzərə alınmışdı. O şəkil fotoatelyenin vitrinindəydi. Çox adam bilirdi ki, bu, fotoşop məhsuludur, amma bilməyənlər də vardı. Sonradan o müğənninin ürəyi soyumadı, Alla Puqaçova ilə birlikdə şəklini “yaratdı”. Düzdür, Alla Puqaçova ömründə həmin rayona toy oxumağa gəlməmişdi və şəhərin “o baş” deyilən yerində yaşayan “podruqası” ilə şəkil çəkdirməmişdi, amma inananlar vardı ki, bu şəkil müğənni xanım özü Moskvaya gedəndə çəkilib.
Hətta axtarsaq, ötən əsrin 30-cu illərində də fotoşopdan istifadə ediblər. Bunu Stalinə dair arxiv materiallarından oxumuşam.

Demək, 30-cu illərdə elə olur ki, Stalin, Molotov, Jdanov, Voroşilov və Yejov birlikdə nəsə bir tədbirdə iştirak edirlər. Yejov o vaxt NKVD-nin rəhbəri imiş, ölkədə qanlı repressiya aparırmış. Fotoqraflar da çakkaçak rəhbərlərin şəklini çəkir, “Pravda”, “İzvesiya” kimi qəzetlər həmin şəkilləri çap edirlər. Amma elə olur ki, bir müddət sonra Yejovun özünü də repressiya edir, güllələyirlər. Vaxt gəlir, rəhbərlərin o uğurlu şəklini təkrar çap etmək lazım gəlir, amma baxırlar ki, bay, Stalinin sağ yanındakı tösmərək kişi “xalq düşməni” Yejovdur. Belə olanda usta çapçılar “Yejov”u o şəkildən elə silirlər ki, heç kölgəsi də qalmır.

Fotoşop söhbətinə dəxli olmasa da, bu xüsusda bir xatirəm də var. Kəndimizin ortasındakı parkda qoyulmuş abidə vardı, Lenin baba o boyda skamyada tək oturmuşdu. Yanı boş idi, ən azı bir nəfər də orda otura bilərdi. Sonradan böyüklər dedilər ki, 50-ci illərdə qoyulmuş o abidədə Stalin də Leninin yanındaymış, amma 56-cı ildə Xruşov onu, türkün sözü, kötü adam çıxardanda Stalinin heykəlini kobudcasına qol-bud edərək Leninin yanından götürüblər. Stalinin heykəlinin qurşaqdan yuxarı hissəsi SSRİ dağılana qədər kəndimizdəki klubun səhnəsinin bir küncündə qalırdı. Dahi rəhbərə sevgiyə görə onu atmamışdılar. Bəlkə də o heykəl hələ də ordadır.

Demək istədiyim odur ki, keçmişdə fotoşoplar ya bir şəxsiyyətə sevgidən irəli gəlirdi, ya da nifrətdən. İndinin özündə nifrətdən yaranan fotoşop əsərləri daha çoxdur. Bir də görürsən, bir məşhur adamın şəklini fotoşopdan keçirib bambılı kimi təqdim edirlər, lağlağıya başlayırlar.
Amma son fotoşop qalmaqalı sevgidən, hörmətdən yaranmışa oxşayır. “Palmalı” şirkətinin rəhbərinin adının qarışdığı qalmaqalı deyirəm.

Ümumiyyətlə, Tramp hakimiyyətə gəldi, gələli, dalınca xeyli fotoşop əsərləri gətirib. Hələ onun inauqurasiya gününün ertəsi düzəldilən o şəkil nəydi?

Ara yerdə eks-prezident Obamanın adına söz çıxardılar. Hamımız elə bilirdik ki, Obama doğrudan da əlini Melaniya Trampın, yumşaq desək, yumşaq yerinə qoyaraq, ona “pliiz” deyib, içəri keçmək üçün yol göstərib. Minlərlə adam bu barədə lağlağı dolu statuslar yazmaqdaykən, usta fotoşopçular şəklin orijinalını tapıb sosial şəbəkədə paylaşdılar və məlum oldu ki, mister Obama əlini xanım Trampın kürəyinə qardaşcasına qoyub.

Amma bir dənə fotoşopla az qala Trampın ailəsini dağıdacaqdılar.

Bu baxımdan Mübariz Mənsimovun Trampla yanaşı durduğunu göstərən şəkil elə də böyük qəbahət deyil. Heç demə, onlar gerçəkdən də bir arada olublar, sadəcə, macal tapıb şəkil çəkdirə bilməyiblər. Neyləsin, Tramp təkdir, onunla şəkil çəkdirmək istəyənlər isə itətökdür.
Ən yaxşısı, məşhurların manekenləri ilə şəkil çəkdirməkdir. Bu halda onların qoluna girmək, bellərini qucmaq, hətta yanlarında daha ərkyana pozalarda durmaq olur. Bir şərtlə ki, bu şəkillərlə sonradan manipulyasiya etmək fikrinə düşməyəsən.

Amma sən Trampla çəkdirdiyin şəkildən sonradan siyasi karyera və ya biznesinin çiçəklənməsi üçün istifadə edəcəksənsə, kimlərdəsə “aramızdan su keçmir” rəyi yaratmaq istəyəcəksənsə, biabırçılıq olacaq.

Onu da deyim ki, o vaxt “Alla Puqaçovanın podruqası”nın toyu heç vaxt azalmırdı.