Respublikamızda mətbuata çox böyük diqqət var. Misal üçün, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində məktəbli Nail Heydərov kəndin 3 dükanında dəftər-qələm tapılmadığını rayondakı “Araz” qəzetinə yazaraq bildirmişdir. Bundan sonra rayon istehlak cəmiyyəti dükanı yoxlamış, faktın doğruluğu ortaya çıxmışdır və dükançı Heydər İbrahimova şiddətli töhmət verilmişdir.
Əlbəttə, bütün bu hadisələr uzaq 1979-cu ildə baş vermişdir. İndi istəsən yanında adam başı kəsilməyini yaz – bir adamın vecinə olmaz. Ancaq bəzən maraqlı istisnalar olur.
Təzəlikcə bir sayt REAL vətəndaş hərəkatı üzvlərinin İranın Azərbaycandakı səfiri ilə görüşməsi, səfirdən pul alması haqda nəsə qırıldadıbdır. Bundan sonra baş prokurorluq REAL üzvlərini bir-bir çağırıb dindirir. Bunun nəyi maraqlıdır, yazım, oxucular intizarda qalmasın.
Öncə REAL haqda qeyd edim ki, bunlar deyəsən hələ siyasi partiya olmağı da mümkün edə bilməyiblər. Ya hökumət qoymur, ya özləri istəmir – açığı, bilmirəm. Deyəsən qeydiyyatda almırlar. Qurumun rəhbəri İlqar Məmmədov isə 4 ildir qanunsuz həbsdə saxlanılır. (Onu azadlığa buraxmaq haqda Avropa Məhkəməsinin – bizim ali instansiyanın qərarı var). Bəs qeydiyyata almadığın siyasi qurumu hansısa xarici təşkilatdan maliyyələşməkdə suçlamaq nə dərəcə etikdir? Aydın məsələdir, lap hesab edək tək siyasi partiya yox, ictimai qurumların da xaricdən pul alması qanunla qadağandır. Ancaq sən bunu deyəsən heç ictimai qurum olaraq da qeydə almamısan, sənədləri Ədliyyə Nazirliyində coraba doldurulub, top oynanılıb.
Yəni, belə əndrəbadi, qeyri-müəyyən bir hadisədir. Bir bayatımızda eynilə bu durum təsvir edilibdir:
“Bağban, mənə bar gətir,
Əsirgəmə, var gətir.
Əkilməmiş ağacdan
Dərilməmiş nar gətir”.
Azərbaycan-İran münasibətləri həmişə sadə vətəndaşın başında çatlayır nədənsə. Rəhbərlik bir-biriylə yaxşı dil tapır, yeri gələndə qucaqlaşır, öpüşür, fısıldaşırlar. Xalq isə burdan Təbrizə həkimə gedəndə sərhəddə basabasda ölür. Ya da ordan bura ticarətə gələndə narkotik alverçisi adıyla tutub dama salırlar. Siyasi ittiham da çox olub. Son 23 ildə yapistlər bəlkə 230 adamı “İran agenti” adıyla damlayıblar. Olsun, buna sözümüz yoxdur. Qarışıq dünyadır, mütləq hərə kiminsə agenti olmalıdır. Ancaq bu işdə səmimiyyət hanı?
Niyə o şeylər ki, dövlətə, hakimiyyətə icazə verilir, vətəndaşa qadağan olunur? Xaricdən pul almaq, maliyyələşmək belə pis işdirsə, siz də eləməyin da bə! Azərbaycanın neçə milyard xarici borcu var, bunlar havadan yaranmayıb ki? Nəsə öhdəlik götürüb, əvəzində o dövlətlərə, banklara, beynəlxalq maliyyə qurumlarına nəsə milli mənafe ödəyib pul almısınız. Dövlət alanda kredit, vətəndaş alanda satqınçılıq olur, eləmi? Elə baş prokurorluğun REAL-ı dindirdiyi gün İslam İnkişaf Bankının vitse-prezidenti Sayed Ağa müəllimin intervüsü var idi, deyir Azərbaycana hər cür pul verməyə hazırıq, indiyə qədər isə 1 milyard 300 milyon dollar borc vermişik. İslam İnkişaf Bankın səhmlərinin 10 faizə yaxını məhz İrana aiddir. (müqayisə üçün: Azərbaycanın bu bankda payı 0,13 faizdir – heç 1 faizə də çatmır).
Beyləqandakı məktəbinə tualeti yaponlara düzəltdirən dövlətin öz vətəndaşının hansısa əcnəbi ilə görüşündən xoflanması tragikomikdir. Belə qüdrətlisənsə, buyur, tualeti də özün tik. Buyur, aftafanı özün burax. Əks halda məcbursan xaricdən maliyyələşən o tualetdə unitaza və aftafaya”böcək” quraşdırıb gələn səsləri dinləyəsən.
Sonda bir oxucu məktubu. Novxanıdan Sona xanım yazır: “Novxanıda guya yol çəkirlər. Bütün su krantlarını, su xətlərinin evlərə giriş hissəsini söküb aparıblar. Ya da kəsib harasa atıblar – heç kimə məlum deyil. ”Azəravtoyol” bizi boğaza yığıb. Hara şikayət edirik, baxan yoxdur. “Azərsu” da deyir biz bilmirik. İndi bu yol çəkilişi haçan bitəcək, evlərə su haçan veriləcək – bilinmir. Bir dövlət idarəsinin o biri dövlət idarəsi ilə əlaqəsi yoxdur. Biz susuzluqdan ölməliyik?”