Şahzadə Diananın faciəli şəkildə ölümündən 20 il keçib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, oğulları Uilyam və Harri Böyük Britaniyanın keçmiş şahzadəsinin ölüm ildönümündə onun heykəlini qoydurmağı planlaşdırırlar.
“Anamızın ölümündən 20 il keçir. Heykəlini qoyduraraq onun Böyük Britaniya və dünya üçün önəmli biri olduğunu göstərmək istəyirik. Ümid edirik ki, bu abidəni ziyarət edən hər kəs Diananın həyatı və mirasını xatırlayacaq” deyə, şahzadələr bildiriblər.
Diananın heykəli Londonda Kensinqton sarayının həyətində qoyulacaq. Onun həvalə olunacağı heykəltəraşın adı hələ bəlli deyil. Amma şahzadə Uilyam və Harri bunun üçün ödəyəcəkləri vəsaiti ayırıblar.
Qeyd edək ki, Diana 1997-ci il avqustun 31-də Parisdə avtomobil qəzasında dünyasını dəyişib.