Azərbaycan rəhbərliyinin Qarabağa qayıdış qərarı və Bakı ermənilərinin İrəvandan imtina edib ölkəmizə gəlməsi Ermənistanı fakt qarşısında qoyub; mövcud durumu şərh edən ekspertlər mümkün gözləntilərdən də danışdılar…
2016-cı ilin aprelində dördgünlük müharibə zamanı işğaldan azad olunan Cəbrayıl rayonunun Çaxırlı inzibati ərazi vahidliyində yerləşən Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı verilən qərar ölkə gündəminin əsas müzakirə mövzularındandır. Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamından sonra Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları ərazidə təmizlik, təhlükəsizlik və kəşfiyyat işlərinə başlayıb.
Kəndin ərazisi mina və partlamamış silah sursatlardan təmizlənilir. Müşahidəçilər hesab edir ki, ölkə başçısının sərəncamı işğal olunmuş ərazilərimizin vazkeçilməzliyi ilə bağlı rəsmi Bakının prinsipial mövqeyinin sübutu olmaqla yanaşı, həm də təbliğat müharibəsində Ermənistana ciddi cavabdır.
Qeyd edək ki, ötən il Serj Sərkisyan hakimiyyəti “aprel müharibəsində” işğaldan azad olunmuş ərazilərin “geri qaytarılması” ilə bağlı absurd bir tələb irəli sürəcək qədər həyasızlıq göstərirdi. İrəvan danışıqların bərpası üçün bunu şərt olaraq irəli sürsə də, rəsmi Bakının sərt mövqeyi qarşısında susmağa vadar oldu. Azərbaycan rəhbərliyinin məhz keçən il düşmən təhdidindən azad olunan ərazilərin bir hissəsinin bərpası haqda qərar verməsi Qarabağla bağlı dəyişilməzi mövqenin növbəti dəfə təsdiqi hesab edilir.
Diqqətçəkən odur ki, təbliğat müharibəsində Bakıya elə ermənilərin özləri də yardımçı olmaqda davam edir. Belə ki, Sərksiyan hakimiyyətinin yaramazlıqlarından, “Qarabağ kartı”ndan hakimiyyəti saxlamaq metodu kimi istifadə olunmasından bezikən ermənilər Azərbaycanda yaşamaq üçün davamlı müraciətlər edirlər.
Ermənistan rəhbərliyi “Meridian” qeyri-hökumət təşkilatının sədri, jurnalist Suzanna Caqinyanın İrəvanı nümayişkəranə şəkildə tərk edərək Azərbaycana gəlməsi və burada işləməyə başlaması Sərkisyanın yalanlarından bezən digər erməniləri də analoji qərara həvəsləndirib. Elə bu günlərdə daha bir erməni qadın Bakıya gəldi və burada qalmaq istəyini bildirdi. Bu kimi faktlar isə Sərkisyanın “dünya yığılsa da, Qarabağ ermənilərini Azərbaycanla birgə yaşamağın mümkünlüyünə inandıra bilməz” iddiasının alt-üst olması deməkdir.
Paralel olaraq erməni və azərbaycanlılardan ibarət Sülh Platformasının üzvlərinin artması, buraya dünyanın müxtəlif ölkələrində yaşayan erməni fəalların qatılması və hətta təhdidlərə rəğmən Ermənistanın işğalçı siyasətinə qarşı çıxaraq Azərbaycanın mövqelərini müdafiə etmələri İrəvanın iddialarına tutarlı cavabdır. Beləliklə, Azərbaycan rəhbərliyi nəinki işğaldan azad olunmuş ərazilərə qayıdışı təmin edir, üstəlik, Sərksiyan rejimindən canını qurtarmağa çalışanlara da yaşayış imkanı yaratmağa hazır olduğunu bildirir ki, bu da həm Ermənistan, həm də Qarabağ ermənilərinə ciddi mesajdır.
Politoloq Arzu Nağıyev də “Yeni Müsavat”a bildirdi ki, Cocuq Mərcanlıya qayıdış ilk növbədə aprel qələbəsinin davamı kimi başa düşülməlidir: “Bu, bir başlanğıcdır və sona qədər davam etdiriləcək bir prosesdir. Məlumdur ki, aprel döyüşlərində 2 min hektardan artıq ərazimiz erməni işğalından azad edilib və artıq bu yerlərdə yaşayışın bərpası məsələsi həll edilməlidir. Çünki bu gün hər bir vətəndaşımızın əsas məqsədlərindən biri işğal edilmiş ərazilər azad edildikdən sonra soydaşlarımızın öz doğma torpaqlarına qaytarılmasını təmin etməkdir. Bildiyimiz kimi, bu gün Cocuq Mərcanlı kəndində tikinti işlərinə start verilib, 50 ev, eyni zamanda məktəb binası tikiləcək,Tərtər rayonunda da aprel döyüşlərində azad edilmiş ərazilərdə binalar inşa olunur, tikinti işləri aparılır. Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Azərbaycan üçün prioritet olaraq qalır və ərazilərimizin işğaldan azad edilməsi üçün bütün mümkün imkanlardan istifadə etməyə, sonuncu terrorçunun da ərazilərimizdən çıxarılması üçün hərbi əməliyyatlar keçirməyə hazırıq”.
A.Nağıyevin fikrincə, bütün bu proseslər ermənilər üçün bir dərs olmalıdır: “Onlar və havadarları başa düşürlər ki, ərazilərimizdə ikinci bir erməni dövləti yaranmayacaq, işğalçıların son nəfərinədək Azərbaycan ərazilərindən çıxarılmasına nail olunacaq və böyük qayıdış davam edəcək. Bu təbii ki, ermənilərdə qıcıq da yaradır, hətta qorxu hissini artırır desək, yanılmarıq. Onlar məğlub olduqlarını etiraf etməsələr də, artıq özləri haqqında yaratdıqları mifin sındığı ilə çoxdan razılaşıblar. Belə olmasaydı, Ermənistandan Azərbaycana son vaxtlar bu qədər erməni millətindən olan şəxslər gəlməzdi. Təzada baxın ki, biz öz torpaqlarımıza qayıtmaq arzusu ilə mübarizə aprırırq, ermənilər isə öz torpaqlarından aclıq və səfalətdən qaçırlar. Belə faktlar bu gün böyük əhəmiyyət kəsb edir və bir təbliğat kimi də istifadə edilməlidir”.
Ermənistan ordusunda özbaşınalıqların sayının getdikcə artması, işğal altındakı ərazilərdə döyüş postlarına çıxmaqdan imtinaya görə əsgərlərin intihar etməsi, yaxud yüksək komandanlıq tərəfindən güllələnməsi də ondan xəbər verir ki, Azərbaycanın son zamanlar yürütdüyü siyasət öz bəhrəsini verməyə başlayıb. Artıq düşmən əsgəri özgə torpaqlarında ölməkdən açıq şəkildə imtina edir. Elə ermənilərin açıqladığı statistika da bunu deyir. Belə ki, 2016-cı ildə Ermənistan silahlı qüvvələrində qətllər, intiharlar və başqa hadisələr səbəbindən ölüm halları əvvəlki illərə nisbətən artıb (Virtualaz.org). “Mən həmişə hesab edirdim ki, sərhəddə vəziyyət nə qədər gərgindirsə, hərbi hissələrdə də bir o qədər diqqətli və səfərbər olurlar. Ancaq əksi oldu”, – deyə “Yurnalistlər insan hüquqları naminə” ictimai təşkilatının sədri Janna Aleksanyan bildirib. Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi bütün xalqın əsgərlərin həyatı ilə yaşadığı keçənilki aprel eskalasiyası günlərində cəmiyyətin məlumatlandırılması işinin öhdəsindən də gələ bilməyib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə mövzunu şərh edərkən dedi ki, Azərbaycan Ermənistanla isti müharibə aparmaqla yanaşı, informasiya müharibəsi də aparır: “Bu baxımdan ”Dağlıq Qarabağ Azərbaycan ərazisidir” deyən ermənilərin Bakıya gəlişlərinə, o cümlədən üzvlərinin sayı hər keçən gün artan Sülh Platformasının fəaliyyətinə müsbət baxıram. Belə baxanda biz Dağlıq Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşı kimi qəbul edirik. Onlara da ona görə muxtariyyət statusu verməyə hazırlaşırıq ki, vətəndaşımız olaraq Azərbaycanda həyatlarını davam etdirsinlər. İndi biz bunun əksinə siyasət aparsaq, “yox ermənilər gəlməsinlər və o birilər də getsinlər” və ya başqa şüarlar irəli sürsək, bu, informasiya müharibəsində İrəvanın xeyrinə işləyəcək. Onda deyəcəklər ki, “gördünüz, ermənilərlə azərbaycanlılar bir yerdə yaşaya bilməzlər”. Biz bu tezisin doğru olmadığını sübut etmək üçün Azərbaycanın ərazi bütövlüyünü qəbul edən erməniləri öz tərəfimizə çəkməli və onlarla işləməliyik”.
Ekspert hesab edir ki, informasiya müharibəsində başqa bir amil də bizim xeyrimizə işləyir: “Erməni saytlarından biri Ermənistanın demoqrafik vəziyyəti ilə bağlı maraqlı statistika açıqlanıb. 2016-cı ilin avqust və sentyabr ayında Ermənistandan Avropaya köçənlərin sayı 9 ilin ən yüksək göstəricisidir. Əgər 2008-ci ildə hər ay Ermənistandan Avropa ölkələrinə köçənlərin sayı 385 nəfər idisə, keçən ilin avqust ayında 1110, sentyabr ayında isə 1185 nəfər ölkəni tərk edib. Köçənlərin əksəriyyəti 18-34 yaşlarında olan gənclərdir”.
E.Şahinoğlunun sözlərinə görə, ən maraqlısı odur ki, ötən il bir qrup silahlının İrəvan yaxınlığında polis məntəqəsini ələ keçirməsi hadisəsi köçün artmasına səbəb olub: “Serj Sərkisyanın hakimiyyətdə olduğu 2008-2015-ci illər arasında Ermənistanı 300 minə yaxın insan tərk edib. Keçmiş prezident Robert Köçəryanın prezident olduğu 1998-2008-ci illərdə isə Ermənistanı 135 min insan tərk etmişdi. Bu rəqəmlər onu göstərir ki, Köçəryanla müqayidəsə Sərkisyanın hakimiyyəti dövründə Ermənistanı tərk edənlərin sayı iki dəfə artıb. Ermənistan vətəndaşlarını ölkələrini tərk etməyə iki başlıca səbəb vadar edir: birinci səbəb ağırlaşan iqtisadi və sosial durumdur. İnsanlar yaxın gələcəkdə vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə inanmırlar. Bunun üçün resurs yoxdur. Ermənilər inandıqları və etibar etdikləri hakimiyyətı formalaşdırsalar belə, həmin hakimiyyət əlindəki resursla vətəndaşlarının həyatını müsbətə doğru dəyişə bilməyəcək”.
Politoloqa görə, erməni köçünün ikinci səbəbi cəbhə bölgəsindəki ağır vəziyyətdir: “Ermənistanla Azərbaycan arasında sülh olmadığına görə Dağlıq Qarabağ ətrafında vəziyyət gərgin olaraq qalacaq, Ermənistan ordusu hər gün itki verir. Müharibə və lokal toqquşmalar ehtimalı yüksəkdir. Ona görə də erməni gənclər Ermənistandan kənarda – Dağlıq Qarabağda ölmək perspektivindənsə ölkəni tərk etməyə üstünlük verirlər. Bu iki səbəb Azərbaycanı işğalçı Ermənistana qarşı təzyiqi artırmağa həvəsləndirir”.
E.Şahinoğlu əlavə etdi ki, belə bir vaxtda Azərbaycan prezidentinin Cocuq Mərcanlı kəndinin məskunlaşdırılması qərarını müsbət qiymətləndirir: “Bu qərar həm də haqqında danışdığım informasiya müharibəsinin tərkib hissəsidir. Kənd sakinlərinin doğma yerlərinə qayıtmaq istəklərini bildirmələri vacibdir. Cocuq Mərcanlı kəndinin sakinləri qayıdış qərarlarıyla illərdir dillərdə dolaşan ”şəhərlərdə məskunlaşan məcburi köçkünlər geri qayıtmayacaqlar” fikrinin doğru olmadığını sübut etdilər.
İndi hakimiyyətdən iki məsələnin həlli tələb olunur. Prezidentin kəndin yenidən qurulması üçün ayırdığı 4 milyon manatdan faydalı şəkildə yararlanmaq lazımdır. Kənd lazımi infrasturkturla yenidən elə yüksək səviyyədə qurulmalıdır ki, erməni separatçılarının nəzarətindəki yerlərlə fərq açıq görünsün və Ermənistandakı, o cümlədən Dağlıq Qarabağ kəndlərində yaşayan ermənilərin beynində “bizim niyə belə şəratimiz yoxdur” sualı dolaşsın. Kəndlilərin əkin sahələrindən qazanc əldə etmələri üçün də bütün imkanlar səfərbər olunmalıdır.
İkinci məsələ Cocuq Mərcanlı kəndinin təhlükəsizliyin gücləndirilməsidir. Doğrudur, Lələtəpə nəzarətimizdədir, ancaq qarşı tərəf başqa təxribata əl ata bilər. Ona görə də Cocuq Mərcanlıya hər hansı mərminin düşməsi halında qarşı tərəf bundan beş dəfə çox itki verməlidir ki, bir də kəndimizə qarşı təxribat etmək ağlına gəlməsin. Bir sözlə Cocuq Mərcanlı Dağlıq Qarabağa qayıdışımızın nümunəsi olmalıdır. Bu erməni separatçılarına ciddi mesajdır”.
Ermənistanın danışıqlardan birtərəfli qaydada imtinası şəraistində rəsmi Bakının atdığı addımlar Ermənistan hakimiyyətini fakt qarşısında qoyub. Bu günlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında da Azərbaycanın ərazi bütövlüyü növbəti dəfə təsdiqləndi, Azərbaycanın Dağlıq Qarabağ ərazisinin separatçı qüvvələrin nəzarətində olduğu bildirildi. Eyni zamanda Azərbaycan nümayəndə heyəti işğalçı Ermənistanın Kəlbəcər girovlarını azad etməməsinə, həmçinin ötən il şəhid olan əsgərimizin nəşini qaytarmadığına görə düşməni ittiham edib, bu mövqeyə beynəlxalq dəstək alıb.
Ümumilikdə il işğalçı ölkə üçün heç də yaxşı başlamayıb. Sonrakı gedişat Bakının atacağı növbəti addımlarla yanaşı, həmsədr dövlətlər və beynəlxalq qurumların işğalçı ölkəyə münasibətdə necə davranacağından asılıdır. Hər halda beynəlxalq aləm Azərbaycanın vətəndaşı olmuş ermənilərin Bakıda yaşamaq istəyinə uzun müddət fakt qarşısında qalan Ermənistan kimi susqun qala bilməyəcək və bir gün Qarabağda da birgəyaşayışın mümkünlüyünü etiraf edib işğala son verilməsinin zəruriliyini dilə gətirməyə vadar olacaqlar. Rəsmi Bakının həyata keçirdiyi birgəyaşayış “test”i sorğu-suala yer qoymur…
Musavat.com