Yaxud rahat fırıldaq
Hərə böhranı bir cür yola verməyə çalışır. Hökumət qandalları daha çox sıxmaqla, xalq isə milli-mənəvi dəyərlərimizə uyğun – qaçaq-quldurluqla problemləri həll etməkdədir. Bazarlar və dükanlar saxta məhsullarla, idarə və müəssisələr də brak adamlarla dolmaqdadır.
Bir müşahidəmi sizinlə bölüşmək istəyirəm: ən çox saxtalaşdırılan məhsullar təmizlik, gigiyena mallarıdır. Təmizliyimiz saxtalaşdırılıb – rəmzi olaraq. Xüsusən məhəllədaxili kiçik marketlərdə satılan şampun, yuyucu toz, diş pastası, sabun və sairə belə şeylərin azı 50 faizi saxtadır. Bu malları kustar sexlərdə, qanunsuz şəkildə düzəldirlər, eşitdiyimə görə, Hökməli kəndi tərəflərdə bu sexlərin nəsə mərkəzi vardır. Orijinalından qat-qat ucuz satırlar, millət də neyləsin, kasıbçılıqdır, ucuz olmasına aldanıb alır. Hətta bilənlər də alır, çünki əlacsızlıqdır.
Ancaq indi yazacağım fırıldaq bunların hamısından orijinal olması ilə diqqətimi çəkdi. Düzü, fikrimcə, bunu fikirləşən lotu çoxdanın lotusudur – böhranın 2 ilində bu “qanacağı” əldə etmək mümkün olmazdı.
“naRahat” adlı bir marketlər şəbəkəsi var, orda rastlaşdığım başqa fırıldaq üzündən (pulsuz bonus kartını çekə salıb pul çıxmışdılar) çalışıram uzaq durum. Təzəlikcə əlac olmadı, girib bir-iki ərzaq məhsulu aldım. Çıxanda hiss elədim ki, nəsə kassada vurulan qiymət elə bil piştaxtadakı qiymətdən fərqli oldu. Yerindəcə bunu aydınlaşdırmağa vaxt olmadı, evə gəlib çekə diqqətlə baxdım və fırıldağın mahiyyətini başa düşdüm. Vallah, yenə deyirəm, bunu fikirləşən lotuya “Şöhrət” ordeni vermək lazımdır. İzah edim. Öncə qeyd edim ki, fırıldaq elə qurulub, burda istəsən qanun pozuntusu da tapa bilməzsən! Sözün əsl mənasında adamı dolayırlar. Misal üçün, mənə verilən çekdə aldığım qabaq (“kabaçki” – el dilində) tərəvəzinin qiyməti 2 manatdan çox eləmişdi. Cəmi 2 ədəd kiçik qabaq. Çekdə də bu məbləğdir. Fırıldaq isə odur ki, bunlar çekdə qabağın kilosu neçəyədir, onu yox, 380 qramı neçəyədir (5 manat 50 qəpik imiş) onu göstəriblər! Heç mən aldığım neçə qramdır, o da yazılmayıb. O cümlədən, piştaxtalara da bu tip qiymətlər yapışdırıblar. Misal üçün, başqa dükanlarda 3 manatı keçməyən xiyarı 6 manatdan baha satırlar, ancaq bu qiymət piştaxtada belə yazılır: “0,305 kq x 2,45 azn”. Nəticədə mənim aldığım 2 xiyarın dəyəri 1 manat 56 qəpik olmuşdu, üstəlik heç məlum deyildi mən neçə qram xiyar almışam. O üskük oynadıb altındakı kürəciklə camaatın cibinə girənlər vardı ha, təxminən elə bir şeydir.
Necə deyərlər, baş yaxşı başdır, ancaq fırıldaq və xiyara sərf edilib. Yoxsa dünyanın başqa harasında “305 qram”, “380 qram”, “505 qram” (lobyanı belə göstərmişdilər) kimi çəki vahidləri var? Açıq satılan, çəki ilə olan məhsulun qiyməti kiloqrama uyğun yazılmalıdır. Bunlar isə malın kilo ilə qiyməti baha olduğundan özlərindən uydurduqları vahidlə yazırlar. Başa düşürəm, bunu əyani görməyənlərə izah etmək çətindir. O üzdən təkrar yazdım.
Bu “naRahat” marketlər şəbəkəsinin müdirinə pul lazımdırsa, nəsə xəstəliyi-filanı varsa, bunu açıq desin, biz də pul yığaq, verək. Yoxsa zəhmətkeşlərimizi belə dolamaq lazım deyildir.
Sonda bir maraqlı fakt. Dükan-bazara aid deyil, ta o söhbəti bağladıq. Demək, keçən il Britaniyada referendum keçirildi, xalq Avropa Birliyindən çıxmağa səs verdi. Bu da taleyin oyunudur, Türkiyə kimi ora girməkdən ötrü sino gedən dövlətlər var, ingilis camaatı isə çıxmağı istədi. Ancaq hələlik Britaniya AB-dən çıxa bilmir, çünki yerli əngəllər qalır. Misal üçün, 2 nəfər ali məhkəməyə ərizə verib ki, bəs, parlamentin qərarı olmadan, tək referenduma görə hökumət bizi AB-dən çıxarırsa, bu qanunidirmi? Bəs bizim AB üzvü olarkən 40 ildə qəbul elədiyimiz qanunlar hara getsin? Məhkəmə də qərar verdi ki, yox, qanuni deyil, gərək parlamentin də razılığı olsun. Söhbət hələ çox çürüyəcək, mən isə maraqlı faktı yazım: həmin məhkəməyə müraciət yazan 2 nəfərdən biri Deyr Duş Santuş adlı dəlləkdir. Saç ustası. Bərbər. Kefiniz necə istəyir elə də oxuyun. Bir dəllək məhkəməyə müraciət edib, milyonlarla adamın səs verdiyi qərarın icrasını ləngidə bilir.
Bax, bizim milyon il sonra (bəlkə) mahiyyətini başa düşəcəyimiz demokratiya budur. “Çoxluq nə desə odur” – belə demaqogiyalara inanmayın. Demokratiyada azlığın hüquqları da ciddi qorunur.
Sabah saçımı düzəltdirməyə gedəcəyəm, dəlləyimin bu məsələyə mövqeyini öyrənib, sizə çatdıraram.