Korrupsiya reytinqinə görə dünyada geriləmişik. Əslində bunu “irəliləmişik” kimi də qeyd etmək olar – çünki keçən il bundan da gerilərdəydik.
Məsələ ondadır ki, bir neçə il öncəylə müqayisədə biz indi daha az korrupsioner ölkə sayılırıq. Bunu “Transparency İnternational” adlanan və korrupsiya məsələləri ilə məşğul olan təşkilat yayıb.
Adıçəkilən təşkilatın işi belədir ki, hər ölkənin böyrünə bir korrupsiya sayğacı qoyub, belə faktları necəsə sayır, sonra ölçüb-biçir, hər ölkəyə bal və yer verir.
Bizim korrupsiya balımız 30-dur. 100 mümkün xaldan bu qədər toplamışıq və 176 ölkə arasında 123-cü yeri tutmuşuq. Məsələyə “Allah bərəkət versin” prizmasından yanaşmaq lazımdır.
100 balı heç kəsə verməyiblər. Bu da o deməkdir ki, parlamentin vitse-spikeri Ziyafət Əsgərov və baş nazirin müavini Əli Əhmədov “korrupsiya bütün ölkələrdə var” deyərkən haqlıdırlar.
Görün, bizdən geridə neçə ölkə var. Tam 53 ölkə. Düzdür, bizdən qabaqda 122 ölkə var, amma bu bir şey deyil. Əsas odur ki, biz öz gor qonşularımızdan – İrandan, Rusiyadan, keçmiş ittifaq qardaşlarımızdan – Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistandan qabaqdayıq.
Amma bircə pis iş var ki, korrupsiya xüsusunda Ermənistan və Gürcüstandan geridəyik. Başqa sözlə, biz korrupsiya sahəsində də Cənubi Qafqazın lider dövlətiyik.
Həmişəki kimi, Danimarka, Finlandiya, İsveç, İsveçrə, Yeni Zelandiya, Norveç kimi ölkələr “təmiz ölkə” qrafasına giriblər. Bu ölkələr 85-90 bal alıblar. Bu da o deməkdir ki, hər halda onların da balının 10-15 faiz doşab, qənd qarışığı var.
Qardaş Türkiyə də 41 balla yaxınlığımızdadır.
Ancaq maraqlı bir şey var, Şimali Koreya ən çox korrupsiyaya uğrayan Yəmən, Cənubi Sudan, Somali kimi ölkələrin sırasındadır. Hanı bəs Kim Çen In qəddar idi, dövlətə xəyanət edənləri topa qoyub atdırırdı, nə oldu? Belə çıxır ki, onun acgöz məmurları bu totuq və amansız oğlandan qorxmurlar, onsuz da səfil gündə olan dövlətin sərvətini dartıb-dağıdırlar.
Ona qalsa, İrandan çox düzlükdən, dürüstlükdən, haqq-ədalətdən danışan ikinci ölkə yoxdur, üstəlik, dövlətə qarşı cinayətlərə görə ən çox adam asan ölkədir, amma özü 29 balla korrupsiya bataqlığının dərin yerindəymiş. Heç bu ölkədə də korrupsionerləri hər saat incitmirlər. Əllərinə bir fağr korrupsioner (Babək Zəncani) düşüb, ayda bir dəfə xəbər yayırlar ki, asacağıq, amma asmırlar.
“Asan” demişkən, bəzi mütəxəssislərin fikrincə, bu dəfə bizim qanımızın arasına ASAN xidmətin təmiz fəaliyyəti girib, yoxsa adı yuxarıda çəkilən təşkilatın sayğacı bizi aparıb Somalinin yanına salardı, tamamilə rüsvayi-cahan olardıq.
Maraqlıdır, dünyadakı korrupsionerlərin siyahısını tutan ABŞ-ın adı reytinq cədvəlinin nə yuxarısındadır, nə də aşağısında. (Müvafiq informasiyada korrupsiyaya ən az və daha çox uğramış ölkələr barədə məlumat verilib). Güman ki, ABŞ orta yerlərdədir. Yəni bu ölkədə də siyasətçilər, məmurlar iş adamları başlarını dolandırır, amma insaf-mürvət çərçivəsində.
Bəlkə də MTN-dəki, Rabitə Nazirliyindəki korrupsiya çeteləri vaxtında ifşa olunsaydılar, siyahıda daha yaxşı yerlərdə olardıq. Hətta hazırda o biri nazirlik və komitələrdəki korrupsionerlər tezliklə cələklənsələr, gələn il bu vaxt korrupsiya cədvəlində 15-20 pillə yuxarı dırmaşa, ilk yüzlüyə düşə bilərik.
Bu da futbol üzrə FİFA-nın reytinq cədvəli deyil ki, 20 il eyni yerdə – 114-cü pillədə qalaq, hərdən bir az irəliləyək, sonra yenidən 114-ə qayıdaq.