(Eleyalı Zenon müəllimin əziz xatirəsinə ithaf edirəm)
Şəhərdə küçədə hicablı qadının balaca uşağına nəyəsə görə hirslənib “meymun balası” deməsinə şahid oldum. Fikirləşdim yəqin Çarlz Darvin hazırda cənnətdə bundan agah olub dodaqaltı qımışıbdır.
Həyatımız beləcənə-beləcənə paradokslarla doludur. Misal üçün, görürsən universitetin jurnalistika fakültəsinin dekan müavini tələbələrə daxildən xəbər paylaşmağa qadağa qoyur. Bəs bu tələbə xəbər yaymağı necə öyrənəcəkdir? Elə bil quşu aparırsan meşəyə, salırsan qəfəsə, deyirsən uçma.
Hərçənd, uça bilməyən quşlar da var. Misal üçün, toyuqlar. Əvəzində yaxşı yumurtaları olur. Tüklərindən yastıq qayırırlar. Budlarını yağda qızardıb həzmi-rabedən keçirirlər. İndi bizim BDU “jurfakın” tələbələri də gələcəkdə uca millətimizə hər cür xidmət göstərəcəkdir. Mən onlara uğur diləyirəm, bircə çalışıb Lavrov-zad olan hinlərə girməsinlər.
Ümumiyyətlə, mən şəhərə çox az çıxıram, bir növ başımı soxmuşam mənəvi mühacirətin içinə. Sevgili xalqımızı boykot eləmişəm. O üzdən, bu yaxında “Memar Əcəmi” metrosunun təzə sifətini görəndə donub qaldım. Qabaqlar o metronun univermaq tərəfə şüşəbəndli, böyük “M” hərfi quruluşlu çıxışı vardı. Demirəm çox dahiyanə bir zad idi, ancaq hər halda işıqlı görünürdü. İndi isə yapist yoldaşlar həmin çıxışı darmadağın edib yerinə qapqara, əcaib bir paralelepiped qoyublar.
Bu nə zövqsüzlükdür? Bu mağara adamlarını hardan tutub gətiriblər? Tağı Əhmədovun “zövqüdür”, yoxsa Hacıbala əkənin? Hər halda, paytaxtın daha bir estetik məkanının içinə oturulub – üzr istəyirəm. Heç olmazsa həmin stansiyanın Memar Əcəminin adına olmasını yada salıb həqiqi memarlığa aid bir şey düzəldəydilər. İndi də gec deyil məncə – o “qara qutunu” “Əcəmi” metrosunun üstündən yığışdırmaq lazımdır.
Mühacirətdən yazdım bayaq, bir tənqidi qeydimi də xaricdəki həyatdan video-mideo çəkib internetə dolduran zəhmətkeşlərimizə ünvanlayıram. Söhbət müqayisəli videolardan gedir. Görürsən biri çəkir qoyur ki, Norveçdə kartofu tarladan satıcısız alırsan. Pulu qoy yeşiyə, kartofu özün çək, götür get. Başqası Hollandiyanın güllərini, bir ayrısı Almaniyanın yollarını, üçüncüsü İsveçin zibilqabılarını – qısası, hərə qanacağı çatan bir zadı çəkib gözümüzə soxur. Rəhmətliyin uşağı, bilən onsuz da bilir orda vəziyyət necədir, bilməyənlərə niyə öyrədirsiniz? Guya bundan nəticə çıxardıb Azərbaycanı dəyişdirib Avropa edəcəklər? Ay hay… Ölmüşdü Xankişi, qoburu əldən verə… (Həmin məsəlin tam variantı budur, oxuculara maraqlıdırsa izahını növbəti yazımda verim – Z.H.).
Əksinə, siz Qərbi əyani göstərdikcə burdan qaçıb gedənlərin sayı artır. Ölkə boşalır, xəbəriniz olsun. Bu gün, sabah sünnət toyuna çağırmağa adam balası tapmayacağıq. Hələ başqa vacib işləri demirəm. Hətta ola bilər nazir qoymağa, deputat düyməsi işlətməyə adam tapılmasın.
Yığışdırın belə videoları. Ən yaxşısı AzTV yoludur – Avropanın dağıldığından, Qərbin çökməsindən danışın. Hazır videolar da var: Trampı göstərmək bəs eləyir.
Qoy millətimiz xaricə qaçmasın. Ermənistan boşalır, biz də boşalsaq, Qafqaz gürcülərə qalacaq. Buna bənzər temada bir anekdot var, yazım bura: “Bir gün erməni uşaq atasından soruşur ki, ata, biz niyə kosmosa uçmuruq? Atası deyir, bala, biz kosmosa uçsaq gürcülər paxıllıqdan öləcək. Gürcülər ölsələr biz ermənilər də buna sevinib hamımız öləcəyik. Bəs sən istəyirsən ki, Qafqaz azərbaycanlılara qalsın?”
Şair də bu münasibətlə yaxşı deyibdir: “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı!”.
İndi söz əlaqədar təşkilatlarındır – viza verin mən də çıxım gedim.