İllər keçir, 20 Yanvarın şahidləri azalır, amma 20 Yanvar şəhidlərinin ziyarətçiləri azalmır.
Bu gün xalqımızın qan yaddaşına əbədiyyən həkk olunub.
Əlbəttə, müstəqil dövlət olmasaydıq, yenə rus-sovet basqısı altında qalsaydıq, total antitəbliğatla bu faciəvi, eyni zamanda şücaət dolu günü bizə unutduracaq, başqa qələmlə tanıdacaqdılar.
Necə ki 1918-20-ci illər dövrünü elə etmişdilər, xalqın müstəqilliyini əlindən alıb, köləyə çevirmiş, sonra da “Azadlıq verdi bizə Lenin, əziz babamız”şeiri əzbərlətmişdilər.
Bu dəfə elə olmadı. Xalq şəhidlərinə sahib çıxdı.
O məşum günün üstündən 27 il keçib, hələ də bəziləri “20 Yanvar faciəsinin müəmmaları açılacaqmı” deyə suallar qoyurlar. Sanki burada nəsə bir müəmma varmış və qalıb.
20 Yanvar faciəsinin, daha dəqiqi, 20 Yanvar cinayətinin müəmması elə 1990-cı ilin yanvar ayının 20-də açılıb.
Fakt bu idi: SSRİ adlanan qırmızı imperiyanın rəhbərləri Azərbaycanda kükrəmiş xalq hərəkatını boğmaq üçün silah işlətmiş, qan töküblər.
Azərbaycanda xalq hərəkatı ona görə kükrəmişdi ki, vətənin bir parçası əldən gedirdi, imperiya rəhbərliyi buna göz yumur, aqressoru himayə edirdi. Xalq hərəkatı həm torpağımıza göz dikənlərə, həm də haqsızlığa göz yumanlara etiraz bildirirdi. Vəziyyət Kremlin nəzarətindən çıxmaq üzrə olduğundan mayası qətliamlarla, repressiyalarla yoğrulmuş dövlətin cəza maşını üstünüzə yönəldildi.
Bu cəza maşını bizdən 4 il əvvəl Almatıda qazaxları, 1 il əvvəl Tbilisidə gürcüləri əzmişdi, bizdən sonra da Vilnüsdə litovları cəzalandırdı.
Bu dövlətin başbilənlərinin bildikləri buydu. Hələ 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslavakiyada törətdikləri cinayəti də yada salmaq olar.
Bütün bu “qardaş ölkələr”ə hərbi müdaxilənin bircə motivi vardı – ayağa qalxmış xalq kütlələrini əzmək, ram etmək.
Bu baxımdan 20 Yanvar faciəsində qaranlıq qalan bir şey yoxdur. Cinayətin motivi bəllidir, sifarişçiləri, qərar verənləri ortadadır, icraçıları məlumdur. Cinayətin acı nəticələri və zərərçəkənləri də eləcə.
Söz yox, hər işdə olduğu kimi, 20 Yanvar faciəsində də indiyə qədər bilinməyən detallar, xırda təfərrüat var və ola bilər, amma bunlar molekulyar hissəciklərdir, bilinsə də, bilinməsə də, ümumi mənzərə dəyişməyəcək.
Bu illər ərzində 20 Yanvar faciəsinin törədilməsini ora-bura bağlamaq istəyənlər çox oldu, gah “ABŞ izi” axtardılar, gah “İran izi” tapdılar, gah da “Türkiyə barmağı” tapmaq istədilər. Amma heç biri alınmadı. Çünki cinayəti törədən əlindəki qanlı bıçaqla hadisə yerində tutulmuşdu.
Bəzi qatı qərəzli, eləcə də 5-ci kolon fəallarından olan şəxslər hələ də müxtəlif məclislərdə iddia edirlər ki, 1988-90-cı illərdə xalq hərəkatına rəhbərlik edənləri meydana ABŞ kəşfiyyatı çıxarıb. Bu absurd bir iddianın lehinə bircə fakt da yoxdur.
Eyni adamların SSRİ DTK-sı tərəfindən xalq hərəkatının rəhbərliyinə “təyin edildiyi”ni israrla yazan, deyənlər də çoxdur.
Bu adamların fikri-zikri yalnız odur ki, bu xalqın öz iradəsiylə, öz potensialı ilə meydana toplaşaraq, möhtəşəm etiraz aksiyaları təşkil etmək qüdrətində olmadığını sübut eləsinlər.
Biz mütləq aldanmış, fitvaya getmiş, qızışdırılmış olmalıyıq, yoxsa meydanlara çıxan deyilmişik.
Söz yox ki, elə deyildi. O hərəkatdan başqa umacağı olanlar ola bilərdi. Məsələn, kimlər üçünsə başlıca məsələ Vəzirovun devrilməsiydi, kimlərsə hakimiyyət, karyera həvəsindəydilər. Amma Azadlıq meydanını dolduran xalqın başlıca qayəsi Qarabağı qorumaq, azadlıq əldə etmək idi. Bunun mübahisə predmeti olacaq nüansı yoxdur.
Bir də uzun illər ölkədə “bu faciədən qaçmaq olardımı” demaqogiyası hökm sürdü. Nəhayət, məlum oldu ki, bu cür faciələrdən qaçmaq mümkün deyil. Necə ki bənzər situasiyalarla üzləşən başqa xalqlar minlərlə, on minlərlə qurban verdilər və faciədən qaça bilmədilər.
Çünki böyük imperiyaların çöküşü zamanı faciə nərə çəkə-çəkə xalqların üstünə gəlir, onun qabağından çox qaçmaq tamam yox olmağa səbəb olur, mütləq bir yerdə dayanıb, dirənib, qurban vermək lazım gəlir.
20 Yanvar o dirənişin nəticəsiydi.