Загрузка...

Hozu Rəcəb, aşağılanma faktı və başıqapazlılıq sindromu

Uzun illərdir ki, dünyanın ən qüdrətli adamı ABŞ prezidentidir (kimliyindn asılı olmayaraq), əlinin üstündə əl yoxdur, hər saat da sözünün qabağında söz deyən olmur.

Ancaq bu qüdrətli adam jurnalistlərin, diplomatların, siyasilərin yanında “bir ingilis, bir yəhudi, bir rus olur” deyə lətifə danışa bilməz, buna cəhd eləsə qalmaqalla üzləşər. (Nadir hallarda belə edənlər olsa da sonradan peşman olublar).

Çünki o lətifənin sonunda ya ingilis ağıllı və pulgir, ya yəhudi hiyləgər və xəsis, ya da rus kütbeyin və aqressor çıxacaq. Mütləq hansısa millət aşağılanmış olacaq və bu, təbii olaraq kəskin reaksiya doğuracaq.

İrqi, milli məsələ dünyanın hər yerində həssas məsələdir, bu xüsusda zarafatlar, rişxəndlər xoş qarşılanmır.

Bu üzdəndir ki, son illərdə ABŞ-da qaradərili vətəndaşlara “zənci” (“neqr”) demirlər. Ona görə ki, qaradərili vətəndaşlar bunu aşağılama aktı kimi qəbul edərək etiraz edirlər, ortalıq qarışır.
5-6 il öncə İtaliyanın baş naziri Silvio Berluskoninin ABŞ prezidenti Obama haqqında “Barak bir az günəşdə çox qalıb, qaralıb” deməsi də skandala səbəb olmuşdu. Halbuki bu, adi zarafat idi.

İndi yavaş-yavaş gələk mətləb üstünə.

Sovet vaxtı, ötən əsrin 60-cı illərində vətənpərvər şairimiz Bəxtiyar Vahabzadənin yazdığı “Gülüstan” poemasında bir misra vardı:

“Biri ”baran” dedi, bir “xər” dedi”…

İçində bu misranın olduğu, sonradan sovet senzurası tərəfindən qadağan edilən bu əsər Azərbaycanın iki yerə parçalanmasından bəhs edirdi və bölücülərin millətimizə qarşı həqarətli yanaşmasını göstərirdi.

Bəli, bu faktı gözardı etmək olmaz, ölkəmizi iki yerə parçalayan dövlətlərin dominant əhalisi millətimizə qarşı bu cür yarlıqlar yapışdırırdı və o rüsvayçı xasiyyət onları hələ də tərk etməyib.

Bütün bunlar faşizmdir. Bəzən fərqinə varmadan biz də özümüzdən şərqdə, şimalda, cənubda yaşayan millətlərə həqarətli epitetlər (“monqol”, “əkəbala”, “qıyıqgöz”, “sarıqulaq”, “vəhşi bədəvi”, “ibnələr” və s.) yapışdırırıq.

Təbii ki, aşağıladığımız, yaxud da aşağılamağa çalışdığımız millətlərin nümayəndələri bu davranışımıza loyal yanaşmırlar, o faktla qarşılaşanda mütləq kəskin reaksiya verirlər.
Biz də eləyik. Hansısa başqa bir millətin oğlu-qızı bizi aşağılamağa, ələ salmağa cəhd edirsə, layiqli cavabını alır.

Türkiyədə istehsal olunan “Rəcəb İvedik-5″ filmindəki epizoda azərbaycanlıların kəskin reaksiya verməsinin başlıca motivi budur. Filmdə doğrudan da millətimizi aşağılama cəhdi var.

Zatən, filmin ssenari müəllifi, rejissoru və baş rol oyunçusu Şahan Gökbakarın başqa filmlərində də digər millətləri, fərqli insanları aşağılayan eizodlar həddən çoxdur. O, bunun insanlarda gülüş doğurduğunu zənn edir və çox da yanılmır. Tamaşaçılar belə şeylərə gülürlər.
Ancaq bu, aşağılanan kateqoriyadan olan insanlar qrupuna aid olmayanda baş verir, özünün aşağılanan qrupdan olduğunu görən tamaşaçı nəinki gülmür, hətta hiddətli reaksiya verir.
Əyninə milli simvolumuzun – bayrağımızın rənglərini daşıyan forma geymiş idmançımızın əvvəlcə kütbeyin yerinə qoyulması, sonradan danışığına lağ edilərək, bir yumruqla milçək kimi havada uçurulması özündə həqarət elmentləri daşıyır. Bu səhnəyə özünü hozuluğa qoymuş “Rəcəb”in tərəfdarları gülə bilər, amma dürüstcə döyüşməyə gəlmiş “azərbaycanlı boksçu”nun tərəfdarları, əlbəttə, gülməyəcək.

Söhbəti ha yana çəksək də, fırlatsaq da, məsələ budur. Aşağılama, həqarətli yanaşma göz önündədir.

Azərbaycan tamaşaçısı bunu çoxlarından gözləyə bilər, bizə “baran”, “xər” deyənlərdən, ancaq “qaaardaaaş” deyərək yumruq tutuzduran qardaşın bu hərəkətini qəbul edə bilməz.
Bir də bu sayaq rüsvayçı epizoda etiraz edənlərin öz ölkəmizdə pislənilməsi, “vətənşüvən”, “ura-patriot” adlandırılması, aşağılanması faktı var.

Etiraz edənlərin günahı nədir? Onlar millətimizə hörmət qoyulmasını istəyirlər. Ancaq bəziləri sanki yüksək estetik zövq sahibi, liberal düşüncə daşıyıcılarıymış kimi onları təhqir edirlər.
Söz yox, bayraqla, himnlə, gerblə və sair bu kimi atributlarla bağlı dəqiqəbaşı patriotizm fəvvarələri püskürtmək ikrahdoğurucudur, amma yeri gələndə, zərurət yarananda millətin, onun nümayəndəsinin aşağılanmasına dözmək olmaz – istər bunu düşmən eləsin, istər dost-qardaş.

“Rəcəb İvedik” o hərəkəti yəhudi, erməni, yunan idmançısına qarşı etsəydi, qalmaqal doğurmazdımı? Doğurardı. Çünki onlar belə həqarət elementlərini peysərə verməzdilər, anındaca cavab verərdilər.

Tarixi təcrübə göstərir ki, belə məsələlərdə həssas olan millətlər öz ümdə maraqlarını daha yaxşı, daha layiqincə qoruyur, özlərinə dünyada hörmət qoydura bilirlər, belə “zarafat”lara gülüb keçənlər isə hər yerdə başıqapazlıdırlar, lağlağı predmetidirlər.

P.S. Bir ara Türkiyədə xaricdən gələn fahişələrə bir qayda olaraq “Nataşa” deyirdilər, axırda Rusiya hökuməti işə qarışdı, etiraz bildirdi və o epitet yavaş-yavaş yığışdırıldı.