Загрузка...

“Dağlıq Qarabağ Respublikası”nın komandası KVN festivalından uzaqlaşdırıldı

Tahir İmanov: “Mənim bəyanatlarımdan sonra nazirlik öz fikrini dəyişdi”

Azərbaycan XİN-in ardınca Gənclər və İdman Nazirliyi də “Şən və Hazırcavablar klubları”nın (KVN) Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalına Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin komandalarının qatılması ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, nazir Azad Rəhimov tərəfindən KVN Beynəlxalq İttifaqının prezidenti Aleksandr Maslyukova məktub göndərilib və festivalın təşkilat komitəsi ilə danışıqlar aparılıb:

“Qoyulan əsas tələbin isə ya o komandaların orada Xankəndi adı altında Azərbaycanı təmsil edərək iştirak etmələri, ya da həmin komandaların yarışmadan ayrılmaları idi. Bununla yanaşı, bu mövzu ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyi tərəfindən bəyanat verilib, Rusiya XİN-ə nota göndərilib”.

Bəyanatda qeyd edilir ki, təxribat yaratmağa çalışan erməni komandası 2-ci tura keçməyib: “Ermənistan yarışın seçmə mərhələsinə ümumilikdə 5 komanda ilə qatılıb. Bu komandalardan 2-si Xankəndini, 2-si Ermənistanı, 1-i isə ”Ermənistan yığması” adı altında Moskvanı təmsil edib.

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “S xlebom i solğö” və “DeleYaman” komandalarının iştirakı yalnız 500 komandanın qatıldığı və 10-14 yanvar tarixlərində aparılan seçmə mərhələsi ilə məhdudlaşmışdır. Ermənistanın 28-ci Beynəlxalq KVN festivalını Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğat meydanına çevirmək kimi çirkin niyyəti və planı baş tutmamışdır.

Ermənistan tərəfi bu uğursuzluğa bəraət qazandırmaq üçün seçmə mərhələsində 500 komanda arasında 2-3 dəqiqəlik “razminka”nı iştirak kimi təqdim etməyə çalışır. Qeyd edək ki, Ermənistan 2-ci tura yalnız Moskvada olan “Ermənistan yığması” ilə keçə bilib. Ümumilikdə 2-ci mərhələyə 81 komanda vəsiqə qazanıb ki, onların arasında Azərbaycan təmsilçiləri də var”.

“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoru, əməkdar artist Tahir İmanov “Yeni Müsavat”a danışaraq məsələyə öz münasibətini bildirib. Əməkdar artist qeyd edib ki, məhz onun verdiyi açıqlamalardan sonra Azərbaycanın dövlət strukturları öz etiraz bəyanatlarını yaymağa başlayıb: “Festivalda Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin komandalarının qatılması ilə bağlı mən dəfələrlə etirazlarımı bildirdim. Bildiyimə görə, artıq qondarma ”Dağlıq Qarabağ Respublikası”nın komandası festivaldan çıxarılıb. Mətbuatı izləyən adam belə qərara gələ bilər ki, Azərbaycanın birbaşa dövlət strukturlarının iştirakı, XİN və Gənclər İdman Nazirliyinin müdaxiləsi ilə bu baş tutdu. Bu iş baş verəndə ilk gün yenə də mən danışırdım. Hamı susurdu, Tahir İmanov danışırdı. Eynilə Soso Pavliaşvili məsələsi gündəmdə olanda ancaq Tahir İmanov danışırdı. Hamı gözləyirdi ki, kimsə bir rəy, fikir bildirsin. Sonra ikinci dəfə nəsə etsin.

Hadisələrin gedişatına fikir versəz görərsiz ki, Gənclər və İdman Nazirliyi ilk gün dedi ki, “bunun bizə aidiyyəti yoxdur”, “bizim xəbərimiz yoxdur” və sairə. Necə yəni aidiyyəti yoxdur? Bizim komandanı axı birbaşa siz maliyyələşdirirsiz, onların biletləri, orda qalması və sairə məsələləri axı siz həll edirsiz? Mənim danışığımdan sonra onlar öz fikirlərini dəyişdi və birbaşa nazir tərəfindən KVN Beynəlxalq İttifaqının prezidenti Aleksandr Maslyukova rəsmi məktub göndərildi. Üç gündən sonra XİN bəyanat yaydı və ardınca Moskvadakı diaspor təşkilatımız bəyanat yaydılar. Halbuki bunların hamısını birinci gün etmək olardı. Mən belə düşünürəm. Mən danışanda bəzi televiziya rəhbərləri, bizi gözü götürməyənlər orda-burda bildirirlər ki, Tahir İmanov çətin adamdır, onunla danışmaq olmur və sairə. Tahir İmanov belə vəziyyətdə neyləməliydi, susmalıydı?! Deməliydi ki, gəlin gözləyək görək yuxarıdan nə göstəriş olacaq, sonra öz sözümüzü deyək?”