zamin yeni raz
Ötən əsrin 90-cı illərində, indiki Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adı Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi olan vaxtlar qurumun “Fəryad” adlı qəzeti çıxırdı. Çox romantik adı olan bu qəzetə mənim diqqətimin sırf merkantil səbəbi var idi: “Narxoz”da oxuyurdum, ekoloji problemlərimizin həlli yolları temasında kurs işi hazırlayırdım, o üzdən qəzeti də izləyirdim.
Yadımdadır ki, kurs işimə hansısa şairdən epiqraf vermişdim: “Sən çiçəklərə toxunmaqla ulduzları narahat edirsən”. Yəqin ki, bu, “Narxoz”un tarixi ərzində ən poetik kurs işi idi. Qədrimi bilmədilər, yoxsa indiyə qədər gömrük-vergi sistemini tam şairanə eləmişdim, camaat da rüsumlara sevgi ilə baxırdı. Hərçənd orda, deyəsən, mənim davamçılarım qalmaqdadır, beş-altı il qabaq küçədə Vergilər Nazirliyinin “Dövlətə vergi, Vətənə sevgi!” şüarı yazılmış reklam plakatını görmüşdüm.
Əlbəttə, bunların Baş Prokurorluq adından təzə yayılan “Keçən il əhalinin gəlirləri 7 faiz artmışdır” bəyanatına heç bir dəxli yoxdur. Prinsipcə, millətin gəlirləri hüquq-mühafizə orqanlarının nəzarətində olsa yaxşıdır. Kimin cibində neçə manat var, camaat pulunu hansı yastığın altında saxlayır – bunları iqtisadiyyat naziri öyrənəsi deyil ki? Nəyinə lazımdır? Bizdə bazar iqtisadiyyatıdır, hər şeyi, o cümlədən manatı atırıq hovuza, üzə bilən üzür, batan cəhənnəmə batsın. Şair demişkən, ölən öldü, qalan sağlar bizimdir!
O uzaq doxsanıncı illərdə diplom rəhbərim olmuş Əli müəllimin – YAP-çı, keçmiş deputat Əli Əlirzayevin haqqında təzəlikcə çıxan bir anonim məqalənin də bu nostaljiyə dəxli yoxdur. Yazmışdılar ki, Əli müəllim “Narxoz”da çox köhnə üsulla dərs keçir, mühazirəni dəftərə yazdırır və sairə…
Eh, Əli müəllim, bizim dövrümüz doğrudan keçibdir. Sizin 90-cı illərdəki o saflığınız da eşitdiyimə görə, YAP girdabında çoxdan itibdir, üzə bilməyən manatımız kimi boğulubdur. Kədərlidir. 90-lardan o qədər belə kədərli xatirəmiz var ki. Yazmaqla bitmir. Seymur Baycan sağ olsun, o illərin qəribə havasını “Quqark” romanında xeyli təsvir edibdir. Ancaq yəqin ki, hər birimizin içində öz “Doxsanıncı illəri” var. Hər birimiz haçansa o illəri yazmalıyıq. Yoxsa çox adam çox şeyi başa düşmür.
Bəs “Fəryad” qəzetini – hələ siz bunun adına fikir verin, indi hansısa nazirliyin belə adda mətbu orqan təsis eləməsi də fantasmaqoriyaya bənzəyir, ancaq gerçəklik idi – xatırlamağımın səbəbi nədir? Bir gülməli yazı yadıma düşmüşdü. Qəzet Abşeron yarımadasında, Bakıda və Sumqayıtda zəhərli qaz buraxan kimyəvi zavodların çoxluğunu oxuculara çatdırmaq üçün belə yazmışdı: “Bakıda atmosferin tərkibində oksigenin miqdarı cəmi 30 faizdir”. Guya bu çox pis haldır. Oxucular da böyük ehtimal ah-uf edib ekologiyamızı zəhərləyən sovet hökumətini xeyli söymüşdülər.
Əslində söyməkdə haqlı olardılar, çünki söyüləsi dövlət idi. Yoxsa ekologiya idarəsinin qəzeti Yerin atmosferində oksigenin miqdarının cəmi 20 faiz olduğunu bilərdi. Həmin “araşdırma” məqaləsinin rəqəmindən isə belə çıxırdı ki, Bakıda hava lap zordur, oksigen normadan 10 faiz də artıqdır. Təbii, Kaşpirovskinin fokuslarına inanan, Allan Çumakın verilişini həsrətlə gözləyib stəkan dolu suyu ekranın qabağına qoyub bir saata yaxın yerində donan, ağzını mırçıldadıb guya mənfi enerjidən qurtulduğuna inanan milyonlarla adam o bərbad sovet təhsilinin yetirmələri idilər.
Sonda bir həyat epizodunu yazım. Məhəllə yaxınlığında minik avtomobilinin yük yerində mer-meyvə satan bir ailə vardı. Orta yaşlı kişi və qadın idilər. Bir gün alma alanda gördüm qadın tərəzidə çəkə-çəkə öz-özünə deyinir, yaxında dayanmış polisə işarə vurur: “140 manata şəhid ailəsini necə saxlayım? Bu da Əzrayıl kimi kəsdirib, imkan vermir”. Bir neçə gün keçdi, eyni yerdə başqa dialoqun şahidi oldum. Bu dəfə qadın yox, kişi polisə dedi ki, şəhid ailəsi saxlayırıq, imkan ver dolanaq. Polis isə belə dedi: “Neyləyim, mən də iki şəhid ailəsi saxlayıram. Rəisin əmri var, burda meyvə satmaq olmaz”.
3 gündən çoxdur meyvə satan o maşın daha gəlmir. Belə başa düşdüm ki, polisin saxladığı şəhid ailələri meyvəçinin saxladığı şəhid ailəsinə qalib gəldi.
O maşın gəlməyəndən məhəllədə oksigen sanki azalıbdır. Görəsən, neçə faizdir? Qəzet də çıxmır soruşasan…
Loading...