Загрузка...

elsad pasasoy

Böyük potensiala malik olan ölkəmiz də ötən illərdə heç olmasa Türkiyə nümunəsindən bəhrələnməli idi. Qardaş ölkənin bazarlarında qida, kənd təsərrüfatı, sənaye məhsullarına qədər nə axtarsan, yerli maldır. Vətəndaş bir-birinə fayda verir, üstəlik, keyfiyyətli məhsula sahiblənir.

Yəqin şahidi olubsunuz, turistik bölgələrin üzərindən təyyarə ilə uçanda aşağıdakı istixanalar, meyvə bağları göz oxşayır. Bu işlər həm ölkəyə, həm vətəndaşa iri məbləğlər qazandırır və təməli uğurla qoyulmuş proses davam edir, xaricdən asılılıq problemi də yox.

Düzdür, bəzən bizim iş adamları Türkiyə nümunəsindən bəhrələnmək istəyirlər, amma adamları peşman edənlər tapılır. Yerli telekanallarda bir reportaj diqqətimi çəkdi, baxdım və utandım. Təsəvvür edin, Türkiyədən dəvət olunmuş aqronom deyirdi bilmirlər nə əksinlər ki, növbəti ildə zəhmətləri boşuna getməsin. Buna görə də hansısa bir qurumdan sifariş gözləyirlər. Hətta misal çəkdi ki, Türkiyədə tələbat nəzərə alınaraq iş adamlarına təkliflər edilir.

Ancaq heyrətamiz olanı budur ki, rəsmi qurumun nümayəndəsi “biz vətəndaşa ”bunu ək, onu əkmə” deyə bilmərik”-söyləməklə yaxasını kənara çəkdi. Bunu da prezidentmi deməlidir? Necə yəni biz deyə bilmərik? Sizi o postda ona görə oturdublar ki, ölkədə məhsul bolluğunun təminatı üçün tələb olunanları icra edəsiniz. Kəndli, fermer, iş adamı bilməlidir ki, o, nə əksə, faydasını daha çox görəcək. Əks təqdirdə yenə də kartof üçün Qazaxıstana, buğda üçün Ukraynaya, xiyar üçün İrana üz tutacağıq.

Görünən budur ki, bəzi səlahiyyətlilər dövlət başçısının siyasətinə zidd gedərək daxili istehsalın stimullaşdırılmasındansa, xaricdən ucuz qiymətə məhsul idxal edib bazarda “od qiyməti”nə satdırmağı daha gəlirli hesab edirlər. Bu kimi kadrlarla “Strateji yol xəritələri”ndə qarşıya qoyulan vəzifələri yerinə yetirməyin mümkün olmayacağını bir sıra ciddi ekspertlər də deyir. Ümumi mövqe belədir ki, ölkədə islahatları aparmaq üçün yeni hökümət formalaşmalıdır və indiki kadrlarla üzləşdiyimiz problemləri aradan qaldıra bilməyəcəyik.
2017-ci ilin dövlət büdcəsi Azərbaycanın son 10 ilinin ən aşağı büdcəsi oldu.

Kimin sayəsində? Günahkar təkcə neft və dollardırmı? İqtisadçıların arqumentləri onu deyir ki, yox, burada həm də vaxtında tədbirlər görməyən hökumət üzvləri də günahkardır. Neft pulları o qədər arxayınlıq yaratmışdı ki…Hətta əli işdən soyuyan vətəndaş da günün birində “soğan əkin” deyən deputata ironiya edib “bu, nə danışır, indi gedib soğan əkək” reaksiyasını verdi.

Əslində burada sadə insanların günahkar deyil, vaxtilə əkdiyi soğan anbarlarda çürüdü, ya da su qiymətinə alındı deyə, əkin-biçinə maraq öldü. İndi də bizim məmur deyir əkinçi nə istəyir əksin. Bəs, tələb-təklif, bəs, planlaşdırma? Vətəndaşlar kütləvi şəkildə buğda əkəcək, gələn il onu da qəpik-quruşa alan olmayacaq, amma başqa bir məhsul az əkildiyindən qızıl qiymətinə axtaracaqlar. Necə ki, bu il sarımsağın kilosu 10 manatdan aşağı düşmədi, onu da İrandan, Türkiyədən daşıyırlar. Sarımsaq isə çox strateji məhsuldur. Təbiblərin dediyinə görə min bir dərdin dərmanıdır. Dostlar danışır ki, Türkiyədə qeyri-rəsmi görüşlərdə masa üzərində xırdaca doğranmış sarmsaq “həb”ləri və su bardaqları qoyulur. “Həb”dən ud, sudan iç, viruslardan uzaq ol. Qardaş ölkənin kulinariyasında da sarımsaqdan çox geniş istifadə olunur.

Bizdə isə neçə vaxtdır qrip tüğyan edir. Adam az qalır desin ki, Azərbaycanda bolluca soğan-sarımsaq əkilsəydi, bu qədər xəstə adam xəstələnməzdi. Demək burada səhiyyə sistemi ilə bərabər kənd təsərrüfatı mütəxəssislərinin də günahı var. Əhaliyə soğan-sarımsaq əkməyi sifariş etmək lazım idi.

Demə, sarımsaq əsasən İsmayıllı rayonunun İvanovka kəndində yetişdirilirmiş. Ancaq ötən il onlar da bu məhsulu əkməyə maraqlı olmadıyıb və qıtlıq yaranıb. Bazarımızdakı sarımsaq isə İran, Çin, Yaponiya və…Gürcüstandan gətirilir…Çin, Yaponiyanı başa düşdük. Adamı yandıran sonuncudur. Keçən il Gürcüstana gedən 6 350 825 xarici turistin düz 1 523 075-i Azərbaycandan olub. Üstəlik, sarımsağı da gəzməyə getdiyimiz ölkədən alırıq…

Azərbaycan iqtisadiyyatını fəlakətlərdən xilas etmək üçün iri proqramlar, yol xəritələri təsdiq olunub. Ancaq ölkəni təbii antibiotiklə – sarımsaqla təmin etməyə maraqlı olmayanlarla, “kəndli nə əkir-əksin” deyənlər çətin ki, bu qədər ağır yükün altına çiyin verib dövlət başçısının etimadını doğrulda bilsinlər…