İlin sonuna bir şey qalmayıb, cəmi 355 gün. Bu gün-sabah deyəcəklər ki, 2017 də belə başa çatdı. “Getsin, gəlməsin”, “uğursuz il oldu”, “qazandıqlarımızla müqayisədə daha çox itirdik”-filan söhbətləri ərşə çıxacaq.
Avropa tərəflərdə isə camaat hələ yeni ilə, daha dəqiqi, yeni iş ilinə qədəm qoymayıb. Yazıq bizimkilər, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə işdən evinə qayıdıb, ayın 2-də işə çıxıb, bunlar düz dekabrın 25-dən yeyib-içməkdə, istirahətdə olacaqlar.
Ukraynada yaşayan dostumuz yazır ki, dünən 18 dərəcə şaxtada, naxoş-naxoş evindən çıxıb ərzaq-filan almaq üçün bazara gedib, görüb ki, bay, dükan-bazar bağlıdır, mühafizəçidən niyəsini soruşub, cavab alıb ki, Rojdestvodur, ona görə.
Demək, hələ 3-4 gün də istirahət edəcək, sonra işə çıxacaqlar. O biri Avropa ölkələrində yaşayan dostlarımız da eyni şeyləri yazılar. Onların sözlərinə görə, bu saat Avropa camaatı kütləvi şəkildə qatarlara, gəmilərə doluşub qonşu şəhərlərə, ölkələrə səyahətə çıxıblar, yeyə-içə gəzib-dolaşırlar. Bəziləri yemək-içməyini də götürüb qoşqulu atomobillərə doldurub, şəhər ətrafında məskən salıblar.
İlin 300-360 gününü işləyən bizimkilər üçün bu, əlbəttə, görünməmiş şeydir. Biz dədə-babadan belə sərgərdanlıq etməmişik. Sovet vaxtında kənd zəhmətkeşləri 25-30 il boyunca fasiləsiz işləyir, bir gün istirahət, tətil, bazar günü, məzuniyyət nə olduğunu bimirdilər. Yalnız möhkəm yağış və ya qar yağanda adamlar işə getmirdilər, onda da evdə qalıb darıxırdılar.
Bax, avropalılarla bizim əsas fərqimizdən biri də işə münasibətdədir. Onlar az işləyir, çox qazanırlar, biz çox işləyir, az qazanırıq. Onlar iş saatından əlavə işləməzlər, buna məcbur olanda isə ikiqat artıq ödəniş tələb edərlər, biz əlavə saatlar və əlavə ödəniş söhbəti eləmərik.
İndi elə çıxmasın ki, avropalılar tənbəldirlər, biz isə əksinə, od-alovuq, işgüzarlıqda bir canıq. Elə də deyil. Sadəcə, avropalılar işləri ilə yanaşı, canlarının qədrini də bilirlər, biz isə külfət dolandırmq üçün özümüzü oda-közə vurmağı vacib sayırıq.
Yoxsa avropalıların arasında elə tənbəl adamlar var ki, bizim şah tənbəlləri olanların yanında toya getməlidir. Dostlar yazır ki, burada dövlətin verdiyi işsizlik müavinəti ilə dolanan, yaxşı işlər təklif olunsa da, boyun qaçıran, heç vəchlə işləmək istəməyən insanlar var. Onlar hesab edirlər ki, dövlətin verdiyi pul bəsləridir, ta canlarına niyə əziyyət versinlər. “Ay bu ağır işdir, olmaz”, “o qara işdir, neynirəm”, “bu iş sağlamlığa zərərlidir, istəmirəm”-filan.
Bizim iş həsrəti çəkənlər, uzun illər boyunca çox işləyib, az qazananlar ora düşəndə canlarına cəfa verərək, çox işləmək hesabına tezliklə özlərini, güzəranlarını düzəldirlər. Ancaq bu rahatlıq, firavanlıq elə şeydir ki, bir müddətdən sonra bizimkilər də deyirlər, ta özümüzü niyə öldürək ki, Allaha şükür, hər şeyimiz var, istirahət zamanıdır.
Şərq ölkələrində elə şey yoxdur, iş permanentdir, arası kəsilə bilməz, fasilələr elədinsə, kasıbçılıq, işsizlik dövrü başlayacaq, külfət ac qalacaq.
Şərq camaatını il on iki ay işləməyə vadar edən əsas səbəb külfətdir. Uşaqları böyütmək, oxutmaq, evləndirmək, ərə vermək, ev-eşik etmək, nəvələrə bir şey qoyub getmək və s. bu cür qayğılar imkan verir ki, insan bir gün sevgili yarını da yanına alıb kruizə çıxsın, dünyanı görsün, Aland adalarndan Taitiyə qədər gəzib-dolaşsın.
Ona görə də budur, biz Novruz bayramını layiqincə keçirmək üçün zəruri ərzaq tədarükünə başladığımız halda avropalılar hələ Milad bayramını bitirib işə başlamayıblar. Bir azdan onlar yay tətilinə çıxıb isti ölkələrə çimməyə gələcəklər, bizimkilər isə “krediti necə ödəyək” qayğısı ilə ikinci iş yeri axtaracaqlar.
Sonra da məlum olacaq ki, bu işqolik adamların ağır bir illəti var, müalicəsi ən yaxşı halda İranda və Türkiyədədir, təxminən 10 min manata sağala bilər. “Ya Allah” deyib, cumacaq Tehrana, İstanbula ki, şəfa tapsın, sonra da gəlib “uşaqları yerbəyer etmək üçün” çalışsın.
Bizim günümüz, yaşam tərzimiz, həyat fəlsəfəmiz budur, qardaşlar.