Bakının kəndlərindən birində zəhmətkeşlər məhəlləyə Qarabağda keçən il aldığımız təpənin adını veriblər. Təxminən o məhəllənin qonşuluğunda bir tank komandirinin də evi var idi. Komandir cəbhədə vuruşan vaxt icra hakimiyyəti gəlib evi “qanunsuz tikili” adıyla sökmüşdü, ailəsini-uşağını çölə atmışdı. Sonrasını izləmədim, bəlkə də komandir cəbhədən köhnə, xarab tank korpusu gətirib ailəsini onun içinə yığdı.
İndi isə məhəlləyə kim girə bilər? Düşmən ağ eləməsin. Bu çox yaxşı metoddur. Qarabağı Abşeronda “yığa bilərik” bu minvalla.
Başqa bir vətəndaş isə rayonda tikdiyi evi bayrağımız formasında rəngləyibdir. Vətənpərvərlik göz qabağındadır. Ancaq bu yolla biz icra hakimiyyətinə qalib gələ bilərik. Sovet vaxtı Bakıda raykomun qərarıyla küçə balkonlarını sökürmüşlər. Bir zəhmətkeş görüb ki, söküntü yavaş-yavaş onun balkonuna yaxınlaşmaq üzrədir, gecə bir yekə lövhəyə dövlətin şefi Leonid İliç Brejnevin “Şiroko şaqaet Azerbaydjan!” (“Azərbaycanın inkişafının analoqu yoxdur” deməkdir – Z.H.) sözünü yazıb balkondan asır. Nəticədə balkon xilas olur. Eyni kələyi 37-ci il repressiyası vaxtı bəzi dustaqların da elədiyini deyirlər. Onlar isə sinələrinə və kürəklərinə yoldaş Stalinin döyməsini (tatu) edirmişlər ki, güllələnmə cəzası veriləndə atəş aça bilməsinlər.
Patriotik temada yazmışıqsa, bir kədərli xəbəri də hörmətli oxucularıma çatdırmaq istəyirəm. Keçən il noyabrın 9-da “Yeni Müsavat”da “Şövqi Əsədovun sığortası” başlıqlı yazım olmuşdu. O yazıda uşaqlıqdan tanıdığım bir əsgərimizin taleyindən bəhs olunurdu. Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində doğulan, elə o kənd uğrunda döyüşlərdə həlak olmuş Şövqi Qarakişi oğlu Əsədov haqda idi. Şövqinin ölümündən keçən 22 il ərzində onun ailəsinə çatacaq 11 min manat sığorta pulunu vermədilər. Hər cür bambılı idman turnirinə pul tapan hökumət şəhid statusu almış ailənin pulunu qıymadı. Həmin yazımda Şövqinin anası Səfurə Əsədovanın 2016-cı ilin aprelində dövlət orqanlarına yazdığı şikayət məktubuna da toxunmuşdum.
Uzun sözün qısası, Səfurə xanım qəhrəman oğluna görə alacağı, indi devalvasiya nəticəsində qəpik-quruşa dönmüş o 11 min manat “qan pulunu” görmədən 2016-cı ilin dekabrında – təxminən 15 gün qabaq öldü. Sizə çatdırmaq istədiyim kədərli əhvalat budur. Kimin əlaqəsi varsa “sobez” müdirinə çatdırsın – əcəl iddiaçılardan birinin adını artıq silmişdir. Rahat yata bilərsiniz. Bir neçə ilə həmin 11 minə iddiaçılardan kimsə qalmaz yəqin, siz də rahat-rahat idman turnirlərinə pul ayırarsınız.
Necə deyərlər, torpaq uğrunda idman varsa vətəndir. Yeri gəlmişkən, bu həftə şəhid ailələrimizi sevindirəcək başqa bir hadisənin anonsu verildi: Azərbaycanın kosmosa buraxacağı ikinci peykin vaxtı bilinibdir. Xəbər lentindən sitat: “Azərbaycanın ikinci telekommunikasiya peyki ”Azerspace 2″-nin yığılması prosesi 2017-ci ilin sonunda başa çatacaq. Bu barədə Trend-ə “Azərkosmos” ASC-dən məlumat verilib. İş planına əsasən, peykin buraxılışı 2017-ci ilin dekabrında nəzərdə tutulub. ASC-nin məlumatına görə, ikinci geostasionar peyk “Azerspace 1″-in əhatə radiusunu genişləndirməyə imkan verəcək. Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək.
Qeyd edək ki, “Azerspace 1″ 2013-cü ilin fevral ayında orbitə buraxılıb”. Sitatın sonu.
Molla Nəsrəddin demişkən, filin dişisi də gəlir. Görəsən biz birinci peykdən hansı xeyri gördük ki, ikincini də uçurduruq? Bu haqda heç bir xəbər-ətər yoxdur. Hətta bəlkə də birinci peyki kosmosda itirmişik, camaata demirlər ki, ürəyimiz xarab olar. 200-300 milyon dollar da bu minvalla havaya uçurulacaqdır.
Səfurə xanımın ili də təxminən dekabrın axırına düşür, barı peykin uçmağını eyni günə salsınlar, patriotlarımız təskinlik tapsın. Torpaq həm də göydə peyki varsa vətəndir.