“İçerde” serialının yaradıcı və texniki heyəti köməksiz vəziyyətdə qalıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbula yağan qar yollardakı hərəkəti çətinləşdirib. Çəkilişlər üçün Belqrad meşəsinə gedən “İçerde” qəhrəmanları qar yağdığı üçün orada pis vəziyyətdə qalıblar. Heyət şəhərə qayıda bilmir.
“Coşqun” obrazını canlandıran Nebil Sayın dostlarının yaşadığı çətinliyi sosial şəbəkədə yazıb:
“80 nəfər, 20 avtomobil 8 saatdır Belqrad meşəsində əli-qolu bağlı qalmışıq. Maşınlar qarda ilişib, yanacağımız bitir”.
Aktyor daha sonra Türkiyənin axtarıb-tapma xidməti olan AKUT, Fövqəladə hallar və digər aidiyyəti orqanların əllərin gələni etdiklərini yazıb:
“Amma bizi hələ də tapa bilmirlər. Gözləyirik, xəbər verəcəyəm”.
Aktyor Ahmet Bilgin də Tvitterdə “İçerde” qəhrəmanları üçün “Kömək edin” yazıb. AKUT da hazırda axtarışların davam etdirildiyini bildirib.