Uşaq vaxtı Artur Konan Doylun, Aqata Kristinin, Jorj Simenonun, Erl Qardnerin, Cəmşid Əmirovun, son illərdə isə Çingiz Abdullayevin və bu səpkidə yazan başqa yazıçıların əsərlərini çox oxuduğumuzdandır ki, hamımızın içində bir Şerlok Holms (böyründə də doktor Vatson), Erkül Puaro, Dronqo yatır.
Elə ki regionda, ölkədə qorxunc və müəmmalı bir cinayət hadisəsi baş verir, içimizdəki detektivlər hərəkətə gəlir və cinayətin üstünü hüquq mühafizə orqanlarının işçilərindən tez (ya da onlarla paralel) açmaq üçün baş sındırmağa başlayırlar.
Bu üzdəndir ki, bəzən cinayət işlərinin üstünün tez açılması xoşumuza gəlmir. Rəsmən elan edirlər ki, cinayəti törədənlər tapılıb, tutulub, amma içimizdəki detektivlər buna qane olmur, razılaşmırlar. Çünki prinsipcə, cinayət işlərinin üstü belə tez açıla bilməzdi, bizimkilər hələ indi-indi irəli sürdükləri versiyaları bir-bir çıxdaş edirlər, bu nə operativlikdir, bu nə məsuliyyətsizlikdir?
Allah tərəfi, bəzən içimizdəki detektivlər haqlı çıxır. Məlum olur ki, əslində filan qalmaqallı cinayət işinin üstü açılmayıbmış, sadəcə, iki-üç yetim tapıb işi boyunlarına qoyublar. Məsələn, 15-16 il öncə Bakıda Con Elvis adlı bir amerikalını öldürmüşdülər. Heç iki gün keçmədi ki, BŞBPİ-nin o vaxtkı rəhbəri televiziyada canilərin tutulduğunu dedi. Tutulanları da göstərdilər, arıq-uruq gədələr idi. Lafı dolandıraraq xalqa bəyan etdilər ki, Con Elvis farağat adam olmayıb, bu gədələri özünə dadandırıbmış, bunlar da bir gün qısqanclıq zəminində onu öldürüblər. Bizim beynimizdəi detektivlər bu versiya ilə razılaşmaqdaykən, Amerikadan əsl detektivlər gəldi və onlar Conun “sevgili qatilləri”ni danışdırdılar, dərhal da dedilər, bunları açıb buraxın, cənab Elvisi bunlar öldürməyib.
Açığı, o qətlin üstünün açılıb-açılmadığı məlum olmadı. Bircə bilinən odur ki, amerikalı detektivlərin gəlişi “qatil” kimi mühakimə olunub türməyə göndəriləsi uşaqları xilas etdi. Bəlkə də indiyə yatıb-çıxmışdılar – kişi kimi.
Sonralar da içimizdəki şerlokların baş sındırmasını zəruri edən cinayət hadisələri çox oldu, ancaq heç birində biz məntiqi sonuca vara bilmədik. Hətta elə cinayət işləri var ki, daxilimizdəki detektivlər cinayətin üstünü açıblar, qətlin sifarişçilərini də, icra edənləri də tapıblar, amma bu iş rəsmən açılmamış hesab olunur.
Adam arada şübhələnir ki, bəlkə bizim müstəntiqlər Doylu, Kristini, Simenonu-zadı oxumayıblar, nədən böylə korafəhm davranırlar, iti və məntiqli düşüncələr edə bilmirlər. Sonra görürsən ki, yox, burda dərin düşüncəyə yer yoxdur, bizimkilər hər hansı cinayətin üstünü elə dədə-baba qaydası ilə daha yaxşı aça bilirlər. Məsələn, lazım olanda şübhəli şəxsin ana-bacısını, arvadını-qızını tutub şöbəyə aparırlar, qeyrətli şübhəli şəxs üzə çıxıb gəlir, bildiyinin hamısını deyir, sata biləcəyi ortaqlarının hamısını satır, işin də üstü açılır. Dronqo da hələ o tərəfdə oturub “bu kimin şi ola bilər” deyə baş sındırır.
Budur, qardaş İstanbulda böyük bir cinayət baş verib, 100-dən çox adam güllələnib, 39-u ölüb, qalanı yaralıdır. Üç gündür cinayətin üstü bağlı qalıb. Hökumət gündə bir yetimin pasportunu, şəklini yayır, “terrorçu budur” deyir. Amma utanmaz “terrorçular” qaçıb gizlənməkdənsə, polis şöbəsinə gəlir, “bizlik deyil” deyirlər. Nəticədə Türkiyədəki həvəskar detektivlərlə bizdəki həvəskar detektivlər öz təşəbbüsləri ilə canini, ona sifariş verən təşkilatı, dövləti müəyyən etməyə çalışırlar.
Düzdür, İŞİD həmişə olduğu kimi, bu cinayəti də boynuna götürüb, amma bu, bizimkiləri qane edə bilməz. Mütləq işin altından yekə bir dövlət çıxmalıdır. Əgər sabah, məsələn, Rusiya bəyan etsə ki, “Reyna” terrorunu biz təşkil etmişik, bununla razılaşmayacaq, gözümüzü ABŞ-a dikəcəyik. Yox, ABŞ qabağa düşüb “bizlikdir” desə, yenə də qane olası deyilik, Rusiyaya eyham edəcəyik. Hələ bunun İsraili, İngiltərəsi, İranı, Səudiyyəsi var.
Dünən baxıram, FB dostlarımızdan biri sözügedən cinayət barədə elə bir dərin, çoxşaxəli, detallı analiz yazıb, paylaşıb ki, bunu oxuyan əsl detektivlər o işinin üstünü heç vaxt aça bilməzlər. Hətta ola bilər, qatil öz ayağı ilə təslim olmağa gələr, amma o təhlili oxuyan müstəntiq deyər, rədd ol, get, burdakı incə detallara düz gəlmirsən, qatil çox mahir, çox ağıllı, çox savadlı, bacarıqlı, yaxşı təlim görmüş biridir, sən olamazsan…
Detektiv romanları çox oxumaq lazımdır, adamın beynini yaxşı işlədir.