Sosial şəbəkələrin də bu işi pisdir, hamının əli klaviaturaya çatır, hamı nəsə bir informasiya və ya şəkil paylaşa bilir, nəticədə qarmaqarışıqlıq yaranır, tort-torta, salat-salata qarışır.
Məsələn, ola bilər ki, axşam evdə ailə üzvlərinlə birlikdə şam yeməyi yemisən, sonra da ya futbola, ya da seriala (zövqə görə) baxmısan, axırda da xalqın kişiləri kimi kəlləni atıb yatmısan. Həmin saatlarda isə şəhərdə nəsə zırıltı bir hadisə (tutaq ki, terror, texnogen qəza, inzibati xəta, yol qəzası və s.) baş verib, təqsirkarlar da qaçıb aradan çıxıb və kimsə sənin illər öncə çəkdirib facebooka qoyduğun şəkillərdən bir-ikisini paylaşıb ki, “qaçıb aradan çıxan məlun budur”.
O əsnada sən normal adamlar kimi yatırsan, dünyadan xəbərin yoxdur. Bu tərəfdə sosial şəbəkələr dağılır. Hiddətlənmiş istifadəçilər sənin, yeddi arxa dönəninun ünvanına söyür, qarğayır, cəza, ömürlük həbs, edam tələb edirlər. Gecənin bir vaxtı durursan, susamısan, keçib mətbəxdə bir stəkan su içirsən, su içəndə çeçəyirsən və hələ də xəbərin yoxdur ki, xalq düşmənisən və sosial şəbəkədə artıq “bu vətənin çörəyi, suyu ona haramdır, burnundan gəlsin” kimi ifadələr işlədirlər.
Səhər açılır, gözünü ova-ova yerindən qalxmaq istəyirsən, ərinirsən, fikirləşirsən, bayram günüdür, iş-zad da yoxdur, daha yarım saat yatmaq pis olmaz. Bu heynədə telefonun zəng çalır. Baxırsan ki, yaxın dostundur. “Zalım oğlu, səhərin gözü açılmamış nə təbrikbazlıqdır” deyə düşünür, narazı-narazı telefonu açırsan ki, buna tikanlı cavab verəsən, adam o başda həyəcanlı səslə həqiqəti danışır, sosial şəbəkədə artıq “xalq düşməni” elan edildiyini xəbər verir. Hövlnak ayağa qalxırsan, geyinirsən. Bu dəfə başqa bir qohumun zəng edir. Ona da bir yanlışlıq olduğunu başa salırsan. Telefonu qapadan kimi başqaları (qonşular, işdən müdir, kollektivdən dostlar, Kanadada yaşayan əmioğlu, Çindən mal gətirməyə getmiş bibioğlu, kənddə yaşayan qohum-qardaşlar, sahə müvəkkili, prokurorluq işçiləri və b.) zəng edirlər. Qışqıra-qışqıra deyirsən, axşam evdə olmusan, hadisə olan vaxtlarda da yatmısan, heç nədən də xəbərin yoxdur.
Kimə deyirsən? Hamı bir ağızdan deyir ki, internetdə, saytlarda şəklin çıxıb. Anlayırsan ki, bir az ləngisən, nəinki internetdə, hətta İnterpolda da şəklin çıxacaq.
Xarici ölkələrdə olsan, nə var ki, gedərsən, hər şeyi orqanlara yerli-yataqlı danışarsan, şahidlər göstərərsən, sübutlar təqdim edərsən, başa düşərlər, görərlər ki, sən həmin vaxt evində olmusan, inanarlar. Məsələn, yanvarın 1-də İstanbulda törədilən terror aktı ilə bağlı olaraq başına bu cür iş gəlmiş Ramazan İşan adlı vətəndaş polisə gedərək sübut edib ki, internetdə “terrorçu budur” deyə yayılan şəkillər onundur, fəqət terrordan-merrordan xəbəri yoxdur. Adama inanıblar – təbii ki, araşdırma apararaq inanıblar.
Amma burası Azərbaycan. Burda adama hələm-hələm inanmazlar. İstəyirsən, ağır seyidlərin cəddinə, sınanmış ocaqların, pirlərin kəramətinə and iç, müqəddəs kitabların tam külliyatına əl bas, inanmazlar. Hətta həmin vaxt toyda olduğunu göstərən videokaseti tapıb sübut kimi ortaya qoysan da, axşam baxdığın serialı epizod-epizod, dialoq-dialoq danışsan da, deyəcəklər, ağır işdir, bu şəkillər artıq nazirin, baş prokurorun masasının üstündədir, dövlət rəhbəri bu işi şəxsi nəzarətinə götürüb və sair və ilaxır.
Əgər Çovdarov kimi bir generala rast olmusansa, demək, nəsil-nəcabətin yığışmalıdır, ev, maşın, qızıl-brilliant, pula gedən nə varsa, satmalıdırlar, atışıb tələb olunan pulu düzəltməlidirlər ki, səni içəridən çıxarsınlar. Hətta məlum olsa ki, əsl axşamkı hadisədə əli, rolu, qolu olan bütün təqsirkarlar tapılıb, tutulub, amma yenə də səndən əl çəkməzlər. Çünki internetdə şəklin çıxıb.
Sonra da bəzilərini qınayırıq ki, niyə sosial şəbəkə profilində öz şəklin yoxdur. Demək, adamlar bir şey bilirlər, başa düşürlər ki, “dərə-təpə dərvişlərlə doludur”, hər kolun dibində bir mərdiməzar, bir şantajçı, bir yaramaz var və durduq yerdə adamı zibilə sala bilərlər.