Beynəlxalq maliyyə-kredit təşkilatları 2017-cı ildə qlobal iqtisadiyyatda müəyyən canlanma gözləsə də, ümumən, iqtisadi artımın böhrandan öncəki dövrlə müqayisədə hələ də zəif və kövrək qalacağını proqnozlaşdırır.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB)açıqladığı 2017-ci il üçün pul siyasətinin əsas istiqamətlərində qeyd edilir.
Qlobal maliyyə bazarlarında isə dalğalanmaların artacağı və bank sistemində yeni risklərin aktuallaşacağı istisna edilmir. BVF-nin son proqnozlarına görə, 2017-ci ildə qlobal iqtisadi artımın ötən ildən bir qədər yüksək – 3,4% olacağı gözlənilir. O cümlədən, İEÖ üzrə 1,8%, İEOÖ üzrə isə 4,6% artım proqnozlaşdırılır. 2017-ci ildə İEÖ-nin qlobal iqtisadi artıma töhfəsinin ümumilikdə ötən ildəki səviyyədə qalacağı ehtimal edilir.
Növbəti ildə ABŞ-da iqtisadi artımın 2016-ci illə müqayisədə 0,6 faiz bəndi yüksələcəyi proqnozlaşdırılır. İnflyasiya və məşğulluq üzrə hədəflərə yaxınlaşma onu deməyə əsas verir ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi növbəti ildə yumşaq monetar siyasətdən imtinanı davam etdirəcək. 2017-ci ildə Avrozonada iqtisadi artımın ötən ilə nəzərən 0,2 faiz bəndi azalaraq 1,5%, Böyük Britaniyada isə ötən ilki 1,8%-ə qarşı 1,1% olacağı gözlənilir. Yaponiyada “abenomiks” islahatları çərçivəsində fiskal stimullardan istifadə iqtisadi fəallığı dəstəkləyəcək. Lakin milli valyutanın möhkəmlənməsi ixraca azaldıcı təsir edir. 2016-cı ildə resessiya yaşayan bir çox İEOÖ üçün 2017-ci il müsbət iqtisadi artım tempinə qayıdışla səciyyəvi olacaqdır. İnvestisiya fəallığının aşağı olması, struktur islahatlarının ləng aparılması və bəzi geosiyasi gərginliklərlə əlaqədar iqtisadi artım regionlar üzrə fərqlənir.
Bununla belə, enerji daşıyıcıların qiymətinin nisbətən artması, ərzaq və kənd təsərrüfatı mallarının bahalaşması 2017-ci ildə ümumi iqtisadi artım tempinin 4,6% (2016-cı ildə – 4,2%) olacağını gözləməyə əsas verir. Bu ölkələr qrupunda daha çox çəkiyə malik olan Çində və Hindistanda növbəti il üçün artım tempinin müvafiq olaraq 6,2% və 7,6% olacağı gözlənilir.
Azərbaycanın əsas ticarət tərəfdaşları olan MDB ölkələrində 2016-cı ildə baş vermiş resessiyanın 2017-ci ildə zəif də olsa, artımla əvəzlənəcəyi gözlənilir. Növbəti il qlobal ticarətin 3,8% artacağı proqnozlaşdırılır ki, bu da 1990-2015-ci illərin orta göstəricisindən 1,1 faiz bəndi aşağıdır. Gözlənilən qlobal iqtisadi mühitdə müxtəlif əmtəə bazarlarında qiymətlərin fərqli dinamikaya malik olacağı proqnozlaşdırılır.
BVF 2017-ci ildə ümumi əmtəə qiymətlərinin 8,5% yüksələcəyini, ərzaq qiymətlərinin isə sabit qalacağını proqnozlaşdırır. BVF-nin proqnozlarına görə, neftin dünya bazarında orta qiymətinin 52 ABŞ dolları təşkil edəcəyi gözlənilir. ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EİA) proqnozuna görə, 2016-cı ildə qeyri-OPEC ölkələri üzrə neft istehsalı (böyük payı ABŞ-a məxsus olmaqla) gündə 0,8 mln. barrel azalacaq.
Ümumilikdə, bütün aparıcı dünya institutlarının proqnoz və qiymətləndirmələrinə görə, orta və uzunmüddətli dövr ərzində neftin qiymətinin pik illərində müşahidə olunan səviyyəyə gəlib çatması qeyri-realdır. Bunun başlıca səbəbi isə enerji qənaətli texnoloji inkişaf və dünya ilkin enerji balansında baş verən ciddi dəyişikliklərdir. Aparıcı ölkələrdə iqtisadi fəallıq göstəricilərinin trayektoriyası və mərkəzi bankların monetar siyasətləri qlobal maliyyə bazarlarına da təsirsiz qalmayacaqdır. Kapital axınlarındakı qeyri-müəyyənliklər aparıcı valyutaların, o cümlədən, Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin valyutalarının məzənnələrindəki dəyişkənliyi yenidən artıra bilər.