Загрузка...

elsad pasasoy

Deputat Astan Şahverdiyevi bağışlamaq olarmı – dünya azərbaycanlılarının qarşısındakı sual…

Deputat Astan Şahverdiyev son açıqlamaları ilə 70 ilik ömründə düşməninin vurmadığı zərbəni məhz özü özünə vurdu. Ancaq təkcə özünəmi? Düzdür, artıq “səhvimi başa düşürəm, ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqımdan üzr istəyirəm”, deyib, İntizam komissiyasından xəbərdarlıq da alıb…

Ancaq bu “səhvi” yeniyetmə, ya gənc birisi etsəydi, anlamaq olardı. Yoxsa Milli Məclisin deputatı, professor, ahıl yaşlı birisi… Astan Şahverdiyev gərək biləydi ki, indiki dönəmdə bizim xalqın birliyə daha çox ehtiyacı var. Ən azı onun 15 ildir mandatını daşıdığı Cəbrayılın, eləcə də bütün Qarabağın işğaldan azad olunması üçün bu, çox vacibdir!

Uzun illər boyu erməni diasporu bir kabusa dönüb dünya üçün. Ancaq Azərbaycanın müstəqillik illərində xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti sübut etdi ki, ermənilərin qarşısına çıxmaq, onların cavabını vermək üçün kifayət qədər imkanlarımız var. Biz nəhəng potensiala malikik, diasporumuzun sayı, güneyli soydaşlarımızı da hesablasaq, dünyadakı ermənilərin sayından iki-üç dəfə çoxdur. Yetər ki, təşəbbüskarlara dəstək verək.

Hollandiyada bir soydaşımız yaşayır, İlhan Aşkın. Neçə ildir ki, erməni diasporu ilə tək döyüşür. Hətta Xocalı qatillərini lənətlədiyi üçün ermənilər onu məhkəməyə verib, indi də proses davam edir. Avropada, Amerikada, elə postsovet məkanında nə qədər fəal azərbaycanlı var ki, ürəyi hər zaman Azərbaycanla bir döyünür, sevincimizə sevinir, kədərimizə üzülürlər.

Xaricdə, konkret olaraq Rusiyada yaşayan azərbaycanlılar bir çox çətinliklərə, əzab-əziyyətlərə qatlaşaraq özlərinə müəyyən şərait qurublar, görəsən, deputatın bundan xəbəri yoxdurmu? Çörək ardınca Rusiyaya gedənlərimizin sayı isə 2 milyonu çoxdan ötüb. Bu adamlar Azərbaycanın həm də işsizlik yükünü özləri ilə aparıblar, əlləri çörəyə çatıb, burdakı doğmalarına da əl uzadırlar. Belələrinə necə “otxod” demək olar?

Bəli, Rusiyada yaşayan soydaşlarımızın xeyli hissəsi dükan-bazarlarda çalışır. Onların bir çoxu illərlə ailə-uşağını, ata-anasını görməkdən belə məhrumdurlar. Rusiyada ağır şərtlər altında işləyirlər ki, ailələrinə çörək qazansınlar. “Daşdan pul çıxaran” bu insanların çoxu ölkəmizin ən enerjili, ən zəhmətkeş təbəqəsinin nümayəndələridir. Astan Şahverdiyev demişdi ki, Rusiyadakı azərbaycanlıları “araşdırıb”. Elədirsə, ötən illər ərzində niyə bircə dəfə də olsun skinhedlərin hücumuna məruz qalan Rusiyadakı azərbaycanlılardan bəhs etməyib? Dazbaşlar onlarla azərbaycanlını öldürüb, minlərlə soydaşımızın malını, pulunu əlindən alıb, yandırılan bazarlarda bu xalqın nümayəndələrinin milyardları batıb.
Konkret statistikaya müraciət edək, qoy professor görsün ki, araşdırmanı necə apararlar:
Rusiya Mərkəzi Bankının məlumatına görə, təkcə 2014-cü ildə Rusiyadan Azərbaycana 1 milyard 221 mln. ABŞ dolları (!) göndərilib. Bu, hələ rəsmi rəqəmdir, üzərinə azərbaycanlıların dost-tanışı vasitəsilə göndərdiklərini də gəlsək, daha böyük məbləğ edir.

Image result for Astan Şahverdiyev

Ötən il isə şimal qonşumuzdan Azərbaycana pulköçürmələri 1,9 dəfə azalıb. Bu il pulköçürmələri kəskin azalıb, hətta oradakı azərbaycanlılar özlərini dolandırmaq üçün çalışır. Rusiyadakı böhran azərbaycanlılara da ciddi zərbə vurdu. Ancaq böhrana qədər Rusiyada yaşayan həmvətənlərimiz, soydaşlarımız Azərbaycana çox böyük dəstək verirdilər. Dağlıq Qarabaş uğrunda gedən vətən müharibəsi illərində onların dəstəyi xüsusilə gözəçarpan idi. Daha sonralar da onların göndərdiyi pullar hesabına nə qədər ailələr dolanışığını qururdu. Rusiyadakı azərbaycanlılar, belə demək mümkünsə, Azərbaycanın qeyri-neft sektorunun təmsilçiləri idi. Təəssüf ki, son hadisələr bu sektorun da durumunu ağırlaşdırıb. Əks təqdirdə, bu gün bu sayda vətəndaş banklardan asılı vəziyyətdə qalmazdı. Deputatın həqarət etdiyi yüz minlər ordusu dövlətə və millətə böyük fayda verirdi və indi də verir.

Fayda yalnız bundan ibarət deyil. Dünən mühacirətə yaxşı iş tapmaq üçün xeyli sayda gedənlərimiz var ki, artıq bu gün səsləri mühüm tribunalardan gəlir. Artıq azərbaycanlılar yaşadıqları ölkələrdə ortaya mövqe qoyurlar, siyasi partiyalarda təmsil olunurlar, mandat daşıyırlar, hakimiyyət kürsülərinə təyinat alırlar. Bunlar sıradan bir məsələ deyil. Zatən, Azərbaycan dövlətinin də əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların layiq olduqları ünvanlarda təmsil olunmaları və onların həmin ölkələrdə aparıcı mövqeyə sahiblənməsidir. Ermənilər bir əsrdən artıqdır məhz bu siyasətin sayəsində uğurlar qazanıblar. Yəni azərbaycanlılar daha çörək uğrunda mübarizə aparmır, imkanları daxilində həm də Azərbaycan uğrunda mücadilə verirlər, anti-Azərbaycan qərarların qəbuluna əngəl olurlar.

Astan Şahverdiyev bu ilin yayında, elə Milli Məclislə üzbəüzdəki “Alov qüllələri”ndə Dünya Azərbaycanlılarının Qurultayında iştirak edən azərbaycanlılardan bir-ikisi ilə həmsöhbət olsaydı, öz millətinin mənsubları haqda belə aşağılayıcı ifadələr işlətməzdi. O qədər zəkalı, intellektli insanlarımız var ki… Daha bir neçə il keçəcək, bu şəxslər dünyanın aparıcı qurumlarında, ölkələrində yüksək mövqe qazanacaqlar.

Çox yaxşı ki, Azərbaycan dövləti də onların işini stimullaşdırmağa çalışır, təkliflərini dinləyir, diaspora-dövlət əlaqələrinin möhkəmlənməsi üçün mexanizmləri işləyib həyata keçirməyə çalışır. İş adamından tutmuş, aliminə, tələbəsinə qədər hər bir azərbaycanlı həm də bizim böyük sərvətimizdir, baxmayaraq ki, onlar xaricdə yaşayırlar. Bu gün xaricdə təhsil alan minlərlə azərbaycanlı tələbə sabah ölkəmizə qayıdıb ölkəmizə fayda verməkdə davam edəcəklər. Şübhəm yoxdur ki, onların arasında mandat qazanan gənclərimiz də olacaq, ancaq heç vaxt xaricdəki insanlarımızı aşağılamayacaqlar.
Ancaq Astan Şahverdiyev elə vəziyyət yaratdı ki, ona hətta “Sankt-Peterburqdan ”Piter Elçin” zəng etdi, üzrxahlıq tələbini qoydu. Görürsünüzmü, “Piter Elçin” başqa dünyanın adamıdır, ancaq azərbaycanlının təhqir olunmasına dərhal reaksiya verdi. Necə ki, Rövşən Lənkəranski son mənzilə on minlərlə insanın müşayiəti ilə yola salındı. Çünki kriminal aləmin nümayəndələri də Rusiyadakı azərbaycanlılara qiymət verib hər zaman, millətini aşağılamayıblar, onları qoruyublar.

Image result for Piter Elçin

Təsəvvür edin, prezident Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı xalqı təbrik edir, sıx birləşməyə, anti-Azərbaycan dairələrin təxribatçı əməllərinə qarşı prinsipial mübarizə aparmağa çağırır, ancaq elə eyni vaxtda hakim partiyanın deputatı Rusiyada yaşayan azərbaycanlıları aşağılayan ifadələr səsləndirir. Bu, həm də dövlətin, onun prezidentinin kursuna xəyanətdir, deyilmi?

Şübhə etmirəm ki, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Azərbaycan prezidentinin və dövlətinin xaricdə yaşayan soydaşlarımızla bağlı mövqeyi birmənalıdır və bu yanaşmada həmvətənlərimizin fəaliyyətinə yüksək qiymət öz əksini tapıb” açıqlaması olmasaydı, A.Şahverdiyev bir gün əvvəlki kimi, hələ də nə dediyinin fərqində olmayacaqdı. Hər halda, dövlət rəsmisinin məsələyə reaksiyası onu ayıltdı və “mən niyə üzr istəməliyəm ki” deyən Şahverdiyev az sonra bütün xalqdan üzr istədi.
Bilmirəm, xaricdə yaşayan azərbaycanlılar onun üzrxahlığını qəbul edəcək, ya yox. Amma gərək hər kəs xalqın yüz minlərlə oğul-qızını təhqir etməyin yolverilməz olduğunu birdəfəlik anlasın, Astan müəllimin səhvini təkrar eləməsin. Rusiyanın hansısa bir ermənipərəst nümayəndəsinin azərbaycanlılar haqqında işlətdiyi “bazar adamı” ifadəsinin qarşılığında adlar çəkmək olardı… Rusiya Dövlət Atom Gəmiqayırma Mərkəzinin prezidenti, “Rusiyanın qəhrəmanı” Davud Paşayevdən, böyük sənətkar Müslüm Maqomayevə, filosof Heydər Camala qədər onlarla adlar çəkib beləsini susdurmaq mümkün idi. Heç olmasa Vahid Ələkbərov, Telman İsmayılov, Fərhad Əhmədov, Araz Ağalarovun Rusiya büdcəsinə ödədikləri milyardları xatırlatmaq olardı.

Lakin daha gecdir. Bundan sonra ermənilər azərbaycanlı deputatın dediklərinə istinad edəcəklər Rusiya azərbaycanlıları barədə danışanda. Çox təəssüf…