Bir neçə gün öncə, bazar günü həyətə düşmüşdüm. Elə ayağımı blokdan bayıra atmışdım ki, atışma başladı – gurultu, partıltı, hay-haray, qışqırıq-filan.
Amma mən qəti həyəcanlanmadım, özümü qəfildən İraqa, Suriyaya düşmüş adam hesab etmədim. Əvvəldən bilirdim ki, sabit ölkədə yaşayırıq, bizdə hələm-hələm küçədə atışma düşmür.
Eləcə, partlayıcı maddənin biri düz ayağımın altında partlayanda istər-istəməz qorxdum və özümdən asılı olmayaraq bərkdən dedim: “Köpəyuşağı, nə qayırırsınız?”
“Terrorçular” məndən belə bir sərt reaksiya gözləmirdilər, ona görə də təxminən 15 metr kənara qaçıb dedilər, əmi, vallah, qəsdən eləmədik.
Ta nə deyəsən, dallarınca düşüb qovmalı, tutub şapalaqlamalı deyil ki. Uşaqdırlar, yeniyetmədirlər. Hər il bu vədələr həyətlərdə, məhəllələrdə belə atışma salır, partlayış törədirlər.
Gördüyünüz kimi, bir əvvəlki cümlədə “atışma” və “partlayış” sözlərini dırnaqda yazmamışam. Ona görə ki, gerçəkdən də elə br təfavütü yoxdur, eyni səs effekti alınır, adamlar da təxminən eyni cür qorxur.
Bircə şükür eləməli cəhət odur ki, bizim uşaqların törətdiyi partlayışlarda ölüm-itim, yaralı-maralı olmur, eləcə, böyüklər yüngül qorxuyla, uşaqlar isə xəfif söyüşlə canlarıını qurtarır.
Bu yerdə adam az qalır yazsın ki, “biz uşaq olanda…” Amma vicdanlı olmaq lazımdır. Biz uşaq olanda bunlardan da betər idik. Kibrit çöplərinin kükürdündən partladıcı maddələr düzəldir, oyuncaq tapançalar qayırır, atışma, səs-küy salırdıq. Hətta elə uşaqlar vardı ki, traktorların forsunkasından tapança düzəltmiş və hardansa vintovka gülləsi tapmış, əməlli-başlı odlu silah əmələ gətirmişdilər.
Nəyə görəsə uşaqlarda partlayışa, atışmaya, savaşa güclü bir ehtiras olur, “dava-dava” oynamaqdan bezmirlər.
Çin dövləti də uşaqların bu həvəsini bildiyindəndir ki, onların yolda-rizdə, küçədə, məhəllədə partlayışlar törətmələri üçün müxtəlif vasitələr istehsal edir. Hər il bu vaxtlar ölkəyə gətirilən partlağanlarla bəlkə də Lələtəpənin ətrafındakı adsız yüksəkliklərdən bir neçəsini də düşməndən azad etmək olar.
Budur, xəbər var ki, gömrükdə 3424 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb. Bu hələ “Sınıq Körpü” gömrük postunda tutulan partlağanlardır. Son bir ayda ölkənin bütün gömrük postlarında hər gün bu cür partladıcı maddələr tutulur.
Amma belə görünür ki, ya gömrükçülər o qədər ayıq-sayıq deyillər və ölkəyə partlağan gətirənlər onları aldada bilirlər, ya da gömrükçülər sahibkarlardan müsadirə etdikləri partlağanları sonradan bazarlara çıxarıb satdırırlar.
Hər nədirsə, ölkədə 7-15 yaş arasından nə qədər uşaq və yeniyetmə varsa, 90 faizinin cəbbəxanasında artıq kifayət qədər partlağan var. Onlar dekabr ayı boyunca məhəlləmizdəki atəşkəsi azı 200 dəfə pozublar. Amma əsas atəşfəşanlığı dekabrın 31-nə saxlayırlar. Həmin gün uşaqlar şəhərin sakit məhəllələrini rəsmən Hələbə döndərəcəklər.
Uzun illərdir ki, belədir. Ən şiddətli atəşfəşanlıq 2000-ci ildə olmuşdu. O zaman uşaqlar lap gündüzdən başlamşdılar. Yaxşı yadımdadır, 208 saylı marşrutla Yasamala gedirdim. Yasamal bazarına çatmağa təxminən 70-80 metr qalmış, mikroavtobusumuzun təkərinin altına qəfildən babat bir partlağan atdılar. Güclü partlayış səsi gəldi. 30-35 yaşlı sürücümüz çox pis qorxdu, əllərini sükandan ayırıb başını tutdu, daha sonra əlini başından düşən kepkasına apardı, sonra gözünü açdı, artıq yoldan çıxmaqda olan “RAF”ın sükanından yapışdı, güzgüdən baxdı ki, bunun bu cür reaksiyasına gülənlər var, özünün də gülməyi tutdu və salona müraciətlə dedi: “Neynim, ala, köpəyuşağı savsem çurban elyib bizi”.
İndi o sürücünün vəziyyətinə düşməmək üçün atəşfəşanlıq eşqi ilə alışıb-yanan uşaqlardan qorunmağın yollarını düşünmək lazımdır. Hökumətdən kömək yoxdur. Gömrükçülər partlağanların yığışdırıb qurtara bilmirlər. Əlac ona qalır ki, uşaq və yeniyetmə valideynləri evdə profilaktik iş aparsınlar, ən azı onlara and içdirsinlər ki, heç olmasa yaşlı adamların, qadınların ayağının altına partlağan atmasınlar.