Dünən uca millətimizə iki göz aydınlığı verildi. Birində dedilər ki, işıq, qaz, su kimi şeylərin pulunu ödəmək üçün “ASAN-kommunal” mərkəzi açmışıq. İkincisi isə “ASAN qatar” xidmətinin yaradılması idi. Sən demə, bu qatar rayonlara gedəcək, orda zəhmətkeşlərimizə pasport-zad verəcəkdir.
Doğrusu, biz böhranla üzbəüzük və istəyirik hökumət nəsə tədbirlər görsün. Ancaq bunlar o məşhur anekdotda deyilən kimi, “dərddən başlarını itirənlərə” oxşayırlar. Elə bu qatardan başlayaq.
Bundan qabaq ASAN-xidmətin avtobusları var idi, rayonları gəzib camaata pasport verirdilər. İndi əlavə qatar nəyə gərəkdir? Bəlkə ASAN-gəmi də olsun? Nabran-Lənkəran, Neftçala-Yevlax istiqamətlərində üzüb sənədləşmə işlərinə töhfə versin? Yaltaq manıslarımız bu temada mahnı da yazarlar: “Həştərxandan gələn gəmi bənd olar, içi dolu sənəd olar, ay yarım, gül yarım, oyna pasportun oynasın” və sairə.
ASAN-qatarı metroya salmaq olarmı? Sonra həmin metronun müdirini lazımi orqanlara aparıb 40 il maaşından topladığı 3 milyonu döyə-döyə əlindən almaq necə?
ASAN-təyyarə xidməti də lazımdır. Çünki Naxçıvan blokada şəraitindədir, ora ASAN-qatar və ASAN-avtobusu hardan sürəcəyik? İranın içindən keçsək, iranlılar ASAN-xidmət təşkilindəki dünya kəşfimizi oğurlayarlar. Bu dəhşətli elmi-texnoloji, innovativ-fısqıroloji, hüquqi-bioloji ixtiradır. Dünyanın başqa heç bir dövlətində insanlar pasport ala bilmir. Hətta bu dəqiqə Amerikadan Azərbaycana gəlmək istəyən milyonlarla turist “Kennedi” hava limanında manat axtarırlar, tapa bilmirlər.
Bunlar öz yerində. Ancaq ASAN-qatarın ilk marşrutunu görəndə Kərəmi – yəni, müəllifi ağlamaq tutdu. Heç Əslinin düyməsinin bağlı qalması adamı bu qədər yandırmazdı. Nöşün, yazım bilin: sən demə, bu ASAN-qatarın ilk marşrutu Qazax rayonunadır. Gedib duracaq Qazağın dəmiryol vağzalında, camaata qurudlu xəngəl, üzr istəyirəm, “başburut” (nənəm demişkən) paylayacaq.
Əla, gözəl, xub, okey, nə bilim, prelest. Gəlin indi baxaq görək Bakıdan Qazaxa qatar neçə saata gedir. Rəhmətlik “AzTV İbrahim” demişkən, götürək elə Yaponiyanı. Yəni girək internetə, tapaq Azərbaycan Dövlət Dəmiryolunun dablyu, dablyu, dablyu, nöqtə, ady nöqtə az saytını, görək Bakı-Qazax qatarı necə gedib gəlir. Orda dəqiq qrafik yazılıbdır: qatar Bakıdan çıxır 23:10-da. Qazaxa çatır 08:55-də. 10 saat edir. Gəlmə qrafiki də təxminən eynidir. Qazaxdan axşam 9-da çıxır, Bakıya səhər 7-də çatır. (Paytaxta camaat hinduşka-zad gətirir, yəqin ona görə qatar ləngərləyir).
İndi isə gəlin Bakıdan Qazağa məsafəni yazaq: 469 kilometr. Qatarın getdiyi yolu sərf etdiyi vaxta bölək: 469:10=46,9. Deməli, Bakı-Qazax qatarının orta sürəti nə qədər oldu? Ay sağ olasan: saatda 47 kilometr. 21-ci əsrdə. Belə tısbağa yerişli qatar bəlkə Hindistanda yoxdur. Ancaq ASAN-qatar varımızdır. Nə edəsən, başını hansı relsin üstünə qoyasan, adam bilmir. Rayona getmək asan deyil, ancaq ASAN-qatar varımızdır. Bunu hansısa yapona desən özünü saatda 600 kilometr sürətlə gedən qatarın altına atar, ya da Azərbaycan səfirliyinə üz tutub ASAN-səfirimizdən milli pasport istəyər ki, bu nə fantastik, nağıllar diyarıdır…
Kommunal xidmətin “asanlaşması”na gələndə, o da karikaturadır. İndiyə qədər kommunal ödənişləri verməyə bəyəm yer az idi? Poçt alırdı, banklar alırdı, internet üzərindən verirdin, idarələrin qapı-qapı sülənən reketləri alırdı, hər dükanda, dayanacaqda, hətta bəzi tualetlərdə də elektron ödəmə qurğuları qoyulub ki, camaatdan pulu asan yolub alsınlar. Ta bundan ötrü ayrıca çoxqatlı bina tikməyin mənası nə idi? Mən Əhmədlidə dükanda “MilliÖn” aparatı ilə etdiyim xırda bir əməliyyat üçün daha basıb Həsən Əliyev küçəsindəki “ASAN-kommunal” binasına niyə getməliyəm?
Yenə orda-burda, elektron qurğularda ödəmələr ləğv olunsa, pul ancaq “ASAN-kommunal”da qəbul olunsa mənası olar. İdeya verdim, görün neynirsiniz. Camaat çox tənbəlləşib, tərpətmək lazımdır. Hətta yaxşı olar adam Biləcəridə işlətdiyi qazın pulunu ASAN-qatara minib gedib Qazaxda ödəsin. Ermənilər də bu inkişafımıza sərhəddən baxıb ölsünlər.
Bunu çox asanlıqla yazdım, biləsiniz.