Millət vəkili Astan Şahverdiyevin Rusiyaya gedən azərbaycanlılarla bağlı işlətdiyi ifadəyə görə kriminal avtoritet Piter Elçinin onu hədələməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur.
Bu barədə məlumatı Axar.az-a Piter Elçinə yaxın olduğunu bildirən mənbə deyib. Redaksiyamıza danışan özəl mənbənin sözlərinə görə, Piter Elçin nəinki millət vəkilini hədələyib, ümumiyyətlə, baş verənlər haqda məlumatsızdır:
“Piter Elçin qardaşının yas mərasiminə qatılmaq üçün belə Azərbaycana gələ bilmədi və hazırda Sankt-Peterburqda yas içindədir. O, ümumiyyətlə, millət vəkili Astan Şahverdiyevin belə bir söz deməsindən xəbərsiz olduğunu bildirdi. Onun ağır və hüznlü günlərində barəsində yalan xəbərin yayılması həm də etik çərçivəyə sığmır”, – mənbə qeyd edib.
Xatırladaq ki, Piter Elçinin – Elçin Maşallah oğlu İsmayılovun qardaşı, Rusiya vətəndaşı, əslən Lənkəranın Boladi kəndindən olan 1979-cu il təvəllüdlü Fariz Maşallah oğlu İsmayılov Masallı rayonu ərazisində, Türkoba kəndi yaxınlığında dekabrın 21-də avtomat silahdan atəşə tutulmaqla öldürülüb. Qətli törədən şəxs, 23 yaşlı Quluzadə Murad Əfqan oğlu könüllü olaraq Lənkəran polisinə təslim olub.
Piter Elçinin daha bir qardaşı – Maarif İsmayılov isə iyunun 20-də Sankt-Peterburqun Sofiysk meyvə-tərəvəz bazarının qarşısında 27 yaşlı Emil Hüseynov tərəfindən sifarişlə qətlə yetirilib.
Qeyd edək ki, millət vəkili Astan Şahverdiyev “Azadlıq” radiosunda Rusiyaya gedən azərbaycanlılar barədə “otxod” sözü işlətdiyinə görə bütün azərbaycanlılardan üzr istəyib.