Məmurlara tamah vergisi

Ermənistan parlamentinin üzvü, ana müxalifət təmsilçisi Aram Manukyan keçən həftə ölkəsinin ağır izolyasiya durumundan danışarkən maraqlı bir rəqəm söyləmişdi. Demişdi ki, əhali Ermənistana gələn hər mala görə əlavə 30% ödəyir, çünki ölkə blokadadır və dəmir yolu işləmir. Şükür Allaha ki, Azərbaycan blokadada deyil. Hərçənd bizim az qala, ona bərabər başqa dərdimiz var – məmur “blokadası”.

Bizdə yumurtadan tutmuş, bananadək hər məhsulun öz gözəgörünməz yiyəsi var – məmur-monopolist qismində. Əhalinin güzəranı da böyük ölçüdə onların insafına qalıb. İstəsələr qiymətlər elə olar, istəməsələr – belə. Bazar, azad iqtisadi rəqabət deyilən şey bizdə işləməz.

Yəni biz ermənilər kimi blokada vergisi verməsək də, acgöz məmurlara böyük “iştah vergisi” ödəyirik. Fəqət, onlardan bu barədə soruşsan, özlərini süddən çıxmış ağ qaşıq kimi göstərib, sənin özünü günahkar çıxararlar.

Prezident Vladimir Putin isə ötən həftə özünün ənənəvi illik konfransında son zamanlar Rusiyada həbsə alınan iri vəzifə sahiblərindən danışarkən məmurlara müraciətlə dedi ki, iştahalarını bir az azaltsınlar. Söhbət təbii ki, korrupsiyadan, rüşvətdən gedir.
Bununla Putin söz yox ki, ölkəsində korrupsiyanın səviyyəsinin yüksək olduğunu etiraf etmiş olub. Düzdür, Rusiyadakı siyasi sistemin mahiyyəti bu bəlanın kökünü tam kəsməyi istisna edir. Ancaq hər halda istənilən mərəzin müalicəsi onun etirafından – diaqnozun düzgün qoyulmasından başlayır.

Azərbaycanda da faktiki, Rusiyadakına qohum siyasi sistem hökm sürür. Burda da korrupsiya, onun törəməsi kimi total monopoliya (inhisarçılıq) dərinə işləyib. Altını isə xalq, sadə camaat çəkir. Çünki həmin korrupsiya və monopoliyaya görə hər gün hamılıqla – sən, mən, o, cibimizdən əlavə ödənişlər edirik. Necə? Çox sadə: girdiyimiz mağazada, bazarda hansısa məhsulu gerçək qiymətindən 50-100%, bəzən 200% baha almaqla. Həmin əlavə ödəniş də məhz məmur tamahını doydurmağa yönəlir.

Konkret misal. Qəzetimizdəki son müsahibələrdən birində belə rəqəm yer alıb: Yeni Zelandiyada kərə yağının kilosu 2,5 dollaradır. Bu, təxminən, 4 manat 50 qəpik edir. Amma Azərbaycanda həmin yağ 3 dəfə baha – 11-12 manata satılır! Bax, hər kiloqram üçün ödədyimiz əlavə 6-7 manat (daşınma xərcləri çıxılmaqla) bilavasitə acgöz, iştahası sonsuz məmur-monopolistlərin cibinə axır.

İslahatdan öncə bu problemi həll eləmək gərəkdir! Nə qədər ki, məmurlara camaat “iştah vergisi” ödəyəcək, Azərbaycanda sosial-iqtisadi sferada yaxşıya heç nə dəyişməyəcək – hər gün neçə-neçə sənəd, sərəncam imzalansa da. Müxtəsəri, öncə tamahı sərhəd tanımayan məmurların cilovu yığılmalı, korrupsiya və total rüşvətin kökü kəsilməlidir.
Bunu isə yalnız bir nəfər edə bilər – ölkənin rəhbəri. Komandanı köklü şəkildə savadlı, peşəkar, çevik, təmiz kadrlar hesabına yeniləməklə. Həm də bacardıqca tez.
***
Tez-tez eşidirik ki, biz Güney Qafqazın lider dövlətiyik. Ancaq hansı göstəricilərimizə görə? İlk növbədə ərazimizə və əhalimizin sayına və bir də təəssüf ki, korrupsiyanın miqyasına görə. Amma tutaq ki, ortaq aylıq əmək haqqına görə (303 dollar) nəinki qonşu Gürcüstandan (430 dollar), hətta işğalçı Ermənistandan da (404 dollar) geriyik və 71 ölkə arasında ən son yerlərdən birini tuturuq. Gürcüstan – 55, Ermənistan 57-ci yerdədir (Mənbə: BMT-nin Beynəlxalq Əmək Təşkilatının son hesabatı).

Nədən belə durum yaranıb: ondan ki, bir ölkədə korrupsiyanın həcmi ilə orta statistik insanın gəliri tərs mütənasibdir – korrupsiya artdıqca əhalinin gəliri azalır, demək, güzəranı pisləşir. Aradakı fərq, yəni qanunsuz dövriyyədən yığılan pullar bəs hara gedir – artıq yazdıq: hara lazımdırsa, ora: uzunsov beynində doyma mərkəzi işləməyən acgöz məmurların cibinə.

İqtisadçılar çoxdan haray çəkir: təkcə korrupsiya və monopoliyanın kökünü kəsmək kifayətdir ki, qiymətlər nəinki qalxmasın, hətta düşsün…