Şirvan qoruğunda ceyranları ovlayan 3 nəfərlik brakonyer dəstəsi yaxalanıb, sən demə, bunların üçü də elə həmin qoruqda yeger – qoruqçu işləyirmiş. Azərbaycandakı durumu dəqiq simvolizə edən hadisədir. Burda hər şeyi onu qorumağı tapşırdığın adamlar məhv edir.
Əslində “tapşırdığın” kəlməsi də çox yekə çıxır, biz kiməsə nəyisə tapşırmırıq, heç bunu uca millətimizdən soruşan da yoxdur. Sadəcə, kimin gücü nəyə çatsa, qamarlayıb özünü onun qoruqçusu elan edir. Biri deyir, qanunların keşiyində dayanmışıq, o biri deyir, mənəviyyatın. Biri özünü zurnaçalanların böyüyü elan edir, ayrısı deyir bütün jurnalistikanın atasıyam. Biri hansısa kəndi qanadı altına alır, o biri deyir bütün azərbaycanlıların qarantıyam, arxayın yatın. Hətta üstü açıq yata bilərsiniz.
Özü də bu ceyran məsələsi bizdə nəsə etnoqrafik-tarixi çalarlar daşıyır. Bilmirəm nədəndir, ancaq bu heyvana məhəbbətimiz daha çoxdur. Yeri gələndə qoduğun gözləri ceyranın gözlərindən min dəfə qəşəngdir (bəlkə də şişirtdim – ceyranı yaxından görmək lazımdır, bunun üçün qoruqda yeger işinə düzəlmək fikrindəyəm), ancaq heç kim sevgilisinə “Qoduğum, ay qoduğum” deyib mahnı qoşmur. Sovet vaxtı bir əfsanəvi əhvalat danışırdılar, deyirdilər Telman Əliyev adlı “milisyə” olub, Brejnevin qızı Bakıya gələndə bunu qonaq aparıb, Azərbaycan SSR rəhbərliyinə isə xəbər verməyib, sonra yerli rəhbərlik bunu biləndə Telmanı dama saldırıb. Bax, həmin Telman, deyirdilər bağında ceyran saxlayır.
Buna bənzərini 90-cı illərin ortalarında Biləsuvar qaçqın düşərgəsində cəbrayıllılar mənə danışmışdı. Orda bir notarius yaşayırdı, deyirdilər bu adamın o qədər çox pulu varmış ki, Cəbrayılda saxladığı ceyrana qızıldan diş qoydurubmuş. Belənçik-belənçik fantaziyalar… Dəqiqliyinə heç bir qarantiyam yoxdur.
Ancaq cəbrayıllı deputat Astan Şahverdiyevin millətimizi söyməsi, sonra isə guya üzr istəməsi söhbətləri dəqiqdir, gözümüz önündə oldu. Astan müəllim deyir, əsəbi olmuşam, ancaq gərək millət də azğınlıq eləməsin. Əcəb üzrxahlıqdır. Üzrü günahından betər buna deyiblər. (Gül kimi ceyran teması yazırdıq, bilmirəm bu cür “otxod” deputatlar teması hardan araya girdi).
Quzunun qurda tapşırıldığı sahələrdən biri səhiyyədir. Hazırda ölkə qrip və kəskin respirator infeksiya epidemiyasının əlində əsir-yesirdir. Məktəblərdəki hər sinfin azı yarısı evdə qızdırma, öskürək, halsızlıq içinə yatır. Müəllimlər, valideynlər, hətta həkimlər özləri – son vaxtlar kimdən soruşursan, kədərlə burnunu çəkir, deyir, xəstəyik, danışdırma. Ancaq bu durumda Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla müəllim görün nə deyir: “Hazırda ölkədə qrip və bənzər xəstəliklər sarıdan narahatlıq yoxdur. Həm də hər kəsin qripə davamlılığı öz əlindədir. Özünü qorumayan adamlarda qrip uzun çəkir”.
Əlbəttə, sağ ayaq yerinə sol ayaq kəsən idarədən yaxşı məsləhət gözləmirik. Özünüz öz başınıza çarə qılın söhbətinə gələndə, bu da “Hər kəs yüz il yaşamasa, günah onun özündədir” söhbətidir. Bəs o zaman İbadulla müəllimin vəzifəsi nədən ibarətdir? Niyə dövlət büdcəsindən maaş alır? Elə bu son qrip epidemiyası ilə bağlı məktəblərdə, kollektivlərdə tədbir görmək əvəzinə isti otağında əyləşib nağıl danışır. Çünki gözün üstündə qaşın var deyilməyəcəyini bilir. Bizdə ceyran ovçuları yalnız qoruğun müdiri ilə əlbir olmayanda ələ keçirlər. Gətir vaxtında kişinin buynuzunu, dərisini, ətini, dırnağını ver, sonra istəyirsən lap qoruqda “Ceyranxana” adlı kabab evi, “Ceyranlı” xəngəlxanası, nə bilim, “Ceyran dırnağı” adlı xaşxana aç. Kim sənə nə deyir? Hər işin öz yiyəsi var, qanunlara əməl olunmalıdır.
Oktyabrın sonunda Bakıda ağır cinayət məhkəməsi 40-a yaxın adamı aldadıb pulunu çırpışdıran bir vəkilə dələduzluq maddəsi ilə açılan cinayət işinin istintaqını dayandırdı. Həmin “vəkil” birinin pensiyasını, o birinin məhkəmə işini həll edəcəyini, bir ayrısını işə düzəldəcəyini deyib camaatı qazlayıb yolurmuş, heç bir iş görmürmüş. Maraqlıdır ki, bu “vəkil” qabaqlar da eyni dələduzluq maddəsi ilə 8 il həbs cəzası alıbmış.
Ancaq ən maraqlısı dələduzun özünə reklam yeri tapması idi. Sən demə, o, bir regional telekanalizasiyamızda verilişlərə hüquq eksperti kimi çıxaraq camaata məsləhətlər verir, özünə müştəriləri bu yolla toplayırmış. Yəqin yığdığından TV rəhbərliyinin haqqını vaxtında verməyib. Yoxsa niyə ilişirdi? Yenə məhkəmə sağ olsun, ədalətin “zəfər çalmasını” təmin etdi.