Baxırsan gül kimi uşaqdır: saçı daraqlı, əyin-başı yerində, ağıllı-kamallı. Sual verirlər ki, böyüyəndə nəçi olacaqsan, bizim kimi kosmonavt olmaq istəmir, deyir, hələ seçim etməmişəm.
Rəhmətliyin nəvəsi, sənin nəçi olmağını çoxdan, hələ atanla anan yeni tanış olanda müəyyən ediblər. Saşa deyib, Maşa, gəl evlənək, bir oğlumuz olsun, adını sonra qoyarıq, amma böyüsün, prezident olsun. İndi sənin ağzın nədir ki, onların varis planına qarşı çıxasan?
Söhbət qardaş Belarus xalqının ömürlük prezidenti Lukaşenkonun kiçik oğlu Nikolaydan gedir.
O uşaq anadan olandan bəri elə hey deyirdilər ki, guya Batka onu öz yerinə hazırlayır. Bugünlərdə bu şayiəni təkzib ediblər, Nikolayın dilindən müsahibə yayıblar, o da deyib ki, gələcəkdə prezident olmaq istəmir.
Niyə, quzu? Çətin həyata hazır deyilmiş vəliəhd. Bəs nəçi olacaqsan? Heç demə, Niko hələ fikirləşir, amma ya həkim olacaq, ya da hərbçi.
Əlbəttə, prezidentlik ixtisası deyə bir şey yoxdur, istənilən siyasətçi əvvəlcə bir peşə sahibi olur, sonra böyüdükcə prezidentlik eşqinə düşür. Görünür, Nikolay bunu hələ bilmir. Ona qalsa papası tarix və ictimaiyyət müəllimidir, amma budur, 22 ildir prezident işləyir, tarix dərsi demir, əvəzində tarix yazır.
Əslində Lukaşenkonun başqa böyük uşaqları da var, birinin adı Viktordur, o birininki Dmtri. İkisi də artıq deputat, vitse-prezident seçiləsi yaşa gəliblər. Amma nə işdirsə, Batka mehrini balaca gədəsinə salıb, xaricə, ora-bra gedəndə yanına salıb aparır, ona ədəb-ərkan öyrədir, prezidentlərin nə cür qarşılandığını, nə cür danışıqlar apardığını, necə qərarlar qəbul etdiyini göstərir.
Elə ona görə də camaat elə hesab edir ki, Lukaşenko axırda hakimiyyətini Nikolaya verəcək.
Düzdür, indilikdə xarici səfərlər Nikolaya ağır iş kimi görünür, amma bir azdan, yekələnəndə xoşuna gələcək.
O vaxt Suriyada Hafiz Əsəd də balaca Bəşəri yanına salıb gəzdirəndə gələcəkdə həkim olmaq istəyən Bəşər deyirmiş ki, atayi-mehriban, yoruluram, qoy bu dəfə səfərə getməyim. Hafiz Əsəd də deyirmiş, gözümün nuru, sən bu işi öyrənməlisən axı, məndən sonra bəs kim idarə edər bu boyda ölkəni.
O üzdən Bəşər Əsəd məcbur qalıb gələcəkdə prezidentlik etmək işini mükəmməl öyrənib. Hazırda gördüyünüz kimi, dünya yığıldı onun üstünə getdi, ölkəsini darmadağın etdilər, beş yerə parçaladılar, amma Bəşər Əsəd pəs etmədi, vəzifəsindən əl çəkmədi. Çünki bu ölkə ona ata mirasıdır, ata yadigarıdır, əmanətdir.
Belə uşağın biri də Şimali Koreyada idi, heç gör atası ona “məndən sonra prezident sən olacaqsan” deyəndə etiraz etdimi, “yox, mən həkim olmaq istəyirəm”, “hərbçi karyerası barədə düşünürəm” dedimi? Demədi. Niyə? Çünki ağıllı uşaq idi, İsveçrədə oxumuşdu, anlayırdı ki, ölkə rəhbəri olan adam avtomatik bütün generalların rəisi, baş komandanı olur. Al bu da sənə hərbçi karyerası. Leytenant, kapitan, mayor, polkovnik, general olmaq nəyə lazmdır, birbaşa marşal olursan, iş bitir.
Vaxt gəldi, vəliəhd Kim Çen In uğurlu hərbçi, artilleriyaçı oldu. O, atasının qırxı çıxmamış araq içən və bununla da dövlətçiliyə xəyanət edən bir generalı səhra topunun lüləsinin ağzına bağlatdırıb külünü göyə sovuranda məlum oldu ki, Kim hərb işini bilir.
Kim bilir, bəlkə Nikolay da gələcəkdə uğurlu hərbçi olacaq, atasının uğurlu xarici və daxili siyasətini davam etdirəcək? Elə də olacaq. Atalar deyib ki, usta oğlundan şəyird olmaz.
Vaxt gələcək, təxminən 2030-cu ildə-zadda Aleksandr Lukaşenko bir gün televiziyada, türkün sözü, ulusa səsləniş edəcək, deyəcək, ta qocalmışam, dövləti idarə etmək işini gənclərə buraxmaq istəyirəm, ona görə də hesab edirəm ki, indən belə prezidentiniz Nikolay Lukaşenko olsun.
O zamana qədər Nikolayın özünün “kruq”u olacaq, özlərini “islahatçılar” adlandıracaqlar. Ata Lukaşenkonun köhnə qvardiyası da gənc Lukaşenkonu dəstəkləyəcək, xalqın vəhdəti, dövlətin birliyi naminə onun ətrafında sıx birləşəcək və onu hakimiyyətə gətirəcəklər.
Bundan sonrası asandır. Balaca vaxtından saraylar, rəsmi qəbullar, açılışlar görmüş Nikolay Belarusu, necə lazımdır, idarə edəcək.
Bir gün o, əkə-bükə liderlər kimi növbəti müsahibəsini verəndə həsədlə xatırlayacaq: “Uşaq vaxtı həkim olmaq istəyirdim. Uşaqlıq arzum idi… Həyat… qismət…”