Загрузка...

“Düşmən”li deputat

Milli Məclisin sədri Oqtay Əsədov bu yaxınlarda deputatlara xəbərdarlıq etmişdi ki, hara gəldi, nə gəldi danışmasınlar. Hətta “bir çoxlarınız intervü verməyiniz üçün sinov gedirsiniz” – dediyinə görə sədri qınayanlar da oldu. Lakin görünür, spiker bu sözləri deyəndə “pir mənimdir, kəramətinə bələdəm” prinsipinə istinad edib. Yoxsa neçə illərdir danışan deputatlar var, onlar niyə bu illərdə özlərini “yandırmır?”

Əslində Astan Şahverdiyev nə parlamentdə, nə də mətbuatda fəal olan deputatlardan deyil. Plenar iclaslarda nadir hallarda söz alır. Mətbuata gəldikdə, indiyədək bircə dəfə onunla telefon söhbətim olub. Məcburi köçkünlərin çörəkpulunun ləğv olunacağı barədə sualımdan sonra elə qeyzlənib ki, elə bil nəsə böyük günah iş tutmuşam. Bu əhvalatı bir həmkarıma danışanda dedi sən yaxşı qurtarıbsan. Demə, həmkarım Astan müəllimə zəng edib hansısa məsələyə münasibətini soruşmaq istəyirmiş, elə sualı ağzında qalıb, deputat qayıdıb ki, sənə mənim telefon nömrəmi kim verib, tez ol, de, düşmənimi tanıyım…

Bax, belə… Kaş ki, 11 ilin deputatı susmağın qızıl olduğuna özünü inandırıb da sükutu pozmayaydı, danışmayaydı. Bu, insanları təhqir etməkdən milyon dəfə yaxşı idi.
Dekabrın 24-də Biləsuvardakı Cəbrayıl camaatı işığın kəsilməsinə etiraz edəndən sonra qarşıdurma yarandığı üçün Astan Şahverdiyev də rəsmi şəxslərə qoşulub camaatla görüşə gedib. Bura qədər fəaliyyətə kim nə deyə bilərdi ki? Onu da demişdi ki, problem həll olunacaq, hətta əhaliyə kerosin (!) veriləcək. Ancaq daha təhqir etmək nəyə lazım?!
İnsanları da başa düşmək, situasiyanı düzgün dəyərləndirmək lazımdır. Bəli, mümkündür ki, kimlərsə situasiyadan istifadə etməyə çalışıb, gecənin qaranlığında hansısa niyyətini gerçəkləşdirmək istəyib. Heç yolun kəsilməsi də çıxış yolu deyil. Bəlkə o yolla başqa bir cəbrayıllı xəstə aparırdı və s. Hər iki tərəfdən xəsarət alanların olması da çox pis haldır, gərək olmayaydı.

Ancaq yaşı 70-ı haqlayan deputat əhalini sakitliyə çağırmalı, bu həssas dönəmdə gərginliyin yaranmaması üçün maksimum səbrli olmağı tövsiyə etməliydi.

Bundan əvvəl başqa yerlərdə də aksiya olub. Quba olayları yadınızdadırmı? Deputat Vahid Əhmədov qəzəblənmiş kütlənin qarşısına çıxdı, onları sakitləşdirdi, sonra da həbsdəkilərin azadlığı üçün çalışdı.

Ancaq bu gün özünü hakimiyyətin müdafiəçisi, hakim partiyanın üzvü kimi təqdim edən Astan Şahverdiyev ötən illərin təcrübəsindən azca da olsa, bəhrələnməyib, elə ehtiyatsız ifadələr işlədib ki, iqtidarın özünü də çətin vəziyyətə salıb.

Böhranın ölkəyə, əhaliyə nə qədər ciddi zərbə vurduğunu hər kəs qəbul edir. Elə Astan Şahverdiyev özü də müsahibəsində təsdiqləyib ki, Biləsuvardakı Cəbrayıl qaçqınları qazla təmin olunmayıb. Nəticədə işığa güc düşüb və əhali qaranlıqda qalıb.

Deputat dairəsindəki adamlarla görüşüb onları sakitləşdirmək əvəzinə, adamları faktiki olaraq yeni etirazlara sövq edib. Üstəlik, Biləsuvardakı etirazçılar haqda “bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb” ifadəsini işlətməklə hakimiyyəti müdafiə etmək əvəzinə, ona problem yaradıb.

Buna “qaş düzəldilən yerdə vurub göz çıxarmaq” deyirlər.

Hakimiyyət özü çox yaxşı bilir ki, qaçqın və məcburi köçkünlər cəmiyyətin həssas təbəqəsidir. Yeri gəlmişkən, deputat Çingiz Qənizadə qaçqın və məcburi köçkünlərin güzəştləri ilə bağlı məsələ qaldıranda “Qaçqınkon” sədri Əli Həsənov çox kəskin reaksiya vermişdi, “son vaxtlar qaçqın və məcburi köçkünlərə qarşı hücumlar artıb. Bunun səbəbi nədir? Mənə də aydın deyil. Bu insanlar ölkənin ən həssas təbəqəsidir. Ona görə də qaçqın və məcburi köçkünlərin problemlərinə toxunarkən hamı diqqətli olmalıdır”-demişdi. Hansı ki, Çingiz Qənizadə qaçqın və məcburi köçkünlərin faydasına olan təklif vermişdi və heç yarım ay keçmədi, onun təklifi rəsmən qəbul olundu. Maraqlıdır, cənab Həsənov niyə Astan Şahverdiyevin dediklərinə reaksiya vermir?

1995-ci ildə Nyu-York elmlər akademiyasının həqiqi üzvü seçilmiş professor Şahverdiyevin Rusiyadakı soydaşlarımız haqqında sözləri isə başqa müzakirə mövzusudur. Deyir “Rusiyaya gedənlər …bizim cəmiyyətin ”otxodları”dır”. Azərbaycan parlamentarı Rusiyaya çörək ardınca gedən, ailəsindən, el-obasından didərgin düşməyə vadar olan 2 milyondan çox azərbaycanlı haqqında “otxod” ifadəsini işlədirsə, daha bizə düşmən lazım deyil ki…Sonra da deyir “sənə nömrəmi kim verib, de, düşmənimi tanıyım…”