Almaniyada mühacir müsəlman qızın ölkənin prezidentinin əlini havada qoyması, onunla əl tutuşub görüşməkdən imtina etməsi Avropadan çox, ölkəmizdə müzakirə olunur. Və bu, təbiidir.
Çünki biz də müsəlman ölkəsiyik, yeri gələndə əlimizi kitab tuturmuş kimi açıb (hərçənd bəziləri ovcunda su varmış kimi tutur) “Fatihə” surəsi oxumağımız, su içəndə “bismillah” deməyimiz var. “Maşallah”, “inşallah”, “əstəğfürullah” kəlmələri də dilimizdən düşməz, nəmxuda.
Ancaq biz Almaniya kimi nəhəng dövlətin prezidentinin əlini havada qoyacaq qədər saf müsəlman deyilik. (Burada “fanatik müsəlman”, yaxud “xalis müsəlman” da yazmaq olardı). Hətta bizimkilər qürbət ölkədə onlara yardım edən nəinki prezidentin, nazirin, bələdiyyə sədrinin, hətta adi, sıravi bir adamın da salamını almağı borc bilirlər.
Əlbəttə, bizdə də elələri tapılar ki, yad adamla, naməhrəmlə əl tutuşub görüşmək istəməz, amma bu az-az olar.
Yəqin ki, həmin hadisəni (Almaniya prezidentinin pərt durumda qalması) görüntüləyən şəkli görmüsünüz, cənab Yoahim Qauk şəstlə əlini qıza uzadıb, o da türkiyəli siyasətçilərin “eyvallah” deyəndən sonra əllərini ürəklərinin üstünə qoymalarına oxşayan bir hərəkət edir. Nəticədə yazıq Qauk baxa-baxa qalıb. “Bilirsənmi, ürəyindən nələr keçir? Nələr keçir, nələr keçir, dərdin alım” məsələsi…
Ola bilər ki, o qız sidq-ürəkdən, səmimi qəlbdən inanır ki, əli babası, dədəsi yaşda kişinin əlinə dəysə, günaha batacaq, namus-qeyrət əldən gedəcək, cəhənnəmlik olacaq. Amma bu kişi ağsaqqaldır axı, onun əks-cinslə təmas eşqi ilə ictimai yerlərdə sümsünən vaxtı çoxdan keçib. Üstəlik, o, elə bir ölkədə yaşayır ki, orada cinsəllik problemi yoxdur. Yəni bütün kişilərin bütün qadınlara məhz cinsi şəhvət predmeti kimi baxmaları, el dilində desək, hər kəsə süllab satmaları ənənəsi darmadağın olub gedib.
Ona görə də günaha batmaqdan qorxan müsəlman qız gərək 76 yaşlı ağsaqqala əl uzatmaqdan çəkinməyəydi, anlayaydı ki, bu 18 yaşlı Ahmed, 22 yaşlı Mövlud, 35 yaşlı Səud, 45 yaşlı Cemal, 55 yaşlı Məktum, 67 yaşlı Nəsrallah deyil.
Bu da başqa bir söhbətdir ki, “günaha batmaqdan qorxan müsəlman qız”ın “gavurlar”, “kafirlər”, “allahsızlar” ölkəsində nə işi var? Necə ola bilər ki, bu kafirlərin saldığı küçədə gəzəsən, tikdikləri binalarda yaşayasan, düzəltdikləri maşında yol gedəsən, istehsal etdikləri ərzağı yeyəsən, geyimi geyəsən, günaha batmayasan, amma Hitleri tribunada, Gobbelsi paradda görmüş adamla əl tutuşmaqdan qorxasan?
Bax, dünya bu işə mat qalır və müsəlmanlara quşqu ilə yanaşır. Hər il dünyanın müharibə gedən və getməyən ölkələrindən milyonlarla müsəlman söydükləri, kafir adlandırdıqları xristianların ölkəsinə pənah aparır. Düzdür, artıq müsəlmanların yaşadığı elə bir ölkə yoxdur ki, orda nəsə bir müharibə getməsin, amma müsəlmanlar da sakit, müharibəsiz yaşamaq istəyirlər, ona görə sakit, təhlükəsiz ölkələrə axışırlar.
Di gəl, belə bir minusları var ki, onlar hansı ölkəyə getsələr, orda dava salırlar. Məsələn, İtaliyada bəzənmiş Yeni il ağacını uçurub-dağıtmaq nəyə lazım idi? Ya da Milad yarmarkasında camaatın üstünə yük maşını sürüb 60-dan artıq adamı şil-şikəst etmək, öldürmək?
2-3 ay qabaq Suriyadan İslandiyaya gələn iki müsəlman gənc paytaxt Reykyavikin mərkəzindəki kilsəyə sığınmışdılar, sığınacaq istəyirdilər. Əlbəttə, kilsə də Allahın evlərindən biridir, əlacsız qalmış istənilən insan hansı dinə tapınmasından asılı olmayaraq ora sığına bilər. Ancaq islandiyalılar norveçlilər qədər tolerant çıxmadılar, onları cələkləyib gəldikləri ölkəyə – Norveçə qaytardılar ki, bunlar işləri düzələndən sonra gələcək, “gavurlar evi” deyərək kilsəyə “molotov kokteyli” atacaqlar.
Uzun sözün kəsəsi, insanlar çalışmalıdır ki, bir-biri ilə irqi, milli, dini, cinsi fərq qoymadan, iç-içə yaşasınlar. Yox, kimsə ayrıca, təcrid olunmuş şəkildə yaşamaq istəyirsə, o zaman onun cəmiyyətini bəyənmədiyi ölkəyə gedib, “yersiz gəldi, yerli qaç” prinsipi aparmaq, gəmidə oturub gəmiçinin anasına cinsi münasibətlər təklif etmək ixtiyarı yoxdur.
Yaxın Şərqdəki zülm-zillət dolu ölkələrdən qaçaraq azad ölkələrə sığınanlar bilməlidirlər ki, eyni davranışı öz ölkələrinin şahlarına, şeyxlərinə, şahzadə və şeyxzadələrinə qarşı etsəydilər, gecəylə nəsillərinin bütün başıçalmalılarını zindana basar, başıləçəklilərini isə özlərinə zorla arvad edərdilər. Bu yaxşıdır, yoxsa 76 yaşlı naməhrəm prezidentlə əl tutuşmaq?