Vaxtaşırı olaraq Nazirlər Kabinetindən ana dilimizi qorumaq haqda fəryadlar göyə bülənd olur. Orda hətta Tərcümə Mərkəzi daxilində dil pozuntularının monitorinqini qayıran nəsə idarə də vardır, dövlət büdcəsindən balaca bir məməcik tapıb əmməklə məşğuldurlar.
Ancaq idarə özü dilimizə əməl edirmi? Gəlin sizə Nazirlər Kabinetinin qəttəzə bir qərarından – 18 dekabrda “İnzibati Xətalar Məcəlləsindən irəli gələn bəzi məsələlər” kimi idiotik ad daşıyan qərardan bir sitat oxuyum, bir şey başa düşsəniz Artur müəllimin qəbuluna yazılıb baş nazirin müavini vəzifəsinə iddianızı ortaya qoymaqda tam haqlı olduğunuz zərurətini bildirməkdən məmnunluq duyduğumu şərəflə ərz edirəm.
Sitat: “Nəzərdə tutulan məbləğ məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı əsasında qanuni nümayəndələrə onların yaşadığı yer üzrə ərazi maliyyə orqanları tərəfindən həmin şəxslər tərəfindən ərizə və məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı təqdim edildikdən sonra bir ay müddətindən gec olmayaraq veriləcək”. Sitatın sonu.
Buna zəhmətkeşi dolamaq da demək olardı, ancaq zəhmətkeşin nə vecinədir?
Yeri gəlmişkən, bu yaxında bir qəzetdə də adamlara qoyduğumuz adların ərəb-farsca olmasından haqlı narahatlıq bildirilmiş, ağsaqqal məsləhəti kimi qabaqda gedən alimlərimizdən münasibət soruşulmuşdu. Alim sazı sinəsinə basıb demişdi ki, yaxşı olar uşağa Batuhan, Dinçər və Sezgin adları qoyulsun, çünki bunlar tərtəmiz bizim dildə olan adlardır. Nə deyəsən, alim sözündən çıxmaq olmaz.
Bir-iki ad da mən məsləhət görüm, AMEA Zoologiya İnstitutunda toyuq saxlamaq üzrə yarımştat alim kimi çalışıram, özümüzə görə alimik.
Misal üçün, Sezgin adı varsa mütləq Bezgin adı da olmalıdır, indi xalq yaşayışından bezibdir. Yaxud, hansısa səfirə terror olan gün doğulan uşağın adını Çezgin qoymağın nəyi pisdir? Yeri gələndə Çingizxan adına bənzəyir. Yatıxan (yuxulu uşaq üçün), Pencər (vegetarian ər, igid deməkdir), Bəbirgin, Didərgin, Qaçqınxan, Köçkünbəy, Manatdur, Dollarvar və sairə çağdaş adlar ölkəmizi bəzəyər.
Bəbiri havadan yazmadım, təzəlikcə “National Geographic” jurnalı bizim Hirkan qoruğunda bəbirin tapılması haqda kinosunu göstərdi, hamımız baxıb sevindik. Ancaq sənədli film məndə bir az şübhə doğurdu, çünki müəllif bəbiri tapa bilməmişdi. Kinodan belə məlum olurdu rejissor gəlib dağlara, bizim hökumətin yardımı ilə çoxlu video-foto-tələlər quraşdırıb, gedib. Sonra gəlib həmin qurğulardan bəbirin çəkilişini çıxartdı, dedi çəkmişəm. İndi biz hardan bilək o videodakı bəbirlər başqa yerdə, misal üçün, qonşu İranda çəkilməyib? Orda bəbirin yaşaması məlumdur. Biz isə hər cür saxtakarlığa öyrəşmiş adamlarıq. Ola bilsin ingilis qardaş da bəbiri tapa bilməyəndən sonra yapistlərdən və “NG”dən aldığı çoxlu pulları yumaq üçün belə bir zad düzəldibdir. Nəticədə hamı razı qalıb: həm bu pişiklərə konfrans düzəldib şellənən hakimiyyət, həm kinonu çəkənlər, həm də respublikamızın dünya şöhrətindən başı gicəllənən zəhmətkeşlərimiz. Bəs bəbir hanı? Bəbir isə ancaq şəkil kimi vardır. Vallah, bunu fikirləşən uşaqlara halaldır. Ümid edirəm yaxın illərdə Kürdəmir savannalarında fil tapılması haqda maraqlı filmlər görəcəyik. Mən özüm hərdən Binəqədi yollarındakı gölməçələrdə begemota rastlanıram.
Nə olsun manat ölüb, basdıran yoxdur, bizdə belə istiqamətlərə həmişə pul tapılır.
Sözgəlişi, o bəbirlər haqda filmdə ən xoşuma gələn epizod Babaxan adlı yerli sakinin həyatı idi. Demək, Babaxan bəy orda meşədə evi olan, ağaca dırmaşan, özünü Tarzan kimi aparan bir kadr idi. O qədər koloritli adam idi ki, bəbirin tapılmadığını bütün kino ərzində ört-basdır edirdi. Misal üçün, düz yerdə getdiyi yerdə heç ehtiyac olmadan hoppanıb ağaca çıxırdı, ya da bəbir səsi çıxardıb kameraya cırmaq atırdı. Sağ olsun, uca millətimizi dünyada çox yaxşı tanıtdı. Biz dünyaya göstərdik ki, meşələrimizdə bəbir olmasa özümüz bəbir ştatına girərik, təki hökumət narazı qalmasın, vəhşi pişikləri qoruma projeləri batmasın.