Tehranlı professor Bəhram Əmirəhmədian Ermənistan mətbuatına verdiyi açıqlamada İran dövlətinin əlindəki kartı və gerçək niyyəti açıb göstərib.
Öncə Əmirəhmədianın sözlərinə diqqə edək. Professor deyib: “İsraillə yaxınlaşmasına görə, İran Azərbaycana asanlıqla cavab verə bilər, ancaq cavab vermir, çünki buna ciddi yanaşmır. İran Azərbaycanın şiə əhalisini bu ölkənin hökumətinə qarşı istifadə edə bilsə də, heç vaxt o potensialdan istifadə etməyib”.
Birincisi, bundan başlayaq ki, İran zaman-zaman bu potensialdan istifadə etməyə çalışıb və bir gün də olsun, Azərbaycan əhalisinin böyük hissəsinin şiə məzhəbindən olması faktorunu yadından çıxarmayıb.
İndiyədək Azərbaycanda həbs olunan və uzun müddət məhbəsdə saxlanılan İranmeylli dindarların sırasına baxaq. İlk baxışdan onlar siyasi motivlərlə həbs olunublar və bu, doğrudan da belədir.
Fəqət bu şəxslərin siyasi fəaliyyəti nədən ibarət idi? Onlar “şiə əhalisini hökumətə qarşı qaldırmaq” fikrindəydilər.
Orta məktəblərdə qız uşaqlarının hicab geymələrinin vacib olduğu, bunu qanuni şəklə salmaq üçün az qala “ölüm-dirim” mübarizəsi aparacaqlarını bəyan edən qüvvələrin başlatdığı kampaniyanı xatırlayaq.
Bu kampaniya qəfildən, aydın səmada çaxan şimşək effekti ilə başladı, onlarla dindarın döyülməsindən, tutulmasından sonra qəfildən də sönükdü. Sanki belə bir problem yerli-dibli yoxmuş.
Hicab azadlığı uğrunda ayağa qalxanların bir qisminin həbsdə oturması ilə bitən qovğa-mərəkənin İranın barmağı ilə başladığı heç kəsdə şübhə doğurmurdu.
Həmin aksiyaya qatılanların sayı o dövrdə aparıcı müxalifət partiyalarının “azad seçki” şüarı ilə keçirdiyi aksiyalarda iştirak edənlərdən çox deyildi. Ancaq İranmeylli qüvvələr daha mütəşəkkil və daha aqressiv idilər.
Bununla belə, ortaya çıxdı ki, əhalinin geniş kütlələri Tehranlı axundların fitnəsinə uyacaq qədər bəsirətsiz deyillər.
Ona görə də professor Əmirəhmədian “İran bu potensialdan heç vaxt istifadə etməyib” deyərkən yalan danışır. Həqiqət budur: İran o potensialdan istifadə edib, etməyə çalışıb, ancaq başarısız olub.
İndi gələk “o potensial”ın özünə. Azərbaycan əhalisinin böyük hissəsi şiədir, kəlmeyi-şəhadətlərini dilə gətirərkən “Əıliyən vəliyulla” (“Əli Allahın valisidir”) deyənlərdir. Bundan başqa, milyonlarca azərbaycanlı Aşurada meydanlara toplaşır, təziyə məclislərinə qatılırlar.
Ancaq bu, o demək deyil ki, sabah İrandan nəsə bir avantürist fətva gəlsə həmin milyonlar meydanlara toplaşar və İranın əlində dağıdıcı alətə çevrilər.
Bu, olmayacaq. Sadəcə, həmişə olduğu kimi, bir qrup adam tapılar ki, onlar ortaya atılaraq, həmin hərəkatın nüvəsi olmaq istəyərlər. Amma bu da dövlət strukturlarının qətiyyətindən asılı məsələdir. Onlar qətiyyətli, çevik, sayıq olsalar, həmin hərəkatın heç bir perspektivi ola bilməz. Yox, zəiflik etsələr, güzəştli mövqe tutsalar, tərəddüd göstərsələr, o zaman insanların dini amillərlə qızışdırılması dağdan qopub yuvarlanan qar uçqunu kimi olar, hər şeyi altına alar.
O başqa məsələdir ki, özünü dünya şiələrinin pasibanı elan edən İran nədən Azərbaycanın müsəlman-şiə əhalisinin ümdə maraqlarını ermənilərin ayağına verir.
Əlbəttə, İranın dövlət maraqları onun müdafiə etdiyi dini ideologiyadan, məzhəbçilik xəttindən daha güclüdür və İran Ermənistanla iqtisadi-siyasi-diplomatik münasibətlərini möhkəmləndirərkən sırf dövlət maraqlarını, dövlət təhlükəsizliyini nəzərə alır.
Bu baxımdan rəsmi Tehranın sonradan bölgə xalqlarının keşikçisi, din himayədarı kimi çıxış etməsi qeyri-səmimi aktlardır. Prinsipcə, Fələstin xalqına görə İsraillə düşmən olan dövlət Qarabağa görə də Ermənistanla düşmən olmalıydı.
Olmalıydı, olmur. Çünki İsrail düşmənçiliyi ilə yanaşı Ermənistanla dostluq Tehran üçün daha faydalıdır. Yaxud da belə hesab olunur.
Əslində, Tehranın qorxulu röyası bir gün İranda yaşayan azərbaycanlıların kütləvi şəkildə hökumətin üstünə qalxmasıdır.
Yaxşı olar ki, heç bir dövlət başqa dövlətin daxilindəki ərki ötən toplumu öz hökumətinin üzərinə qaldırmasın və bu faktordan şantaj məqsədi ilə istifadə etməsin. Təsirin əks-təsirə bərabər olmasına dair fizika qanunu hələ də keçərlidir.