O vaxt (30 il əvvəl) alkoqolizmə qarşı mübarizə başlayanda biz çox gənc idik, yetkin həyata yenicə atılmışdıq, əlimiz təzə-təzə badə tuturdu. Durduq yerdə Qorbaçov qədəhlərimizə zəhər damızdırmışdı, hiddətli idik.
Bir dəfə dekan müavinimiz Sarif müəllim bu xüsusda danışarkən dedi ki, siz bilmirsiniz (burasını çox düz deyirdi, doğrudan da bilmirdik), Qorbaçov bu addımı atmağa məcbur idi, çünki spirtli içkilər rus millətinin genefondunu məhv etmək üzrəydi.
Danışırdılar ki, bir səhər Qorbaçov səhər tezdən Leninqradda bir zavoda gedib, görüb ki, fəhləli, müdirli hamısı spirt iyi verir. Guya sovet lideri əsəbiləşib, deyib ki, əgər bunlar səhər açılan kimi ağulanmağa başlayıblarsa, demək, günorta və axşam da içəcəklər, bəs necə işləyəcəklər.
Ona görə də o, spirtli içki istehsalını və istemalını yasaqlamağa cəhd göstərdi. Ölkədə böyük bir kampaniya başlandı, hər yerdə əyyaşları ifşa edirdilər. (Bizdə bu kampaniyadan sui-istifadə edənlər də olmuşdu, məsələn, bir baza müdirini bir parç pivə içdiyinə görə təşkil edib “vurdurmuş”dular).
O vaxtlar bizim camaat da bərk vururdu, intəhası, bizimkilər “əyyaş”, “içki düşkünü” ünvanını yaxına qoymurdular, eləcə ruslara “alkaş” deyə-deyə onlardan da çox içirdilər. Şəxsən özüm 13-15 nəfərlik “vuranlar” qrupunun bir “kletka” (20 şüşə) “andropovski” arağı bir oturuma içdiyinin, hələ çatışmazlıq hiss edərək araq dalınca dükana uşaq göndərdiklərinin şahidiyəm.
Bununla belə, bizimkilər deyirdilər, bu “zapret” ruslar üçündür, bizə nə dəxli var, onlar içib alkaşlıq eləyir, donub ölürlər, biz isə iştah üçün, kefiköklük üçün içirik.
Bir dəfə ölkəmizdə hansı bölgədə arağın çox içildiyinə dair dostlar arasında monitorinq apardıq, ənənəvi “içən rayonlar” – Qazax, Tovuz, Ağdam, Füzuli, Cəbrayıl, Cəlilabad, Şəmkir autsayder oldu, ortaya çıxdı ki, Zəngilan, Dəvəçi, Göyçay, Xaçmaz, Qusar kimi liderliyə can atan, perspektivli rayonlar da var.
Yəni o vaxtlar ölkədə əyninə müstəqil şəkildə özü aldığı şalvarı geyən hər bir kişinin (həmişə olduğu kimi, istisnalar var) başlıca qayğısı yeyib-içmək idi.
Belə bir vaxtda spirtli içkilərə yasaq gəldi, araq-çaxır tapılmaz oldu. Bax, məhz onda işbazlar ortaya çıxdı və saxta içkilərlə kütləvi şəkildə əyyaşlaşan sovet xalqının spirtə tələbatını ödəməyə çalışdılar. Bütün taksi sürücüləri araq satırdı. Mağazalarda olmurdu, amma başqa hər yerdə araq tapmaq olardı. Ölkəmizdə “meyvə arağı” adlanan mənşəyi bilinməyən, spirtli zəhərlər də çoxalmışdı. Saxta araqlardan zəhərlənənlərin sayı-hesabı yox idi, statistikası aparılmırdı.
2000-ci ildə Göyçayda seçkiqabağı ziyafət zamanı məşhur şairin qohumu olan bir restoran şefi süfrəyə bahalı araq gətizdirdi, dedi ki, bu, təmiz araqdır, əmin-arxayın içə bilərsiniz. Sonra o, əlavə etdi ki, bir ara buraxılan ucuz “napitok”lar rayonda nə qədər alkaş varsa, hamısının axırına çıxdı: “Qırılıb getdilər”.
Budur, Rusiyadan gələn iki ayrı-ayrı xəbərdə insanların spirtli içkilərdən kütləvi şəkildə zəhərləndikləri deyilir. Biri bizimkilərin işidir, o birilərinin istehsalçıları barədə hələ xəbər yoxdur.
Bu göstərir ki, indiki zamanda spirtli içkilərin kəmiyyəti və çeşidi nə qədər bol olsa da, hələ də saxta içkilər içib qırılanlar var.
Hər il Türkiyədə də nə qədər turist sırf saxta içkilərdən, xüsusilə də “vodka”dan zəhərlənir, ya ölürlər, ya da lazaretlik olurlar.
Bir vaxtlar çox və hər şey içənlərə dair məşhur zarafat vardı, deyirdilər, filankəs odekolondan tutmuş antifrisə qədər hər şey içir. Srağagün İrkutskda ölənlər məhz losyon içib ölüblər. Hökumət də losyon satıcılarını tutub.
Sibirin iqliminə yaxından bələd olanlar deyirlər ki, camaatı qınamalı deyil, onlar içməlidirlər, içməsələr, 40-50 dərəcə şaxtaya dayana bilməzlər. Orası düzdür, amma losyon içməklə də şaxtaya dözmək mümkün deyil.
Uzun sözün kəsəsi, nə içdiyinizə fikir verin, təcrübəli mütəxəssislərə, bu işə ömrünü vermiş adamlara müraciət edin, onlar sizə təmiz arağı necə tanımağın 41 yolunu deyəcəklər. Maariflənmək lazımdır.