Donald Tramp xaricdəki bəzi biznes qurumlarından adını qopartmaq qərarına gəlib, bunlar içində Bakıdakı nakam hotel də var. Bir neçə il nəqliyyat naziri Ziya Məmmədovun ailəsi bu “Tramp Tauer” binasının adıyla daxili bazarda alver eləyə bildi. Nəhayət, buna son qoyulur, yaxşı da olur.
Ümumiyyətlə, son illər neft pulu tükəndikcə bir çox dünya hotelçilik şirkətləri batan gəmini tərk edən siçovul misalı, Azərbaycandan çıxıb gedirlər. Misal üçün, “Jumeyrah” Bilgəhdən adını pozdurdu, “Kempinski” Badamdardan. Şamaxını isə “Riksos” tərk elədi. Kabab iyinə gəlmişdilər, gördülər eşşək dağlanır. Axı doğrudan da sutkası 300-400 dollarlıq nömrələrdə qalıb pəncərədən mazutlu Xəzəri, yaxud, Qurd qapısı qəbristanlığını seyr etməyin heç bir anlamı yox idi. Bakı və Azərbaycan nə beynəlxalq bazar, nə mədəni-tarixi ekspozisiya, nə də təbiət etibariylə turizm üçün böyük perspektivlər vəd eləmirdi. Əsas da azadlıq yoxdursa, orda turizm ola bilməz. İnsan azadlıqları turizm üçün birinci şərtdir.
Əlbəttə, Afrikada-filanda azadlıq olmayan müəyyən yerlərdə safariyə çıxanlar olur, ancaq bunlar dövlət, xalq üçün qazanc gətirəcək turizm sektoru deyil. Misal üçün, mənim bir dostum Çad dövlətində gəzinti zamanı 2 litrlik su ilə ov nizəsini dəyişib həmin nizəni mənə hədiyyə gətirmişdi. İndi görün, orda camaat hansı kökdə yaşayır. Bunu həm də təzə Strateji Yol Xəritəsində Şamaxıda Safari Park salınacağı xəbərini oxuyanda xatırladım. Şamaxıda ərazi qalıb ki, onu safari park edəsən? Hamısı iribuynuzlu məmurların villa və sarayları ilə zəbt edilib. Görəsən Şamaxıya gələcək xəyali turistlər hansı heyvanları yaxından müşahidə edib lazım gəlsə ovlayacaqdır?
Bundansa müəyyən nazirlik və idarələri turizm cığırlarına daxil etmək olardı. Misal üçün, keçmiş MTN-də baş verənlər bəlkə Afrika savannalarında yırtıcı heyvanlar arasında baş vermir. Elə MTN-i parçalayıb yerində yaratdıqları Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin bir açıqlamasını diqqətlə oxuyanda durumun necə acınacaqlı olması görünür. Mədət müəllim təzəlikcə dedi ki, son bir ildə DTX-dən 500 nəfər keçmiş “MTN-çi” qovulub. Yəni, bunun yarısından 1 ildə çıxdaş edilən kadr bu qədərdirsə, gör tamından neçə nəfər çıxarılıb və ümumən orda kriminogen durum hansı gündə olmuşdur.
Söz düşmüşkən, Mədət müəllim dekabrın əsas tuthatut temalarından biri olan “reket jurnalistlərin həbsi” söhbətinə də maraqlı izahat vermişdi. Deyib, onlar müəyyən vəzifəli adamların və övladlarının qeyri-qanuni videoçəkilişini aparıb əvəzində pul tələb edirmiş.
Bəs, görəsən, DTX niyə bu vəzifəli adamların adlarını açıqlamır? Axı xalq öz qəhrəmanlarını tanımalıdır, biz bilməliyik video-şantaja mətanətlə sinə gərən o vəzifəli şəxslər kimlərdir. O cümlədən, vəzifəli şəxsin qanuni video çəkilişi anlayışına da açıqlama gətirilməlidir, çünki jurnalist – istər reketi olsun, istər həqiqisi – vəzifəli şəxsi hansısa yas mərasiminin il dönümündə, ildə cəmi bir-iki dəfə qəbristanlığın qapısında beş saniyə görüb videoya çəkə bilirsə, əvəzində nə etməlidir?
Təbii ki, burda bir rəqabət mühiti də var, çünki indiyə qədər insanların qanunsuz izlənməsi, videoya alınması ancaq xüsusi xidmətlərin səlahiyyətində idi, dəfələrlə bu çirkin silahdan müxalifətə, jurnalistlərə qarşı istifadə edilib. İndi belə çıxır bazara girən varmış, ya da silah iqtidarın əlində açılıbmış – obrazlı yazsaq.
Mətbuat Şurasına da bir selbə tolazlayaq, ta mövzu özü gəldi çıxdı, necə deyərlər, yaxşı adam öz söhbətinin üstünə çıxır, Amaşov isə yaxşı adamdır, hələ indiyə qədər heç bir jurnalisti boğmayıb. MŞ adətən reketlərin qara siyahısı adlı bir cədvəl hazırlayıb icra hakimlərinə-zad göndərirdi ki, filan qəzetdən gəlib pul istəsələr, verməyin, bizim adam gələndə verərsiniz. Maraqlıdır ki, indi DTX-nin reket adıyla damladığı o qaqaşlar MŞ-nin qara siyahısında yox idi. Yəqin MŞ-nin də videosunu çəkiblərmiş. Əks halda dünya söz azadlığı zirvəsində başda duran MŞ kimi quruma şər ata bilmərik.
Bu arada, Əflatun Amaşova dərin təşəkkür edirik, çünki bizim yazıdan və iraddan sonra Saatlıdan deputat qoyulmağı yadına düşmüş, rayona getmişdir. Axarıncı olsun.
Saatlıda safari park yaratmaq imkanları da düşünülməlidir. Kanalların qırağında yaxşı qurbağalar olur.