Başqa ölkələri bilmirəm, amma bizim ölkənin sosial şəbəkə istifadəçiləri bir başqa cürdür.
Bizim şəbəkəçilərin çoxu siyasətçidir, əksəriyyəti hansısa partiyanın üzvü və ya tərəfdarıdır – hər gün prinsipial siyasi mübarizə aparır, hakimiyyətlə (iqtidardakılar isə müxalifətlə) və digər rəqibləri ilə virtual şəkildə çarpışırlar.
Bizimkilər çoxu siyasətşünasdır, hər şey bilirlər – dünyada gedin qlobal siyasi proseslərdən tutmuş, ta ölkədə hakimiyyətə gəlməyin nəzəri yollarına qədər hər şeyi. Çoxu əmindir ki, dünyada nə baş verirsə, hamısı ABŞ və İsrailin oyunudur, eyni zamanda Avropalı siyasilər yaramazdır və Rusiyaya heç kim bata bilməz.
Bizdə futbol azarkeşi (hətta mütəxəssisi) olan sosial şəbəkə istifadəçiləri başqa ölkələrdə olduğundan qat-qat çoxdur. Bizimkilər yeri gələndə Mourinyoya, Qvardiolaya, Ranyeriyə, Şenol Günəşə, Zidana, Simoneyə taktika öyrətməyə meyllidirlər. Yaxşı ki, adları çəkilən futbol mütəxəssisləri bu barədə yazılan statusları oxumurlar, oxusalar, türkün sözü, kafaları qarışar.
Feysbuk çıxalı bizdə jurnalistlərin sayı birə yüz artıb. Özünə səhifə açanların hamısı bu və ya digər şəkildə jurnalistdirlər, jurnalizmlə məşğuldurlar – gördüklərini, düşüncələrini yazır, şəkil çəkib paylaşırlar.
Sosial şəbəkədə hər şey üzrə ekspertlər də çoxdur – şərh yazırlar, rəy bildirirlər, dərs keçirlər, uzman olaraq yekun fikir bildirirlər və s.
Bir ara feysbukda şairlər və yazıçılar da çoxalmışdı. Məsələn, 2-3 il öncə Kulis.az saytı qısa hekayə müsabiqəsi elan etmiş, 50-yə yaxın qələm adamının yarışa qoşulacağını proqnozlaşdırmışdı, amma qısa hekayə yazanların sayı 500-ü keçib 1000-ə yaxınlaşanda, münsiflər çaş-baş qaldı.
Belə baxanda bizdə sosial şəbəkələr insanların potensialını üzə çıxarır, bəzən burada istedadlı adamları (mahnı oxuyanlar, maraqlı şeylər yazanlar və s.) kəşf eləmək olur.
Ancaq bizim sosial şəbəkə istifadəçilərinin yekə bir minusu var, bu da ondan ibarətdir ki, çoxunun əlində balta, qılınc, qamçı, çamur var. Elə bir gün olmaz ki, kimisə yıxıb sürüməsinlər, yerə uzadıb baltalamasınlar, kölgəsini qılınclamasınlar, yaxasından yapışıb qamçılamasınlar, üstünə çamur atmasınlar.
Artıq çox adam sovet dövründə və yaxud iki-üç il öncəyə qədər olduğu kimi mətbuatdan qorxmur, amma sosial şəbəkədə istifadəçilərin hədəfi olmaqdan qorxur. Çünki adam özü barəsində yazan bir qəzetə, iki sayta müraciət, etiraz edə bilər, amma yüzlərlə istifadəçinin hansına zəng eləsin, hansıyla mübahisəyə girişsin. Mümkün deyil.
Tərs kimi, bizdə userlər çox ayıq-sayıqdırlar, ağzından quş buraxanın birini boş qoymazlar. Bir də gördün, şəbəkəyə hay düşdü, adə, qoyma, filan deputat filan sözü deyib. Bu bəsdir. Dərhal onlarla adam vurucu-qırıcı mövqedən statuslar yazır, minlərlə istifadəçi bənzər şərhlər qeyd edir, bir neçə min istifadəçi də onların yazdıqlarını bəyənir.
Sosial şəbəkədə söyülməyi ciddiyə alan adamlar əvvəldə tablaşa bilmirlər, hövllənirlər, əsəbiləşirlər, xalqa izahat vermək, hər şeyin əslində başqa cür olduğunu, elə deyərkən bunu nəzərdə tutmadıqlarını bildirirlər. Amma artıq ikinci, üçüncü dəfədən sonra öyrəşirlər. Bir qədər sonra daha pis vərdiş əmələ gəlir, bu təxminən məşhur lətifədəki “zənci sindromu” (“zəncilər evdədirmi”, “yox”, “onda ta nəyə gəlirəm” məsələsi) kimi bir şeydir, bu dəfə onlar söyülmədən dayana bilmir, istifadəçilərə yeni-yeni mövzular verirlər. İstifadəçilər söyür, söyülənlər isə qımışa-qımışa özləri barədə yazılan status və şərhləri oxuyurlar.
Amma bu işin bir incə xüsusiyyəti var, gərək özünü hədəfə çıxarmağın vaxtını biləsən. Elə ola bilər ki, paslı gülləyə layiq söz deyərsən, zamanına düşməz, sənə heç iki yağsız status da həsr edən olmaz. Elə də olar ki, sözə həssas ünvanlara güldən ağır söz atarsan, adamın və ya o ideyanın tərəfdarları itli-pişikli üstünə tökülər, səni virtual aləmdə linç edərlər.
Populyar olmaq istəyirsənsə, gərək sosial şəbəkədə söyülməkdən qorxmayasan. Virtual söyülmələrin bir-iki gün ömrü olur, ertəsi gün hər şey unudulur. Amma populyarlıq qalır. Xroniki şəkildə söyülüb populyarlıq qazanandan sonra bir gün ağıllı, müdrik sözlər yazır, düzgün mövqe tutursansa, olursan virtual aləmin gözünün işığı.