Загрузка...

Azərbaycanın tam

Azərbaycanın tam “üzən məzənnə” rejiminə keçidi perspektivdə ABŞ dollarını daha da bahalaşdıra bilər.

“Report”un analitik qrupu bu yaxınlarda təsdiqlənən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan tam “üzən məzənnə” rejiminə keçidin yerli valyuta bazarına mümkün təsirini təhlil edib.
Agentliyin analitiklərinin fikrincə, tam “üzən məzənnə” rejiminə keçid təmin olunduqdan sonra, yəni Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət Neft Fondunun (ARDNF) əsas satıcı kimi iştirak keçirtdiyi valyuta hərraclarında dolların məzənnəsi artıq idarə olunmayacaq: “Yəni, hansı kommersiya bankı daha yüksək məzənnə təklif edərsə, hərraca çıxarılan dollar kütləsi məhz həmin banka satılacaq. Bu isə dolların məzənnəsinin kəskin artmasına səbəb olacaq. Dollar müəyyən səviyyəyə qədər yüksəldikdən sonra əhali, banklar və dollar yığımı olan digər subyektlər valyuta ehtiyatlarını satışa çıxaracaq. Nəticədə, sərt dalğalanmalardan sonra dollar öz real qiymətini tapacaq. Lakin buna qədər valyuta bazarında kəskin qiymət oynamaları baş verəcək”.

Qeyd edək ki, AMB-nin son iki ayda manat kütləsinin sterilizasiyasını həyata keçirməsi dolların məzənnəsinin çox artmasına imkan vermir. Çünki, yuxarı məzənnə ilə daha az miqdarda dollar məhdud həcmdə manata çevrilə bilər. Tam sərbəst məzənnəyə keçiddən sonra kommersiya banklarında valyutanın alış və satışı tam bərpa olunacaq və “qara bazar”a ehtiyac qalmayacaq “Analitik qrup olaraq valyuta alqı-satqısında marjanın aradan götürüləcəyini proqnozlaşdırırıq. AMB-nin rəsmi valyuta məzənnəsinin isə hər sabahkı gün üçün sərbəst valyuta bazarında formalaşan orta məzənnə ola biləcəyi istisna edilmir”, – deyə analitiklər qeyd ediblər.

“Dolların məzənnəsinin təxminən 2,50 AZN/USD səviyyəsinə qədər artmasını, kəskin dalğalanmalardan sonra isə 2,20 AZN/USD ətrafında sabitləşəcəyini ehtimal edirik. Bu səviyyə həmçinin Azərbaycanın idxal həcminin də azalmasını təmin edəcək. Təbii ki, inflyasiya 2017-ci ildə də ikirəqəmli olacaq. İnflyasiyanın artmasının qarşısını almaq üçün sərt monetar siyasətin yürüdülməsi mümkündür. Amma bu, hazırkı iqtisadi geriləməni daha da sürətləndirə bilər”, – deyə Agentliyin ekspertləri əlavə ediblər.

“Report”un analitik qrupu valyuta bazarında mümkün dalğalanmalarla bağlı valyuta yığımı olan vətəndaşlara xəbərdarlıq edərək bildirir ki, valyuta bazarındakı proseslərdən mümkün qədər uzaq durmaq, spekulyativ əməliyyatlardan imtina etmək lazımdır.

Analitik qrup gələn il ARDNF-in büdcəyə transferlərinin 6,1 mlrd. manat və ya cari məzənnə ilə 3,5 mlrd. dollar həcminin Azərbaycanın idxal həcminə uyğun gəlmədiyini bildirir: “Belə ki, ARDNF-in dolların məzənnəsi artmasa belə valyuta hərracına çıxaracağı 3,5 mlrd. dollar Azərbaycan idxalının 2016-ci illə müqayisədə 60% azalması deməkdir ki, bu da qeyri-mümkündür. Azərbaycan ən yaxşı halda idxalını 20% azaldaraq 7 mlrd. dollara endirə bilər”. Qeyd edək ki, 2016-cı ildə də idxalın həcmi bir çox sahədə kifayət qədər azalıb. Nəzərə alaq ki, ARDNF-in III rüb hesabatına əsasən, investisiya portfelində 1,87 mlrd. dollar həcmində manat aktivləri var ki, bu rəqəm ilin yekununda daha da arta bilər və gələn ilin büdcə transferlərində istifadə oluna bilər.