Putinin xüsusi qonağı, Hitler heyranı Vaqner kimdir?

Dekabrın 9-da Kreml Ata Yurdun Qəhrəmanları Gününü böyük təmtəraqla qeyd edib.

Axar.az xəbər verir ki, 300-dən çox hərbçinin, o cümlədən Rusiya və Sovet İttfaqı qəhrəmanlarının qatıldığı ziyafətdə Prezident Vladimir Putin çıxış edib.

Sankt-Peterburq şəhərindən olan araşdırmaçı jurnalist Denis Korotkov qəhrəman qonaqların arasında haqqında çox yazdığı bir nəfəri tanıya bilib. Söhbət “Vaqner” ləqəbli Dmitri Utkindən gedir. Bu Utkin özəl hərbi müqavilə agentliyi kimi tanınanan ÇVK Vaqner firmasının rəhbəridir.

Kremlin sözçüsü Dmitri Peskov onun hansı səbəbdən mərasimə dəvət olunması ilə bağlı verilən suala “igidliyinə görə” cavabını verib.

Lakin jurnalisti Korotkov və Rusiya muzdlu hərbçilərini araşdıran başqaları Utkinin bu məclisdəki iştirakının xüsusi məna daşıdığı qənaətindədirlər.

***

Korotkov güman edir ki, Utkinin belə yüksək məclisə dəvət alması Rusiya muzdlularının xüsusilə Ukrayna və Suriyadakı məxfi fəaliyyətlərini bir daha gündəmə gətirir.

Korotkov Azadlıq radiosu-na açıqlamasında muzdlulaların Suriyadakı funksiyasının naməlum qaldığını deyib. Onun sözlərinə görə, muzdlu döyüşçülər Rusiyadakı təlim düşərgələrində xüsusi əməliyyatlara hazırlanır.

Hitlerin sevimli bəstəkarı

Jurnalist bildirib ki, Suriyadan birbaşa və ya dolayısı ilə gələn xəbərlərə görə, Vaqner qrupundan adətən seçmə piyadalar kimi istifadə edilir və onların əməliyyatları zamanı xüsusi qüvvələrin əməliyyatlarında olduğundan daha böyük qırğınlar törədilir.

Məqalədə bu məsələnin kifayət qədər qaranlıq olduğu vurğulanıb. Çünki Rusiyada muzdluların fəaliyyəti qadağandır. Lakin bütün əlamətlər göstərir ki, Rusiya özəl hərbi müqavilə firmalarından 2000-ci illərdə ABŞ-ın Əfqanıstan və İraqda istifadə etdiyi kimi istifadə edir.

***

Jurnalist Korotkov Rusiya təhlükəsizlik strukturundakı açıq mənbələrdən tanış olduğu material və müqavilələrdən Utkinin bioqrafiyasını təfərrüatlı şəkildə öyrənə bilib.

2013-cü ildək o, Rusiya hərbi kəşfiyyatı Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi qüvvələrində briqada komandiri olub. 2013-cü ildə oradan tərxis olunduqdan sonra Rusiya hərbi veteranlarının təşkil etdikləri Moran təhlükəsizlik qrupunda işə başlayıb. Bu qrup dünya boyunca təhlükəsizlik və təlim xidmətləri göstərirdi və dəniz quldurluğuna qarşı mübarizə üzrə ixtisaslaşmışdı. Sonradan bu qurum Sankt Peterburqda mənzillənmiş Slavyan Korpusu ilə əlaqələndirilib. Bu qurum isə Suriyada neft mədənlərinin və kəmərlərin mühafizəsi üçün muzdlu toplamaq məqsədilə elan vermişdi.

Bir sıra media materiallarından məlum olur ki, Utkinə “Vaqner” ayaması “Hitler ideologiyasına heyranlığına” görə verilib.

ÇVK nədir?

Korotkov bildirir ki, Vaqner ÇVK – “Çastnaya Voyennaya Kompaniya” və ya özəl hərbi şirkət barədə ilk məlumatlar 2014-cü ildə peyda olub. Bu məlumatlarda muzdlular qrupunun Şərqi Ukraynada rusiyapərəst separatçılarla çiyin-çiyinə döyüşdüyü deyilirdi.

2015-ci ilə aid məlumatlardan aydın olurdu ki, muzdlular Suriya cəbhəsinə keçiriliblər və onların səfərbərliyi Rusiyanın Suriyadakı hərbi kampaniyasından bir həftə sonra başlanıb. Ayrıca, Vaqner muzdluları bu ilin mayında Əsəd qüvvələrinə Palmiranın geri alınmasında dəstək veriblər.

Jurnalist Korotkovun təxminlərinə görə. 2014-cü ildən bəri Suriyada Vaqnerin 600 muzdlusu döyüşüb. Onlardan 60-nın həlak olması təxmin edilir.

***

Rusiya dövlət telekanalı 9 dekabr ziyafətində qonaqlar arasında təqaüdə çıxmış polkovnik Andrey Troşşevi də göstərib. Sovetlərin əfqan müharibəsinin veteranı Troşşev 2014-cü ildə təqaüdə çıxarkən Rusiya Qəhrəmanı medalı yox idi, amma Kreml ziyafətində belə bir medal onun sinəsini bəzəyirdi.

İŞİD videosundakı ölülər…

“Konflikt İntelliqens Tim” layihəsinin təhlilçisi Ruslan Leviyev ilk dəfə Vaqner muzdlularını İŞİD-in “Öldürülnüş rus əsgərləri” videosunda tanıya bilib. Bu videonu İŞİD martın 17-də Palmirada çəkmişdi. Ölənlərin arasında 51 yaşlı təqaüdçü mayor Sergey Çupov da var idi. Onun Sankt Peterburqdakı qohumları ilə söhbətlərdən bəlli olub ki, Çupov bir Vaqner muzdlusu kimi fevralın 8-də öldürülüb.

Leviyev muzdluların Rusiya Müdafiə Nazirliyi tərəfindən təchiz edildiyini və onlara nəzarətin Baş Kəşfiyyat İdarəsində olduğunu deyib. Bundan başqa, Leviyev onların təlim düşərgəsinin 10-cu briqadanın Krasnodardakı bazasına bitişik olduğunu bildirib.

Ekspertin fikrincə, Vaqner muzdlularını şərqi Ukraynada döyüşən könüllülərdən fərqləndirmək lazımdır. Muzdlular hərbi təcrübəyə malik peşəkar döyüşçülərdir. Üstəlik, bu adamlar rəsmi dövlət qulluğunda olmasaydılar, sözügedən medallarla təltif olunmazdılar.

Загрузка...