Qəzetçi həmkarımız, deputat Bəxtiyar Sadıqovun sağ əlinin baş, orta və şəhadət barmağının qabar olmasının səbəbini bilirsinizmi? Bilənlər bilir, bilməyənlər də bilsin ki, həmkarımızın qələm tutan barmaqları ölkə televiziyalarındakı biabırçılıqlardan yaza-yaza qabar olub. Bəxtiyar müəllim budu, neçə ildir yazır, amma bu sahədə vəziyyət düzəlmir.
Əvvəllər biz də yazırdıq. Hələ o vaxtlar biabırçılıqlar az idi. Amma biz yazdıqca, onlar artdı. Axırda biz çıxış yolunu tapdıq və bunu xalqa da tövsiyə etdik. Sözümüzə qulaq asanlar da oldu, höcətlik edənlər də.
Əslində, təklif etdiyimiz çıxış yolu çox asan idi. Deyirdik, Azərbaycan televiziyalarına baxmayın, biabırçılıqları görüb əsəbiləşməyin.
Onda da deyirdilər, bə nəyə baxaq. “Kitab oxuyun”. “Oxumalı kitab var ki?”. “İnternetdən yaxşı filmlərə baxın”. “Kömpüterdə baxmaq olmur”. “Heç olmasa türk seriallarına baxın”. “Eh, orda da eyzən ağlaşma-şivəndir, hamı bağırır”.
İnsafən, “ağlaşma-şivən” və “kütləvi bağırışma” haqda deyilənlər düzdür. Doğrudan da serialların hamısında göz yaşları sel olub gedir. Ekran əsərinin yaradıcıları eşidiblər ki, insanlar duyğusal kadrları sevirlər, o üzdən millətin duyğularını, türkün sözü, sümürməklə məşğuldurlar.
İntəhası, son vədələr “bağırışma” xüsusunda yeni bir trend əmələ gəlib. İndi də pıçıltı ilə danışmaq dəbə minir. Bəli, normal tonda, adi səslə danışmaq yoxdur, ya bağırışırlar, ya da pıçıldaşırlar.
Qayıdaq öz ölkəmizin telekanallarının üstünə. Axır vaxtlar efirdəki rüsvayçılıqlar barədə Youtube və digər saytlarda “növbəti biabırçılıq” rubrikasında videolu xəbər yayılanda xəbər tuturuq. Daha oturub verilişləri izləməyə, monitorinq aparmağa ehtiyac yoxdur. Biabırçılıq olan kimi həvəskar fəallar həmin epizodları verilişin videoyazısından kəsir, rusdillilər demişkən, akkuratnı şəkildə qoyurlar saytlara.
Elə axırıncı dəfə 2010-cu ilin payızında baxdığım “Lider” telekanalındakı biabırçılıqdan o saytlar vasitəsilə xəbər tutdum.
Verilişin sahiblərinin məramı, məqsədi nədir, nə etmək, nəyə nail olmaq istəyirlər, bu heç. Aydın məsələdir ki, məqsəd reytinq qazanmaq, reklam almaq, pul-para əldə etmək kimi müqəddəs işlərdir.
Bəs o verilişə qatılanların bir-birinin zibil işlərini 9 milyonun görüb-eşidə biləcəyi bir yerdən bağırmaqda məqsədləri nədir? Nəyə nail olmaq istəyirlər?
Əvvəllər bu cür söz-söhbətlər bir kənd-kəsəkdə iki nəsl arasında olardı, başqa bir kimsənin bu qovğaya qarışmasına, hətta kənarda durub tamaşa etməsinə yol verməzdilər, çalışardılar biabırçılığın səs-küyü kənara yayılmasın, rüsvayçılığın üstü hermetik şəkildə bağlansın.
Amma indi bir-birini oğraşlıqda, namussuzluqda, şərəfsizlikdə ittiham edən şəxslər studiyada oturur, biri də verilişə telefonla qatılır, ekspertlərin və çəkiliş gedən zaldakı (eləcə də ekran başındakı) tamaşaçıların gözü qarşısında dalaşır, bağırışırlar. Söyüşlər, qarğışlar, nifrin-nalə bir-birinə qarışır.
Çox maraqlıdır, bu biabırçılıqdan sonra o qalmaqalın iştirakçıları kənd içinə necə çıxırlar, rayon mərkəzinə necə gedirlər? Hamı onları bir-birinə barmaqla göstərib xısıldaşmırmı, dallarınca şəbədə qoşmurlarmı, həyatları zəhərə dönmürmü?
Yəqin ki, bunların hamısı olur. Burası Finlandiya deyil, Azərbaycandır. Bu ölkədə bir nəslin başına gələn rüsvayçılıq azı 70 il danışılır – ta ki o tamaşanın bütün aktyorları ölüb gedir. Hələ o da ağzıgöyçəklərin ağzını yummur. Məsələn, 100 il əvvəl bizim kənddə bir ağsaqqal tut ağacından tut dərərkən yıxılıb ölmüşdü, onun nəvə-nəticələrinə hələ də “bir gilə tutun güdazına gedən filankəsin nəticəsi” deyirlər.
Ona görə də gərək o cür verilişlərə qatılan insanlar da ağıllı olsunlar. Onların bir-birinə qız alıb-verməsi və bu xüsusdakı məişət dava-dalaşları ictimai-siyasi əhəmiyyət kəsb eləmir, bunun ümumxalq referendumuna çıxarılmasına ehtiyac yoxdur.
O cür verilişlərlə reytinq, reklam, pul-para qazanmaq istəyənlərə isə qoy Bəxtiyar Sadıqov qənim olsun. Onsuz da MTRŞ-dən haray yoxdur, ANS bağlanandan sonra bu qurum işsiz qalıb.