Загрузка...

Zahid Oruc erməni jurnalistin Bakıda işləməsini alqışlayır

Bakıda fəaliyyət göstərən haqqın.az saytında erməni əsilli ikinci jurnalist Süzan Caqinyan işə başlayıb. Erməni əsilli jurnalistin Bakıda işləməsi birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Modern.az-a danışan deputat Zahid Oruc bildirib ki, Süzan Caqinyanın Bakıda işləməsinə pis baxmır:
“Əgər xatırlıyırsınızsa 1 ay öncə xüsusi təkliflə çıxış etmişdim və mövqeyimizin əsasını o fikirlər təşkil edirdi ki, biz ermənilərlə savaşı təkcə səngərdə aparmırıq. Biz səngərdə dayanan erməniyə göstərdiyimiz mövqe ilə yanaşı, digər erməniyə fərqli siyasətimizi göstərməyi bacarmalıyıq. Çünki Zori Balayan, Sarkisyan, Köçəryan tribunalardan “bu iki xalq genetik düşmənlərdir və dinc yanaşı yaşamaları mümkün deyil” deyib.

Biz alternativi ortaya qoymağı bacarmalıyıq ki, bütün müharibənin dəhşətlərinə baxmayaraq. Bakıda minlərlə erməni yaşaya bilir və heç kəs onları müharibənin önünə çıxarmaq düşüncəsində olmayıb. Hətta kimsə onlardan siyasi bir qurum formalaşdırıb, onları dövlətin mənafeyinə qarşı yönəltməyib. Amma digər yandan biz Azərbaycan Konstitusiyasını tanıyan, qanunlarına hörmət edən, həmçinin Xocalını soyqrımı kimi qəbul edən, buna görə öz ölkələrinə nifrət bəsləyən erməniləri Azərbaycana cəlb etməliyik. Bu mahiyyətcə bizim ölkəmizin maraqlarına daha çox cavab verəcək. Tarixə baxsaq görərik ki, Stalin Hitlerizmin və faşizmin qarşısında böyük müharibəyə məruz olduğu bir zamanda 1942-ci ildə bəyan edirdi ki, “biz alman xalqı ilə müharibə aparmırıq”. Burada məqsəd insanlarda humanist düşüncələr oyatmaq, Sovet rejimini lənətləməməyə çağırmaqla yanaşı, bir yandan da ölkədə olan almanları öz tərəfinə çəkməyə hesablanmışdı. Sanki faşizm xalqdan ayrılırdı”.

Millət vəkili şəhid vermiş xalqımızın hər bir erməniyə qarşı qəzəbli olduğunu anlayışla qarşıladığını qeyd edib.
“Amma dünyada siyasi həyat çox mürəkkəb və ağırdır. Bu gün kimsə öz mövqeyi ilə sülh göyərçininə çevrilmək, xalqa dərdlərini unutmaq mövqeyini təlqin eləmir.
Bundan öncə bir neçə erməninin Bakıya gəlməsi, ardınca xüsusi bir platformada onların birləşməsi, həmçinin ikinci erməninin haqqın.az saytı üzərindən fəaliyyətini davam etdirməsi və oradan erməniçilik əleyhinə mövqe sərgiləməsi bizim xeyrimizədir. Burda emosional ovqat işlərimizə pis təsir edəcək. Dünyada çox sadə şəkildə soruşa bilərlər: sizə hansı erməni modeli, görkəmi, forması lazımdır?
Zamanında faşizmin Almaniyadakı tərəfdarları deyirdilər ki, “ən yaxşı yəhudi ölmüş yəhudidir”.
Biz belə düşünsək yanlış olar, elə etməliyik ki, hər hansı bir erməni elə vəziyyətdə olsun ki, bir tərəfdən Azərbaycanın mövqeyinin haqlı olduğunu deyərək tərəfdaşımıza çevrilsin, digər tərəfdən də Rusiyanın Çeçenistan siyasətinə baxmaq lazımdır. Mən iddia etmirəm ki, Azərbaycan da ermənilərin içərindən Kadırov kimi bir şəxsi tapıb Qarabağ rəhbərliyinə qədər gətirə bilər və ağır müharibənin taleyini bu vasitə ilə həll edər. Ancaq biz buna cəhd etməliyik. Bu amili kənarlaşdırmamalıyıq. Bir daha söyləyirəm ki, əsgərin səngərdəki funksiyası ilə siyasətçilərin funksiyası tamamilə ayrıdır. Bu işin məsuliyyəti çox ağırdır.

Dünən haqqın.az-da jurnalist Süzan Caqinyanın qələmindən çıxan fikirlər bizim hər hansı jurnalistin fikrindən daha kəskin, daha hədəfli səslənir. Bir çox erməni saytlarına diqqət etsək, Süzan Caqinyanın yazısının təşvişə səbəb olduğunu görərdik. Onlar yazırlar ki, Azərbaycanın bunda məqsədi Ermənistanı ifşa etmək niyyətidir və sair. Ona görə də Azərbaycanda qüvvələr elə fəaliyyət göstərməlidir ki, hər hansı bir erməni əlinə silah alıb düşmən saydığı erməniyə qarşı vuruşsun. Xəyal kimi səslənə bilər, amma siyasətin qarşısına qoyulan məqsəd bundan ibarət olmalıdır. Bunun üçün mən haqqın.az saytının bu mövqeyini normal qiymətləndirirəm və düşünürəm ki, yalançı vətənpərvərlik dövrü bitib. Soyuqqanlı, ağıllı qərar verməklə bu müharibənin üzərinə getməyi bacarmalıyıq”.